İnşaatçı peşəsinin cəfakeşi

 

Yer üzünün əşrəfi sayılan insanın yaşadığı ömür Tanrı əmanətidir. Əqidəsindən, dünyaya baxışından, seçdiyi peşəsindən asılı olmayaraq insan Ulu Tanrının verdiyi ömür payını vicdanla, şərəflə, ləyaqətlə yaşamağa borcludur. Xoşbəxt o insandır ki, özündən sonra yaxşı ad-san, iz qoyub gedir, əməli ilə sağlığında el məhəbbəti qazanır, nəsillərə örnək olası bir ömür yaşayır. Belələri həyatlarının mənasını xalqa, Vətənə xidmətdə görür, kamil bir şəxsiyyət kimi yetişirlər. Cəlal Süleyman oğlu Mənsimov da məhz  bu cür yaşamağı bacardı. Bu adın məğzində bütün ömrünü respublikamızda gedən tikinti-quruculuq işlərinə həsr edən inşaatçı-mühəndisin parlaq obrazı canlanır.

 

Cəlal Mənsimov kasıb, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Ağlı kəsəndən ailəsinin qazancının alın tərindən, halal zəhmətdən çıxdığını dərk etmişdi. Məhz buna görə də hələ erkən yaşlarında zəhmətə alışmış, ailəsinin gücünə güc qatmaq üçün kolxozda işləməyə qərar vermişdi. Yaşının az olmasına baxmayaraq, ən ağır işlərdə çalışmış, müharibədən sonrakı aclıq illərində körpə bacılarının korluq çəkməməsi üçün  balaca, zəif çiynini ən ağır yükün altına belə verməkdən çəkinməmişdi. Bununla belə o, dərslərinə də səylə hazırlaşar, çalışqanlığı ilə sinif yoldaşlarından seçilərmiş. Əsas məqsədi isə ali təhsil alıb savadlı bir kadr kimi cəmiyyətə xidmət etmək idi. Həmin illərdə müharibədən çıxmış ölkənin hər yerində geniş tikinti-quruculuq işləri gedirdi. Gənc Cəlalda da inşaatçı olmaq, bu quruculuq işlərində fəal iştirak etmək istəyi yaranmışdı. Elə bu həvəslə də paytaxta gələn Cəlal Mənsimov sənədlərini o zamankı Azərbaycan Politexnik İnstitutunun mülki-sənaye tikinti şöbəsinə təqdim edir. Qəbul imtahanlarını müvəffəqiyyətlə verən Cəlal tələbə adını qazanır. Çox keçmir ki, coşqun, qaynar tələbəlik illəri, paytaxtın gur həyatı onu ağuşuna alır. Çaqlışqanlığı, dərslərə olan böyük marağı müəllimlərin diqqətini cəlb edir, nümunəvi tələbə kimi nüfuz qazanır. Məhz bu keyfiyyətlərinə görə onu qrup nümayəndəsi, daha sonra isə fakültə komsomol təşkilatının katibi seçirlər.

Ali məktəbi nümunəvi qiymətlərlə bitirib inşaatçı-mühəndis ixtisasına yiyələnən Cəlal təyinatla doğulub boya-başa çatdığı Sabirabad rayonuna göndərilir. 24 yaşlı C.Mənsimovu Azərittifaqın 3 nömrəli tikinti-quraşdırma idarəsinə rəis təyin edirlər. Lakin səhhətində yaranmış problemlə əlaqədar Soçi şəhərinə müalicəyə getməli olur. O, müalicəsinə başlar-başlamaz təcili olaraq Sabirabad Rayon Partiya Komitəsinə çağırılması ilə bağlı teleqram alır. Teleqramda göstərilən vaxtda birinci katibin qəbuluna gələn C.Mənsimov burada respublika avtomobil nəqliyyatı naziri Tofiq Bağırovu görür. Qısa mükalimədən sonra onu rayon avtobazasına direktor təyin edir, geridə qalan, ziyanla işləyən müəssisənin dirçəldilməsi ilə bağlı konkret tapşırıqlar verirlər.

O, qısa müddətdə müəssisənin fəaliyyətində ciddi dönüş yarada bilir, sağlam, bacarıqlı bir kollektiv formalaşdırır. Bununla da, geridə qalan atobaza gəlirlə işləməyə başlayır, dövlət plan və tapşırıqları artıqlaması ilə yerinə yetirilir. Lakin bu gənc Cəlalın ürəyincə deyildi, sanki daxildən gələn səs ona “sən inşaatçı-mühəndis kimi cəmiyyətə, respublikamıza daha çox fayda verə bilərsən”-deyirdi. Beləcə, başqa işə keçməsi ilə bağlı qərarını qətiləşdirir, bu məqsədlə respublikada döymədiyi qapı, minnətçi düşmədiyi adam qalmır. Nəhayət, xeyirxah adamların yaxından köməyi ilə o, istəyinə nail olur. Onu yenicə yaradılan 3 nömrəli Sabirabad Rayonlararası Tikinti-Quraşdırma və Elektrikləşdirmə İdarəsinə rəis təyin edirlər. On ilə yaxın böyük bir müəssisəyə rəhbərlik edən Cəlal Mənsimov işi, əməli ilə həm rəhbərliyin, həm də kollektivin dərin hörmətini qazanır. Lakin sovet quruluşunun məntiqsiz bir qərarı onun vəzifəsi ilə vidalaşmasına səbəb olur.  Belə ki, inşa etdirdiyi fərdi yaşayış evinin sahəsi hökumətin müəyyənləşdirdiyi normativdən kənara çıxdığı üçün həm özünü, həm də o zaman Sabirabad Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan qardaşı Qasımı işdən çıxarırlar. Bir müddət ürəyincə olmayan, mütəxxəsis kimi özünün, potensialının nümayiş etdirilməsinə imkan verməyən işlərdə çalışmaq məcburiyyəti qarşısında qalsa da, sonradan öz ərizəsi ilə işdən çıxır.

Lakin respublika rəhbəri ümummilli lider Heydər Əliyevin Sabirabada səfəri inşaatçı-mühəndis Cəlalın həyatında ciddi dönüşə səbəb olur. Əhvalat belə olur: 1974-cü ildə Sabirabadda keçirilən rayonlararası zona müşavirəsinin gedişində 809 nömrəli Səyyar-Mexanikləşdirmə Dəstəsinin rəisi Qasım Mənsimovun yeni texnikanın istehsalata tətbiqini nümayiş etdirməsi respublika rəhbəri Heydər Əliyevin marağına səbəb olur. Q. Mənsimovun işini bəyənən ulu öndər ondan qardaşı Cəlalı soruşur. O zaman bacarıqlı mühəndislərə xüsusi diqqət və qayğı göstərən, onları irəli çəkən ümummilli lider Cəlal Mənsimovun işsiz olduğunu bildikdə rayon partiya komitəsinin birinci katibinə onu ən qısa müddətdə istədiyi idarələrdən birinə rəis təyin etməyi tapşırır. Ertəsi gün katibin qəbulunda olan C. Mənsimov öz istəyi ilə 24 nömrəli Səyyar-Mexanilkləşdirmə Dəstəsinə rəis təyin olunur. O zaman bu müəssisədə  təsərrüfatsızlıq baş alıb gedir, plan-tapşırıqlar kəsirlə yerinə yetirilirdi. Yeni rəis ilk gündən qolunu çırmalayıb böyük həvəslə işə başlayır, idarədə əmək intizamını bərpa edir, müəssisənin işini sahmana salır. Dövlətin qarşıya qoyduğu tikinti planına 214 faiz əməl edən müəssisə 1977-ci ildə Qırmızı Əmək Bayrağı Ordeninə layiq görülür. Az müddətdə şöhrəti bütün respublikaya yayılan bu müəssisənin rəhbəri Cəlal Mənsimov isə Azərbaycanın səriştəli inşaatçı-mühəndisi kimi tanınmağa başlayır. Təsadüfi deyidi ki, o vaxt “Kəndtikinti” İstehsalat Birliyinin xətti ilə Neftçala, Salyan və İmişlidə nəzərdə tutulan bütün sosial, mədəni-məişət obyektlərinin, yaşayış komplekslərinin tikintisi məhz C. Mənsimovun rəhbərlik etdiyi inşaat kollektivinə həvalə olunurdu.

1978-ci ildə Sabirabadda yaradılan 8 nömrəli Kəndtikinti Trestinə rəhbərlik də məhz ona həvalə olundu. Yüksək təşkilatçılıq qabiliyyətinə malik, tikinti kompleksinin işinə yaxından bələd olan Cəlal Mənsimov qısa müddətdə respublikamızın 14 rayonunda trestin idarələrini yaratmağa nail oldu.  Bundan əlavə, Sabirabadda  trestin 11 xidmət sahəsi təşkil olundu, bütün texnika, maşın və mexanizmlər, nəqliyyat vasitələri bu idarələrdə cəmləşdirildi. Beləliklə də, trestin şöhrəti qısa müddətdə respublikanın hüdudlarını aşaraq bütün İttifaqa yayılmağa başladı.

Ötən əsrin 70-ci illərində bütün İttifaqda olduğu kimi, Azərbaycanda da geniş quruculuq işləri aparılır, xalq təsərrüfatında, xüsusən də  inşaat kompleksinin işində böyük bir canlanma müşahidə olunurdu. Belə bir şəraitdə etimadı doğruldan 8 nömrəli Kəndtikinti Trestinin kollektivi bütün quruculuq işlərinin önündə gedir, ən vacib obyektlərin tikintisi məhz bu trestə etibar edilirdi. Yeri gəlmişkən,  trest tapşırılan işlərin öhdəsindən layiqincə gəldiyi üçün 1979-cu ildə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin keçici qırmızı bayraqları ilə təltif olunur. Sonrakı 15 ildə isə trest 4 dəfə SSRİ-nin və 6 dəfə Azərbaycan SSR-in keçici qırmızı bayraqlarını alır. Həmin dövrdə C. Mənsimov bütün bu uğurlarla yanaşı, respublikamızda gənc mütəxəssislərin, inşaatçı-mühəndislərin yetişdirilməsində də yaxından iştirak edirdi.

Onun rəhbərlik etdiyi tikinti təşkilatları tərəfindən respublikamızın ayrı-ayrı rayonlarında saysız-hesabsız sosial və mədəni-məişət obyektləri, məktəb və uşaq bağçalrı  inşa olunmuşdur.  Bundan əlavə, Bakı Dərin Dəniz Özülləri Zavodunun məişət korpusu, Dəvəçi, Xırdalan, Qobu quşçuluq kompleksləri, Qaradağ Sement Zavodu, hazırda erməni işğalında inildəyən Xocalıda tikilən çoxsaylı evlər də ömrünü qurub-yaratmağa həsr etmiş Cəlal Mənsimovun taleyinin bir parçasıdır. O, həm də  ayrı-ayrı rayonlarda 600 ailənin mənzillə təmin olunmasında bilavasitə iştirak etmişdir.  Heç şübhəsiz, C.Mənsimovun əməyi respublika rəhbərliyinin diqqətindən kənarda qalmamış, məktəb və uşaq bağçalarının tikintisi sahəsində göstərdiyi fədakar əməyə görə ona “Qabaqcıl maarif xadimi”, 1979-cu ildə isə Azərbaycanda həyata keçirilən quruculuq işlərindəki fəal iştirakına görə respublikanın Əməkdar inşaatçısı fəxri adları verilmişdir.

Cəlal Mənsimov xeyriyyəçi kimi tanınırdı. Erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza arxa, dayaq durmağı özünə mənəvi borc bilmiş, onların  rəhbərlik etdiyi trestin ayrı-ayrı inzibati binalarında yerləşdirilməsində yaxından iştirak etmiş, əlindən gələn köməyi əsirgəməmişdir. O, həm də fəal ictimaiyyətçi kimi ötən əsrin sonlarında respublikmızda cərəyan edən ictimai-siyasi proseslərdə yaxından iştirak edirdi. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilən C. Mənsimov parlamentin iclaslarında xüsusi fəallıq göstərir, bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış edirdi.

Sovet sisteminin dağılması ilə əlaqədar cəmiyyət həyatında əsaslı yeniliklər başlandı, əmlak münasibətləri büsbütün dəyişdi. Keçmiş İttifaq respublikaları arasında iqtisadi əlaqələrin qırılması ilə əlaqədar olaraq respublikamızın inşaat kompleksiböhran məngənəsinə düşdü, sifarişlər kəskin azaldı. Yeni dövrün tələbi ilə ayaqlaşa bilməyən müəssisələr öz yerini daha çevik, daha mütərəqqi təsisatlara vermək məcburiyyəti qarşısında qaldı. Belə bir şəraitdə daim qurub-yaratmaq eşqi ilə yaşayan, respublikamızın tikinti kompleksinin ağsaqqal nümayəndələrindən  sayılan Əməkdar inşaatçı Cəlal Mənsimov da boş dayana bilməzdi. Ümummilli liderimiz Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi çoxları kimi, onu da respublikamızın xoşbəxt gələcəyi naminə daha böyük əzmlə çalışmağa sövq edirdi. Məhz buna görə də o, 1992-ci ildə öz təşəbbüsü ilə “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etdi. Məqsədi  isə ömrünün qalan illərini də Azərbaycanın gələcək tərəqqisi naminə qurub-yaratmağa, ölkənin inşaat kompleksinin inkişafına həsr etmək idi. O, ömrünün son illərinədək bu sahədə yorulmadan çalışdı, çoxsaylı sifarişləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırmağa müvəffəq oldu.

...Deyirlər ki, çalışdığı vəzifələrdə xalqı və dövləti həmişə uca tutan, milli-mənəvi dəyərləri qoruyan sadə və səmimi insanların ömrü, adətən, yaşanmış illərin sayı ilə deyil, bu illərin dəyəri ilə ölçülür. Belə insanlar həyatı boyu xeyirxah əməlləri, cəmiyyət üçün gərəkli və faydalı işləri ilə seçilir, sevilirlər. Çətin və şərəfli  peşə sahibi, inşaatçı-mühəndis, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı Cəlal Mənsimov də yaşadığı illərin dəyəri və bəhrəsi ilə fəxr ediləsi insanlardandır. Bu gün 80 illik yubileyini övladları, nəvələri onsuz qeyd edirlər. Amma gözəl ailə başçısı, qayğıkeş, sadə və təvazökar insan Cəlal Mənsimov doğmalarının, ömrünün çox hissəsini onunla tikinti cəbhəsində keçirən həmkarlarının qəlbində, bir də qurub-yaratdıqlarında yaşayır.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 28 dekabr.- S.7.