Nərimanov rayonunda Gənclər Günü münasibətilə toplantı keçirildi

 

Dünən  Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  2 Fevral - Gənclər Günü münasibəti ilə “Azərbaycan gəncləri - Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirildi.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öncə müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı. Qeyd olundu ki, Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı sərəncama əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.

Rayon icra hakimiyyətinin başçısı bildirdi ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Gənclərə həmişə böyük inam göstərən, onların qüvvəsinə  güvənən ulu öndər Heydər Əliyev demişdir: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti,  xalqımız gənclərə böyük ümidlə baxırıq.”

Natiq qeyd etdi ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətimizin gənclər siyasətinin cənab İlham Əliyevin rəhbərliyi ilə  daha da inkşaf etdiyini diqqətə çatdıran A. Fərzəliyev bildirdi ki, hazırda Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.

Daha sonra toplantıda çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, eləcə də Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələri tələbə-gənclər təşkilatlarının sədrləri çıxış edərək bildirdilər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və bu sahədə hüquqi baza təkmilləşdirilmişdir. Qeyd olundu ki, ölkəmizdə Gənclər Gününün təsis edilməsi ulu öndərimiz Heydər Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğının parlaq təzahürüdür. Hazrda dövlətimizin başçısı İlham Əliyev də gənclərə böyük qayğı göstərir, onların yüksək səviyyədə təhsil almaları, işlə təmin olunmaları və asudə vaxtlarının səmərəli təşkili üçün əlindən gələni edir. Gəncliyə göstərilən dövlət qayğısı sabahauğurlara hesablanan bir siyasətdir, bu, sağlamintellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Tədbirin sonunda Nərimanov Rayon İcra Hakimiyyəti adından 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir sıra gənclərə hədiyyələr verildi,  təhsildə, eləcə də  cəmiyyətdə nümunəvi davranışları ilə seçilən tələbələrə təqaüdlər təqdim olundu.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 7.