Binəqədi rayonunda gənclər siyasəti uğurla həyata keçirilir

 

Binəqədi rayonunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin rəhbərliyilə  uğurla icra edilən gənclər siyasətinin gənc nəslin qarşısında yeni üfüqlər açdığını diqqətə çatdırmışdır.

Natiq bu gün potensialını, istedad və bacarığını göstərmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirmişdir. Başçı bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyətilə müasir Azərbaycan gəncliyinə örnək olduğunu xüsusi vurğulamışdır. X.İsgəndərov gənclərə Prezident İlham Əliyevin rəhbərliyilə Vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulamışdır.

Daha sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Milli Məclisin deputatı Ceyhun Osmanlı ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Mərasimdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş, müxtəlif sahələrdə nailiyyətlər qazanmış beş nəfər gənc rayon icra hakimiyyəti başçısının  fəxri fərmanı ilə təltif edilmişdir. Bir nəfər gəncə isə təhsil sahəsində uğurlarına görə Böyük Britaniyanın London Meridian Kollecində ingilis dili kurslarında iştirak hüququ verilmişdir.

Tədbir xaricdə təhsil alan binəqədili tələbələrin təbrikinin videoçarxının nümayişilə davam etdirilmişdir. Bədii hissədə isə tanınmış müğənnilərin ifa etdikləri mahnılar, həmçinin rəqslər gənclərin böyük marağına səbəb olmuşdur.

Mərasimdə Milli Məslisin deputatı Madər Musayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri və ictimai-siyasi həyatda fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrin bir qrup əsgər və zabiti iştirak etmişlər.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 9.