Sabunçu rayonunda Gənclər Günü qeyd olundu

 

 Dünən  Sabunçu Rayon İcra Hakimiyyəti  Gənclər Günü münasibətilə Bakıxanov  qəsəbəsinin “Çinarlı”  şadlıq evində “Nailiyyətlər və perspektivlər” adlı  tədbir keçirdi. Tədbirdə  çıxış edən  rayon icra hakimiyyəti başçısının  müavini  Arzu Məmmədova   iştirakçıları  salamladı.

Sonra  qeyd etdi ki,  2 fevral  Gənclər Gününün, eləcə də Azərbaycanda gənclər siyasətinin banisi bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmiş ümummilli lider  Heydər Əliyevdir. Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, dəfələrlə qeyd etmişdi  ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam əqidəli  gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə  xüsusi diqqət yetirirdi. Bu  nəhəng  siyasət xadiminin  ən böyük xidmətlərindən birio idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Ümummilli  lider  Heydər Əliyev 1995-ci ildə Gənclər Forumu ilə bağlı təşəbbüs irəli sürmüş və 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirilmişdi. 1996-cı il fevralın 2-də keçirilən I Forumda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü – fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi.

Bu gün gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir və bu siyasət gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.

Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Mədəniyyətlərarası dialoqun genişlənməsinə böyük töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bütün fəaliyyəti məhz Azərbaycan mədəniyyətinin dünya tərəfindən tanıdılması aspektində gəncliyin rifahına istiqamətlənmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi   çərçivəsində  tikilən məktəblər bunun bariz nümunəsidir.  Natiq  daha  sonra  tədbir iştirakçılarına  müraciətlə dedi: – Bəli, əziz gənclər! Siz xoşbəxtsiniz! Çünki öz gəncinə, onun bir şəxs olaraq  həyatda fəal mövqe tutmasına bu qədər əhəmiyyət verən bir Vətəndə yaşayırsınız.  Bugünün gənci bayrağımızı vüqarla dalğalandıran bütün Azərbaycan idmançılarıdır. Bugünün gənci torpaqlarımızı qoruyan Azərbaycan əsgərləridir. Bugünün gənci Azərbaycan  həqiqətlərini dünyaya tanıdan Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın simasında Azərbaycan gəncləridir.

Sonra  YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva,  Bakı şəhəri üzrə Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Təşkilatının sədri Seymur Orucov,  Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev  çıxış  edərək  dövlətimizin gənclərə  göstərdiyi  qayğıdan,  Sabunçu rayonu  gənclərinin  qurub-yaratmaq əzmindən ətraflı bəhs etdilər.

Tədbirdə 8 fəal gəncə müxtəlif nominasiyalar üzrə fəxri fərman, diplom və hədiyyələrlə təltif olundu.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 9.