Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiyası üçün hər cür imkan yaradılıb

 

Gənclər siyasəti dövlətimizin həyata keçirdiyi vacib strateji hədəflərə yönəlmiş siyasətin mühüm tərkib hissəsidir. Müasir Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü və uzaq gələcəyə hesablanmış gənclər siyasəti çağdaş gəncliyin inkşafını təmin edən əsas amildir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin uğurlu təşkili sayəsində müasir Azərbaycan gəncliyi dünya birliyinə uğurla inteqrasiya olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti bu günuğurla davam etdirilir. Gənclər siyasəti özünün yeni mərhələsindədir. Azərbaycan dövləti sürətli inkişafının ən uğurlu illərini yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət və qayğı göstərilməsindən ibarətdir.

2011-ci il aprelin 6 - da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq olunması ilə əlaqədar sərəncam imzalanmış, gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu yaradılmışdır. Bütün bunlarda əsas məqsəd gənclər siyasətini daha uğurlu şəkildə həyata keçirmək, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etməkdir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə yanaşı geniş spektrli xarakter daşıyır. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və mühüm milli, o cümlədən strateji məqsədlərə xidmət edən gənclər siyasəti Azərbaycan gəncliyinin qarşısına bir sıra mühüm vəzifələr qoyur. Torpaqlarımızın 20 faizinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, bu amansız təcavüz nəticəsində bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli insani cinayətlərindən biri kimi tarixə düşmüş Xocalı soyqırımı müəlliflərinin beynəlxalq aləmdə ifşası və bu soyqırıma siyasi qiymətin verilməsi işində ölkənin daxilində eyni zamanda xaricdə təhsil alan, yaşayan gənclərin iştirakı olduqca vacibdir. Gənclər bu mühüm əhəmiyyətə malik, vacib siyasi işin həyata keçirilməsində və qətiyyətli addımların atılmasında əsas hərəkətverici qüvvə kimi iştirak etmişlər. Onu da qeyd etmək lazımdır ki, gənclərimiz bu sahədə artıq öz mövqelərini qəti şəkildə bildirmiş, Ermənistan dövləti və erməni əsilli şəxslər tərəfindən yönləndirilən terror təşkilatlarının zaman - zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı barəsində dünya ictimaiyyətinə mükəmməl məlumatların çatdırılması işində mühüm irəliləyişə nail olmuşlar. Bu yöndə beynəlxalq aləmdə ən geniş şəkildə və nəzərəçarpacaq formada həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası xüsusi qeyd olunmalıdır. Bu kampaniya çərçivəsində Xocalı soyqırımı haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə  çatdırılması, bu faciənin Azərbaycan xalqına, türklərə qarşı yönəlmiş soyqırımı aktı kimi tanınması istiqamətindəki tədbirlər davamlı şəkildə həyata keçirilir. Onu da vurğulamaq lazımdır ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Bu kampaniyanın getdikcə daha geniş vüsət almasının nəticəsidir ki, bu gün bir neçə dövlətin Xocalı qətliamını azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmasına nail olunmuşdur.

Azərbaycan gəncliyinin gücü və imkanları, dövlətin uğurlu gənclər siyasəti, eyni zamanda Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında gənclərin rolu barədə Prezident İlham Əliyev öz çıxışında demişdir:"Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə çatdırılması üçün gənclər də öz rolunu oynayırlar. Xocalı soyqırımını tanıtdırmaq prosesi artıq başlamışdır. Üç ölkə Xocalı soyqırımını tanıyıb və gənclərin bu işlərdə rolu çox müsbətdir. Mən çox şadam ki, gənclərimiz ölkəmizin hərtərəfli inkişafında öz rollarını oynayırlar. Gənclər vətənpərvərdirlər, Vətənə bağlıdırlar, milli ruhda tərbiyə alırlar, gələcəkdə ölkəmizi uğurla idarə etmək üçün indidən hazırlaşmalıdırlar. Hərə öz yerində, çünki bu, daimi prosesdir".

Dövlətimizin başçısının həyata keçirdiyi gənclər siyasətinin əsas tərkib hissəsi müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli– mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılmasına yönəlmiş hər bir layihəyə dəstək verərək cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və digər vacib istiqamətlərdə inkşafına nail olmaqdan ibarətdir. Dövlətimizin uğurlu gənclər siyasətinin nəticəsidir ki, son 10 ildə gənclər təşkilatlarının sayı 51-dən 250-yə çatmışdır. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların layihələrinə ayrılmış maliyyə vəsaitləri 38 dəfəyədək artırılmışdır. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üçün 2013-cü ildə 71 gənclər təşkilatına layihələrin həyata keçirilməsi üçün 1 milyon 500 min manat məbləğində maliyyə yardımı ayrılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan və həyata vəsiqə alan “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət proqramlarının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edən addımlardandır. Son on ildə reallaşan gənclərin uğurlu vətənpərvərlik siyasətinin nəticəsidir ki, Azərbaycan dövləti Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu dəhşətli soyqırımı barədə dünya ölkələrinə həqiqətlərin çatdırılması istiqamətində güclü təbliğat kampaniyası aparılması işini uğurla həyata keçirdi.

Azərbaycan dövlətinin uzaq gələcəyə yönəlmiş milli vətənpərvərliklə bağlı siyasətinin mühüm göstəricilərindən biri kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə əsasən gənclərdən ibarət 70 mindən çox insanın iştirakı ilə baş tutan izdihamlı ümumxalq yürüşü, eyni zamanada İstanbulunTaksim” meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən yürüş-mitinqin beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olmasını göstərmək vacibdir. Hazırda da dövlətimiz tərəfindən mühüm əhəmiyyətə malik gənclər siyasətinin vətənpərvərlik istiqamətində inkişafı üçün vacib addımların atılması davam etdirilir.

Gənclərlə düzgün strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edirlər. Bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də mühüm inkişafa nail olan möhtərəm Prezidentimiz İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu islahatlar gənclərimizi yeni qələbələrə ruhlandırır.

 

Şamil SABİROĞLU,

 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri

 

Xalq qəzeti.- 2014.- 5 fevral.- S. 2.