Səbailli gənclərin bayram şənliyi

 

Xəzərin qoynundakı “Crystall-Hallda Səbail rayon gənclərinin 2 Fevral  Gənclər Gününə həsr olunmuş  bayram şənliyi keçirilmişdir. Təntənəli mərasimdə və çal-çağırda  rayonun istehsalatdaquruculuqda, elm və təhsildə, mədəniyyət  ictimai fəaliyyətdə,  biznesidman sahəsində fərqlənən  gəncləri, ictimaiyyət nümayəndələri, çoxsaylı qonaqlar iştirak etmişlər.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gəncləri və qonaqları   salamlayaraq qeyd etmişdir ki, dahi rəhbər Heydər Əliyev Azərbaycan gəncliyini hər sahədə güclü görmək istəyirdi. O bildirirdi ki, millətin yaşamasına və inkişafına təməl sayılan gənclik fiziki cəhətdən möhkəm, zehni baxımdan savadlı, mənəviyyatca safyetkin olmalı, fəliyyətində ardıcıllıq, mübarizəsində dönməzlik göstərməlidir.

Ümummilli lider müstəqil dövlətimizin gənclər siyasətini həyata keçirmək üçün  1994-cü illin iyulunda  Gənclər və İdman Nazirliyini yaratdı. Ulu öndərin bu tarixi addımı gənclərimizi qısa müddətdə bir araya topladı. 1996-cı il fevralın 2-də isə bu məramın davamı olaraq, onun himayəsi ilə ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi. Prezident Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi.

Ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu nəticələrindən söz açan başçı daha sonra bildirmişdir ki, gənclərə və uşaqlara çox böyük qayğı göstərən, onların problemlərini ardıcıl diqqətdə saxlayan Prezident İlham Əliyev də bir sıra tarixi tədbirlər həyata keçirmişdir. 2007-ci ilin “Gənclər ilielan edilməsi, “Azərbaycan gəncliyi dövlət proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  belə unudulmaz addımlardandır.

Təntənəli mərasimdə daha sonra qeyd olunmuşdur ki, Səbail rayon əhalisinin  26 faizini gənclər təşkil edir. Keçən müddətdə rayonda da gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edilmiş, sosial problemlərin həlli və hüquqların müdafiəsi üçün əlverişli şərait yaradılmışdır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramları ardıcıl həyata keçirilmiş, gənc istedadlara dövlət qayğısı artırılmışdır. Elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə uğurlar qazanmış gənclərin xidmətləri yüksək qiymətləndirilmişdir. Bütövlükdə, dövlət gənclər siyasəti yeni nəslin həyatda layiqli yer tutmasını asanlaşdırmışdır.

Digər çıxış edənlər də ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gənclərimizi bayram münasibəti ilə təbrik etmiş, onlara yeni  uğurlar arzulamışlar.

Tədbirdə ictimai-siyasi həyatda, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən, uğurları ilə rayonu şərəfləndirən gənclərə və onların daxil olduğu kollektivlərə 20 nominasiya üzrə Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Bayram şənliyi respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə davam etmişdir.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 5.