“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumu

 

 “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumunun plenar iclası keçirilmişdir. Forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının,  Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın vergi xidməti orqanlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri və adamları iştirak etmişlər.

Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov forum iştirakçılarını salamlayaraq, qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əsaslı modernləşdirmə  prosesindən keçmişdir. Azərbaycanda sahibkarlıq subyektlərinin sayının artması, ölkənin iqtisadi baxımdan aktiv inkişaf fazasına keçməsi vergi xidmətinin fəaliyyətinin də faktiki olaraq müasir əsaslarda yenidən qurulmasını zəruri etmiş, son bir neçə il ərzində vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası qurulmuşdur. Hazırda Vergilər Nazirliyinin vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərdiyini vurğulayan nazir 2013-cü, “İnformasiyakommunikasiya  texnologiyaları ili”ndə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən bir çox layihələrin davamı olaraq, “Asan imza” layihəsinin də reallaşdırıldığını qeyd etmişdir. Bildirilmişdir ki, vergi və digər sahələrdə  xidmətlərin elektronlaşdırılması prosesinin davam etdirilməsi və bir sıra yeni xidmətlərin ölkəmizdə tətbiqi nəticəsində Dünya Bankının hazırladığı “Doing Business 2014” hesabatında “Biznesə başlama” göstəricisi  üzrə Azərbaycan ilk onluğa daxil olmuşdur. Ötən il vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarla qurulmasına başlandığını qeyd edən nazir, artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlanıldığını, bunun qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma forması olduğunu bildirmişdir.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının milli vergi sistemi üçün yeni hədəflər müəyyən etdiyini diqqətə çatdıran F.Məmmədov demişdir ki, bunun üçün vergi sistemi iqtisadiyyatın artan tələblərinə cavab verməli, yeni yaranan iqtisadi situasiyalara və bazarın tələblərinə çevik reaksiya verə bilməlidir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Gəlirlər Administrasiyasının rəhbəri  Mehmet Kilci ölkəmizin vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirmiş, əldə olunan uğurlardan məmnunluqlarını ifadə etmişlər.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Aktiv vergi siyasəti dinamik və keyfiyyətli inkişafın strateji amilidir”, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: vergi siyasəti iqtisadi inkişafın amili kimi”, Qazaxıstan Vergi Komitəsinin sədr müavini Arqın Kıpşakov “Vergi inzibatçılığında aparılan islahatlara müasir baxış”, Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə MusayevaMobil hökumətin yaradılmasına doğru: Mobil imza”, Dünya Bankının Vergi islahatları üzrə baş əlaqələndiricisi Munaver Khvaja “Risklərin idarə edilməsi”, Türkiyə Gəlirlər Administrasiyasının Qrup rəhbəri Ahmet KurtTransfert qiymətqoyma”, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev “Biznes cəmiyyəti ilə vergi orqanları arasında əməkdaşlığın perspektivləri”, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasında vergi sisteminin inkişaf perspektivləri" mövzusunda təqdimatlarla çıxış etmişlər.

Tədbirin sonunda yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Vergilər Nazirliyi yeni ideyalarainnovasiyalara açıqdır və beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoqpartnyorluq münasibətlərinin genişləndirilməsinə və buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdır. Daha sonra o yaxın perspektivdə vergi orqanları qarşısında duran konkret vəzifələrə də toxunmuşdur.

Forum çərçivəsində F.Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmiş və jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

F.Məmmədov demişdir ki, bu il ərzində Bakı, Sumqayıt, Gəncə şəhərləri, Naxçıvan Muxtar Respublikası və bir çox rayon mərkəzlərində bütün obyektlər POS-terminalla təmin olunacaqdır.  Onun sözlərinə görə, il ərzində 70-90 min POS-terminalın quraşdırılması nəzərdə tutulur.

Nazir qeyd etmişdir ki, bu gün  Azərbaycanda POS-terminalların sayı kəskin sürətdə artmışdır. Təqribən bir il ərzində Vergilər Nazirliyi ilə birgə banklar Bakı şəhəri də daxil olmaqla respublika ərazisində 30 min POS-terminal quraşdırmışdır. Nağdsız ödənişlərin artırılması dövlət başçısının gündəlik nəzarətindədir, onun tərəfindən böyük dəstək var, banklar da bu çağırışa müsbət cavab verirlər.

Nazirin sözlərinə görə, hətta hər bir bankın hansı ərazidə POS-terminalı quraşdıracağı da müəyyənləşdirilmişdir. Lakin bununla belə nazir bu məsələdə ictimaiyyətin də köməyinə ehtiyac olduğunu qeyd etmişdir. Bildirmişdir ki, ictimaiyyət çalışmalıdır ki, əmək haqqını kartlara ödənməsi barədə işlədiyi orqanla müqavilə bağlasın, digər ödənişlərini kartla həyata keçirsin. Vətəndaş aktivliyinə böyük ehtiyac var. Vətəndaşlarımız da ölkəmizdə gedən inkişafa uyğunlaşmalıdırlar.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 8 fevral.- S. 4.