Sözə, qələmə, yazıya bağlı həmkarımız

 

...Sözə, qələmə, yazıya bağlı həmkarlarımız barədə söz açan qələm sahibləri əksərən belə ifadələrə yer verirlər ki, bu peşə onun uşaqlıq arzularından biri idi. Həmin ifadəni bu sətirlərin qəhrəmanına şamil etmək qətiyyən mümkün deyil. Çünki o, peşələrin fərqinə varmaq yaşına çatanda  - Tovuzdakı Puşkin adına orta məktəbin sonuncu sinifində oxuyanda qəti qərara gəlmişdi ki, hüquqşünas olacağam.

Belə qərar qəbul etməsinə nəsillərində tanınmış hüquqşünasların olması da zəmin yaratmışdı. Hətta, əmisi Zilli müəllim  Daxili İşlər Nazirliyində rəhbər vəzifələr tutmuşdu. Atasının təkidi ilə hüquqşünaslıqdan vaz keçməli olan Zərifə həmin illər universitetin filologiya fakültəsində oxuyan bacısı Tərlanın seçimi ilə Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsinə sənəd verdi və...bununla da o, öz istəyi ilə deyil, həyatın diqtəsi ilə  getməli olduğu ilk yola çıxdı. Hətta, attestat qiymətlərinin hamısının əla olması da onun həyatın diqtəsindən bir addım kənara çıxa bilməsinə kömək etmədi.

Ancaq həyat təkcə ona diqtə etmir, həm də onun valideynlərini sevindirirdi. Zərifənin bütün imtahanları əla qiymətlərlə verdiyi semestrlərin sonunda universitetdən Tovuza – atası Bəşir  Namazovun  ünvanına təşəkkür məktubları gəlir, o da  qonşularqohumlar arasında ürəyinin “dağa döndüyünü” söyləyirdi. Evdə bacıların beşincisi olsa da, qardaşların hamısından böyük olduğuna  görə  atasına üzağlığı gətirən hələ ki, o, idi. Elə universiteti bitirəndə  təyinat bölgüsü ilə Bakıda qalması, “Yazıçı” nəşriyyatında işə düzəlməsi, görkəmli nasir Əjdər Xanbabayevin qayğısı nəticəsində korrektor, kiçik redaktor, redaktorböyük redaktor  vəzifələrində çalışması da qohum-qardaşına sevinc bəxş edən məqamlardan  idi.

“Yazıçı”da işlədiyi illərdə bu gənc nəşriyyat  işçisinin əlindən yüzlərlə kitab gəlib keçmişdi. İşlədiyi şöbənin adı onun hansı səviyyədə olan kitabların ərsəyə gəlməsində iştirak etdiyi barədə təəssürat yaradır :Klassik ədəbiyyat, folklor və çoxcildliklər” şöbəsi. Həmin dövr Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elmimizin ən görkəmli simalarından olan Məmmədağa Sultanov, Əkrəm Cəfər, Qulam Məmmədli, Rəsul Rza, Balaş Azəroğlu, Mədinə Gülgün, Nigar Rəfibəyli və onlarla digər yaradıcı ziyalılarımız tez-tez “Yazıçı”nın qonağı olur, kitabların ərsəyə gəlməsi prosesi ilə maraqlanırdılar. Gənc nasir və şairlərin əsərlərindən ibarət almanaxların hazırlanması prosesininöz gözəllikləri var idi. İstənilən müəllif və istənilən yazı ilə bağlı konklret və ədalətli mövqe ortaya qoyulmalı, hamının fikirləri dinlənilməli idi.  Yüzlərlə əsərlərin redaktəsində özünəməxsus xidmətlər göstərən Zərifə  həm bu proseslərə  tez alışdığına, həm də tapşırılan işi məsuliyyətlə yerinə yetirdiyinə görə Mətbuat, Nəşriyyat, Poliqrafiya  Kitab Ticarəti İşləri üzrə Dövlət Komitəsi rəhbərliyinin fəxri fərmanlarına və pul mükafatlarına layiq görülmüşdü.

Tale onu 1996-cı ildə indi işlədiyi kollektivə – “Xalq qəzeti” redaksiyasına gətirdi.  Amma, deyəsən, burada  Zərifənin doğma ixtisası olan jurnalistikada istədiyi kimi fəaliyyət göstərməsi üçün daha  böyük imkanlar açılmışdı. Məruz qaldığı cərrahi əməliyyatlara qədər elə bir gün olmurdu ki, azından iki tədbirdə iştirak etməsin. Sosial siyasət şöbəsinin əksər yazılarının müəllifi idi.

Bundan başqa,  onun “Yazıçı” nəşriyyatında qazandığı təcrübə “Xalq qəzeti”ndə də özünü göstərir. Belə ki, redaksiya əməkdaşlarından hansının kitabı çapa hazırlanırsa, mütləq ağsaqqallardan belə bir məsləhət eşidir: “Çapa  təqdim etməzdən əvvəl ver Zərifə də oxusun. İşin xeyirinə olar”. Verirlər, redaktor kimi oxuyur və həqiqətən işin xeyirinə olur.

Yeri gəlmişkən, onun kollektiv üzvü kimi  bir çox başqa keyfiyyətləri də vardır. Bu isə hamının xeyir-şərinə yaraması,  hansısa problemi olan həmkarımıza kömək məqsədiylə öz tanış-bilişlərinə zəng etməsi və hətta ilkin tibbi məsləhətlər verməsi kimi müsbət keyfiyyətləridir.  Mətbuatımızın veteranlarından olan Telman Heydərovun zarafatla dediyi “Zərifə redaksiyanın təcili yardımıdır” – ifadəsindəki həqiqət zarafatdan qat-qat artıqdır. Yəni bu həmkarımız harada işləməsindən, hansı kollektivdə çalışmasından asılı olmayaraq həmişə bəxti gətirib, tale ona öz istədiyi kimi yoldaşları bəxş edib. Amma çox təəssüf ki, bu fikirləri onun şəxsi həyatına şamil etmək mümkün deyil...

...Hələ ikinci kursda oxuyanda, qrup yoldaşı, ucarlı Ələkbər Hüseynovun  kiçik bir kağıza “səni sevirəm” sözlərini yazaraq Zərifənin mühazirə dəftərinin arasına qoyması onun ömrünün həm ağlı, həm də qaralı günlərinin başlanğıcı idi.  Universiteti qurtaranda hər ikisi Bakıda qalmalı oldular, 1974-cü ilin  oktyabrında ailə qurdular, “Sovetski”də darısqal otaqlarda kirayənişin qaldılar, sonra Ələkbər komsomol sistemində müxtəlif rəhbər vəzifələr tutdu, Moskvaya  ikinci ali təhsi almağa göndərildi və növbəti vəzifələr... Beləliklə,  ailələrindəki GünayGünel Bakıda, Lamiyə və Tural isə Saatlıda dünyaya gəldilər.  1989-cu ilin noyabrında Saatlı rayon komsomol komitəsinin birinci katibi olan   Ələkbər Hüseynov  Azərbaycan komsomolu Mərkəzi Komitəsinə vəzifəyə gətirildi və cəmi 33 yaşında ağır xəstəlikdən sonra dünyasını  dəyişdi. Ağrı üstünə ağrı gətirən məqam idi ki, Ələkbər Hüseynovun 40 məclisi veriləndə 20 Yanvar şəhidləri dəfn olunurdular. Yəni artıq 24 ildir ki, Zərifə Hüseynova  4 övladının həm anası, həm də atası kimi onlara qayğı göstərir.

Amma  heç kəsi darda qoymayan Ulu Tanrı ona uşaqlarını sağlam  ali təhsilli mütəxəssis kimi böyütmək imkanı verdi. Qızlarının üçü də ailə qurub, oğlu nişanlıdır. Hamısı cəmiyyətdə öz yerini tutmaq istiqamətində uğurlu addımlar atıblar. Sonuncu qızı Lamiyənin toyunda qonaq olan  tovuzlu aşığın dediyi kimi, bu uşaqların  xalqa və dövlətə lazımlı səviyyədə böyüdülməsi Zərifə Bəşirqızının hünəridir.  Bu hünərli həmkarımızı 60 yaşının tamam olması münasibətilə təbrik edir,  can sağlığı və daha çox sevincli günlər görmək arzulayırıq!

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 7.