Azərbaycançılıq ideologiyası

ümummilli dəyərdir

 

Hər bir xalqın vahid məram və məqsədlər ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi, ilk növbədə, milli ideologiya ilə sıx şəkildə bağlıdır. Mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən milli ideologiya qlobal səciyyə daşımaqla hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir; o cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir.

 

Hər bir insan üçün “Vətən” anlayışı onun daxili “məni” ilə tamamlanan, düşüncə və hisslərini, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışını istiqamətləndirən başlıca amil kimi qiymətləndirilir. Bu reallıq getdikcə daha aydın dərk edilir ki, milli kimliyini dərk etməyən, ümummilli özünü dərk hissindən uzaq düşən şəxs heç vaxt kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklər fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amalideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə, ilk növbədə, dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir.

XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən və beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrildikdən sonra  xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni  tarixi mərhələ başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilmiş Azərbaycan xalqı taleyinin sahibi olmuş, eyni zamanda tarixin keşməkeşli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır.

Azərbaycanlıların mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəifləməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən qanlı azərbaycanlı qırğınları belə məkrli strateji niyyətlərlə törədilmişdir. 1920-ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başlanmışdır. Ötən əsrin 30-cu illərində və İkinci Dünya müharibəsindən sonrakı mərhələnin mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətllərlə bağlı olmuş və məcburi xarakter daşımışdır. Yalnız ötən əsrin 70-80-cı illərində vətənvərpər və milli ruhlu bir liderin - ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə irəli çəkilməsi hər bir azərbaycanlıda milli özünüdərk hisslərini, soy-kökə bağlılığı gücləndirmiş, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin güclənməsinə əlverişli imkanlar yaranmışdır. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadr potensialının formalaşdırılması, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə milli ruhlu yazıçı və şairlərin repressiyalardan qorunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ənənələrin, dini dəyərlərin qorunub saxlanılması, milli bayramların dövlət səviyyəsində qeyd edilməsi və s. azərbaycançılıq ideologiyasının ictimai şüurda möhkəmlənməsinə zəmin yaratmışdır.

SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilk illərdə müxtəlif səbəblərdən, əsasən də sosial-iqtisadi, siyasi və mənəvi böhran üzündən respublikadan xarici ölkələrə gedənlər olmuşdur. Bununla əlaqədar diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edən ulu öndər ilk gündən diaspor quruculuğunu da qarşıda ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Xatırlatmaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli aparılmağa başlanmışdır.

Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasının irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış/, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı – Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi lFəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir. 2002-ci ilin dekabrında lXaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlıları birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret  məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Bütün ruhu və canı ilə özünü azərbaycanlı sayanbununla fəxr edən, ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmişpraktikada tətbiq etmişdir.

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideyafikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.

Xalqımızın əvəzsiz sərvəti olanböyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin son illərdə əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir.

Ötən 11 ildə milli maraqlara əsaslanan xarici siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən Prezident İlham Əliyev diasporlobbi quruculuğu yönümündə sistemli aparır. Dövlət başçısı ölkədəki sosial-iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Dövlət başçısının hələ 2004-cü ildə Rusiyaya reallaşan ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artmış, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılmışdır. 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayı da qonşu ölkədə azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbirlərdən biri olmuşdur. Bundan başqa, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK), 2004-cü ilin mayında Türkiyənin İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, 2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının yaradılması dövlət siyasətinin mühüm uğurları kimi diqqəti çəkir.

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü aparır. Bu baxımdan, dövlət başçısının sərəncamı əsasında 2006-cı il martın 16-da dünya Azərbaycanlılarının II qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır.

Şübhəsiz, Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin qəlblərində böyük qüruriftixar hissi doğurur. Müstəqil Azərbaycan dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma Vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, ilk növbədə, öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini yaşadaraq inkişaf etdirməsi tarixi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.

Respublikamızın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri, inkişafı Azərbaycan modelinin mahiyyətinin dünya miqyasında təbliğ olunması beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından da olduqca vacibdir. Azərbaycanın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, eləcə də balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsinə imkanlar açır. Qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident  İlham Əliyev haqlı olaraq hesab edir ki, sosial-iqtisadi sahədəki uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil respublikamızla bağlı dolğun və hərtərəfli təbliğat aparması, habelə Azərbaycana investisiya qoyuluşunu təşviq etməsi baxımından daim istinad ediləcək zəngininformasiya bankı” rolunu oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində müvafiq dövlət və qeyri-dövlət qurumları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlıların da fəal mövqe tutması son dərəcə vacibdir. Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Azərbaycan diasporunün nümayəndələri bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalı, yaşadıqları ölkələrdə Ermənistanın ifşası istiqamətində fəal aparmalıdırlar.

 2011-ci il iyunun 4-də keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayı göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. Prezident İlham Əliyev qurultaydakı dərin məzmunlu nitqində Azərbaycan diasporunun formalaşması prosesinin başa çatdığını demişdir: “Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər”.

Ümumiyyətlə, əgər 2006-cı ildə keçirilmiş II qurultayda Azərbaycanın 46 səfirliyi və konsulluğu mövcud idisə, hazırda onların sayı 70-ə çatmışdır. Bu səfirliklərin yaradılmasında məqsəd təkcə ölkənin diplomatik münasibətlərinin genişləndirilməsi deyil, eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsi və təşkilatlandırılmasıdır. Dövlət başçısı İlham Əliyev bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları və xaricdəki səfirliklərimiz qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir.

Ümumilikdə, son 23 ildə 31 dekabr tarixinin respublikada Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi xoş ənənəyə, xalqın sarsılmaz milli-mənəvi birliyinin təcəssümünə çevrilmişdir. Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının müstəqillik əldə etdiyi andan bütün dünya azərbaycanlılarına bəxş etdiyi bu bayram ümummilli əhəmiyyətə malik olmaqla, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasını möhkəmləndirir. Azərbaycanlıarın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən milli həmrəylik günü xalqda özünəinamı gücləndirir. Ürəkdən inanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müstəqil Azərbaycanın yaxın perspektivdə inkişaf etmiş ölkəyə çevrilməsi ilə nəticələnəcək, hər bir azərbaycanlı Vətənimizin uğurları ilə qürur duyacaqdır.

 

Rafael CƏBRAYILOV,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2014.- 30 dekabr.- S.9.