Gənclərə qayğı gələcəyə qayğıdır

 

Gənclər günü mansibəti ilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilıə keçirilən bayram tədbirini Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva açaraq bildirdi ki,  ölkə həyatında mühüm yer tutan Azərbaycan gəncliyinin bu bayramı 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunmuşdur. Ötən 16 illik bir zaman göstərdi ki, ümummilli lider bununla gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerinirolunu necə yüksək qiymətləndirmişdir.

Natiq qeyd etdi ki, gənclərlə görüşlərindəki, rəsmi dövlət tədbirlərindəki çıxışlarında istənilən dövlətin ümidlərinin gənclərlə bağlı olduğunu və məhz gənclərimizin yeni, müstəqil Azərbaycan quracağını  vurğulayan ulu öndər, bunun üçün dövlət qurumlarından yetişməkdə olan gənc nəslin təlim tərbiyəsinə və yüksək təhsil almasına xüsusi diqqət və qayğı ilə yanaşmağı tələb edirdi.

Natiq onu da vurğuladı ki, paytaxtın Xətai rayonu gənclərinin bu işlərdə fəallıq göstərmələri, gənclər hərəkatında öndə olmaları və Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləmələri bizi daha çox sevindirir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə ölkəmizi  layiqincə təmsil etdiyini bildirərək vurğuladı ki, bu gün hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın qlobollaşan dünyada mövqeyinin möhkəmlənməsi üçün yürütdüyü siyasətdə fəal iştirak edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Bu ona görə xüsusi əhəmiyyət kəsb edir ki, hazırda gənclər Azərbaycanın sosial-demoqrafik strukturundaictimai-siyasi həyatında mühüm yer tuturlar.

H.Mirələmov yekunda onu da bildirdi ki, Xətai Rayon İcra Hakimiyyətinin gənclərlə bağlı müntəzəm keçirdiyi ictimai -kütləvi tədbirlər  onların ictimai fəallığını artırmaqla yanaşı, vətənpərvərlik hissini gücləndirir, gənclər siyasətinin reallaşmasına impuls verir və onların ölkənin ictimai-siyasi həyatında öz potensiallarını reallaşdırmasına kömək edir.

Sonra məruzə ilə çıxış edən Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev  dövlət başçısının gənclərə göstərdiyi qayğıdan,  Azərbaycanda gənclərlə bağlı müxtəlif layihələrin, 2005-ci ildə qəbul olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın həyata keçirilməsindən, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, Azərbaycanın dövlətçiliyinin və  müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində gənclərin üzərinə düşən vəzifələrdən söz açdı. Qeyd olundu ki, bu vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixində imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramında öz geniş əksini tapmışdır. İdarə rəisi Xətai rayon gənclərinin 2013-cü ildə qazandığı uğurlardan da ətraflı məlumat verərək bildirdi ki, bu uğurların böyük bir hissəsi təhsilin payına düşür.

Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısı səviyyəsində böyük diqqətin nəticəsidir.

Təbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, əmək fəaliyyətlərində fərqlənən bir çox gənc mütəxəssis Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələrilə mükafatlandırıldılar.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 7.