“Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” mövzusunda elmi-praktik konfrans

 

 Yanvarın 30-da Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunan “Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi- praktik konfrans keçirmişdir.  Assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolundan, Azərbaycan Milli Şurasındakı fəaliyyətindən, nəinki türk xalqları içərisində, hətta bütün Şərqdə ilk dəfə olaraq demokratik respublika qurmasından danışmışdır.

Daha sonra Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqublu çıxış edərək bildirdi ki, son günlər Azərbaycanda Rəsulzadə ilə bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlər həmçinin bir sıra xarici ölkələrdə də təşkil olunur. Sabah Moskvada da Rəsulzadə ilə bağlı tədbir keçiriləcəkdir. O cümlədən, Türkiyədə də belə bir tədbir olacaq. Bu cür tədbirlərin keçirilməsi göstərir ki, Rəsulzadəyə diqqət böyükdür.

N. Yaqublu qeyd etdi ki,  Yaponiya, Polşa, Rusiya, Türkiyə alimləri M.Ə.Rəsulzadə irsinin araşdırılması ilə bağlı tədqiqatlar aparırlar.  Hələ Türkiyədə 1922-ci ilin mayında M.Ə. Rəsulzadənin  “Azərbaycan Cümhuriyyəti” əsəri çapdan çıxmış və bu əsər şəxsən Mustafa Kamal Atatürkün böyük marağına səbəb olmuşdur. Atatürk bu əsəri oxumuş və müəyyən qeydlər aparmışdır.  Bu əsər o vaxtAtatürk mükafatı”na layiq görülmüşdür. “Yeni Qafqaziyyə” qəzetini açmaqla M.Ə. Rəsulzadənin mühacirət mətbuatının əsasını qoyduğunu bildirən N. Yaqublu bu böyük şəxsiyyətin həm də Fransada anti-sovetPrometey” təşkilatının qurulmasında müstəsna xidmətlərinin olduğunu da vurğuladı. Hazırda Ankara Milli Kitabxanasında Rəsulzadənin kitablarından ibarət fond fəaliyyət göstərir.

Daha sonra fəlsəfə elmləri doktoru Yadigar Türkel “M.Ə.Rəsulzadənin siyasi publisistikası”ndan danışaraq onun çoxsaylı yazılarının olması və bu yazıların əsas mahiyyətinin Azərbaycanın müstəqilliyi ilə bağlılığı və anti-sovet əhval-ruhiyyədə yazılması barədə məlumat verdi.  Y.Türkel gənc nəslin vətənpərvərlik ruhunda maarifləndirilməsində M.Ə.Rəsulzadənin məqalələrindən geniş istifadənin zəruriliyini qeyd etdi.

Tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “M.Ə.Rəsulzadənin milli şüurun formalaşdırılmasında rolu”adlı məruzəsində görkəmli dövlət xadiminin keçdiyi ömür yolu, gərgin siyasi fəaliyyəti barədə maraqlı məlumatlar verdi.  Onun  milli ideologiyamızın qurulmasındakı  əməyindən söhbət açdı.  AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun böyük elmi işçisi, dosent Faiq Ələkbərov “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda məruzə edərək böyük siyasi liderin AXC-nin qurulmasında və fəaliyyətində rolundan, mühacirət fəaliyyətindən söhbət açdı.

Sonda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasına göstərilən diqqətdən məmnun olduğunu bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 9.