Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində açıq dərs keçirilmişdir

 

Suraxanı rayonundakı  Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tariximövzusunda açıq dərs keçirilmişdir.  Açıq dərsdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, aparatın  məsul işçiləri, habelə məktəb direktorları iştirak etmişlər.

Xatırladaq ki, adıçəkilən mərkəzdə ayda bir dəfə keçirilən “Heydər Əliyev və müasir Azərbaycan tarixi” açıq dərsinə dahi öndərin doğum günündə  yekun vurulacaq, ən  yaxşı dərs deyən müəllim və  fəal şagirdlər mükafatlandırılacaq.

Rayonun 7 məktəbindən 100 şagirdin iştirak etdiyi sonuncu açıq dərs dövlət himninin oxunması ilə başlanmışdır. Açıq dərsin mövzusunu elan edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xətai  metodmərkəzinin metodisti, 208 nömrəli tam orta məktəbin müəllimi Xatirə Cananova ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxdığını bildirmişdir. X. Cananova demişdir ki, hər bir Heydərsevər qürur duyur ki, bu dahi insanın - Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir.

Rayonun müxtəlif məktəblərinin müəllimlərindən Aytəkin Musayeva, Ayaz Hüzeynov,  Cəmilə Allahverdiyeva, Vüqar Ağayev, Fatimə Zülfüqarova, Sevil Məmmədsalahova, Təranə Cəbiyeva dahi rəhbərin mənalı həyatının ayrı - ayrı məqamları ilə bağlı şagirdlərə açıq dərs keçmişlər.

Açıq dərsi yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğulamışdır ki, ümummilli liderimiz ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqidemokratik dövlət quruculuğu məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu öndərdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

Açıq dərsdəki bütün mövzular xüsusi hazırlanmış fotovideo - materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Şagirdlərinin ulu öndər  haqqında hazırladıqları şeir və mahnılar da böyük maraqla dinlənilmişdir.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 6.