Lerik: ötən il də uğurlarla zəngin olub

 

Ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi islahatlar dağlar diyarı Lerikin də inkişafına ciddi təsir göstərmişdir. Rayonun siması xeyli dəyişmiş, ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırovun bildirdiyinə görə, ötən il kənd təsərrüfatı, sənaye, tikinti-quraşdırma, nəqliyyat xidməti, pərakəndə əmtəə dövriyyəsi, pullu xidmətlər artımla muşayiət edilmişdir.

– Lerik aqrar rayondur, – deyə həmsöhbətimiz davam edir. – Ötən il 2795 ton taxıl (hər hektardan orta hesabla 18 sentner), 17 min 27 ton kartof (hər hektardan 135 sentner), 1697 ton meyvə (hər hektardan 40 sentner), 3 min 773 ton tərəvəz (hər hektardan 134 sentner) məhsul əldə edilmişdir. Təəssüf ki, rayonumuzda taxıl əkini ilbəil azalır. Hektarlarla məhsuldar torpaq sahəsi əkilməmiş qalır. Maşın və texnikanın bahalığı, ödəniş müddətinin az olması onlardan səmərəli istifadəyə imkan vermir.

Lerik fermerləri 7866 arı ailəsi  saxlayır və istehsal olunan yüksək keyfiyyətli bal hər il ənənəvi olaraq keçirilən respublika satış yarmarkalarında yaxşı satılır. Bu sahə üzrə müəssisəsi yaradılmasına nail olmaq lazımdır.  Kompleks tədbirlər nəticəsində qara malın, qoyun və keçilərin baş sayı da çoxalmışdır. Təsərrüfatlarda keçən il diri çəkidə 5 min 940 ton ət, 15 min 110 ton süd, 4 milyon 429 min ədəd yumurta, 228 ton yun, istehsal olunmuşdur. Təkcə “Pirasora” dövlət damazlıq qoyunçuluq təsərrüfatında 13522 baş davar bəslənir.

Broyler fabrikinin tikintisində tamamlama işləri gedir. Obyektdə 120 nəfərə yaxın adam işləyir. Müəssisənin ümumi dəyəri 18 milyon manatdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən işin başa çatdırılması üçün 6 milyon manat kredit  verilmişdir. Saatda 6 min ədəd toyuq, həftədə 132 min ədəd cücə istehsal etmək gücünə malik olan müəssisədə 6 ferma yaradılmış, daha 3 ferma tikilir.

Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Hesabat ilində rayonun ən böyük ərazilərindən olan Çayrud, Monidigah, Qosmalian, Kələxan, Mistan, Blaband və Nuravuda, ümumilikdə isə il ərində 24 kəndə mavi yanacaq verimişdir. Hazırda daha 10 kəndə qaz çəkilir.

Lerik şəhərindəki kommunal yaşayış binalarında cari təmir işləri aparılmış, 9 belə  binanın dam örtükləri yenilənmişdir. Şəhərin yaxınlığında Lerikin simvolu kimi qəbul edilmiş abidənin tikintisi başa çatdırılmış, ətrafı abadlaşdırılmışdır. Şəhərdə 300 nəfərlik “xeyir-şər” evi sakinlərin istifadəsinə verilmiş, binada müasir istilik sistemi yaradılmışdır.

Son 10 ildə rayonda neçə-neçə müasir tipli inzibati bina tikilmişdir. Ötən il statistika idarəsi üçün yeni binanın, mərkəzi xəstəxananın uşaq xəstəlikləri şöbəsi və 75 yerlik şəhər uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimləri keçirilmişdir. DSMF-nun rayon şöbəsinin inzibati binası əsalı təmir edilmişdir. Şəhər uşaq bağçasının ikinci korpusunun təmirində son tamamlama işləri aparılır.  On bir kənddə yeni məktəb binaları inşa olunmuşdur. Hazırda  dörd kənddə məktəb tikintisi davam edir, üç kənddə buna  hazırlıq görülür. Hesabat ilində bir kənd məktəbinin binası əsaslı təmir edilmişdir, daha bir məktəbin təmiri isə sona çatır. 

 Azərbaycan Prezidentinin sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolu yüksək səviyyədə tikilərək istifadəyə verilmişdir. Üç ildə Piran,  Noda, Vizəzəmin, Cəngəmiran, Günəşli və Qosmalian kəndlərinin daxili yollarına asfalt döşənmişdir.

Ölkə başçısının 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi üçün 2 milyon manat vəsait ayrılmışdır. Artıq yolun tikintinin texniki işlərinə başlanmışdır. Ümumilikdə isə rayonun yol infrastrukturunun tam bərpasına ehtiyac vardır. Elə 2006-cı ildən istismara verilən Lənkəran-Lerik yolu da, demək olar, qəza vəziyyətinə düşmüşdür. Quruculuq işləri ilə bağlı ağır tonnajlı maşınların hərəkəti bu yolun dağılmasına səbəb olmuşdur.

Rayon icra hakimiyyətinin dəstəyi və kənd sakinlərinin köməyi ilə bir sıra kəndlərarası yol təmir edilmişdir.  Dövlət Neft Şirkəti Piran-Hamarat-Tülüconu avtomobil yolunun qayaların partladılması ilə genişləndirilməsi üçün vəsait ayırmışdır. Havaların yağmurlu keçməsi burada işləri ləngitsə də, yaxın aylarda yol istifadəyə veriləcək.  Son illər sahibkarlığın inkişafına dövlət dəstəyi nəticəsində Lənkəran-Lerik yolunda çörək sexi tikilib istifadəyə verilmişdir. Hazırda həmin ərazidə süfrə suyu və şirə  sexlənin tikintisində iş davam etdirilir. Lerik şəhərində əvvəllər tədarük məntəqəsi kimi fəaliyyət göstərmiş tikililərdə yenidənqurma işləri aparılaraq plastik qapı və pəncərələrin istehsalına başlanılmışdır. Köhnə çörək zavodu da, demək olar ki, yenidən  bərpa edilir. Lerik şəhərində iş adamları tərəfindən yeni bazar da inşa edilmiş, ərazi abadlaşdırılmışdır.

Fövqəladə Hallar Nazirliyi rayonun kəndlərində qəzalı şəraiti olan 6 ailə üçün yeni evlər inşa etmişdir. Eyni vəziyyətdə olan daha 25 ailə üçün ev tikintisinə tələb olunan sənədlər hazırlansa da, bu sahədə müəyyən lənglik var. Onu da deyək ki, təbii fəlakət və yanğın hadisələri ilə bağlı zərər çəkmiş kənd sakinlərinə evlərinin bərpası ilə bağlı icra hakimiyyətinin daxili imkanları hesabına maddi yardım və tikinti materialları ilə köməklik göstərilmişdir. Bundan başqa, ƏƏSM Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlili üçün yaşayış evi inşa edilmişdir. Daha 6 nəfər Qarabağ müharibəsi əlilinə ev tikməkdən ötrü sənədlər hazırlanaraq nazirliyə təqdim olunmuşdur.

Lerik şəhərinin memarlıq ansamblına xüsusi yaraşıq verəcək 400 nəfərlik şadlıq sarayının, Heydər Əliyev meydanında inşa edilən iki mərtəbəli ictimai iaşə obyektinin tikintisində işlər davam etdirilir.

Rayonda 17 meqavatlıq elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Stansiyada hər birinin gücü 3,3 meqavat olan 5 mühərrik quraşdırılmışdır. Bütün digər zəruri işlər də görülmüşdür. Yüksək gərginlikli Lerik-Yardımlı elektrik hava xətti istismara verilmişdir.

İçməli su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülür. Şingədulan və digər 6 kəndin su probleminin həlli məqsədilə rayon icra hakimiyyətinin müraciətinə uyğun olaraq “Azərsu” ASC müvafiq layihə sənədləri hazırlamışdır və əlaqədar qurumlar tərəfindən işlər davam etdirilir. Lakin “Azərsu” ASC tərəfindən 2011-ci ildə Gürdəsər, Soru və Zenonu kəndlərində artezian quyuları qazılması üzrə işlər hələ də başa çatdırılmamışdır. Gürdəsərdə evlərə su xəttinin çəkilməsi üçün 100 min manatdan çox vəsait xərclənsə də, işlər yarımçıq qalmışdır.

Lerikdə su-kanalizasiya sistemi yaradılır. Ümumi dəyəri 30 milyon manat olan tikinti ilə əlaqədar Qosmalian-Lerik və şəhərdaxili yüksək təzyiqli su xətləri çəkilmiş, məhəllələrdə kanalizasiya sistemi quraşdırılmışdır. Bir neçə məhəllədə su anbarlarının tikintisi, yaşayış evlərinin su və kanalizasiya xətlərinə qoşulması istiqamətində müəyyən işlər həyata keçirilmişdir. Lakin nədənsə son aylarda tikinti işləri tam dayandırılmış, dağılmış küçə və meydanlar bərpa edilməmişdir.

Lənkəran-Lerik yolu boyunca, Qosmalian, Kələxan və Bilnə kəndlərində yeni turizm istirahət mərkəzləri, Lerik şəhərində, ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri, iaşə obyektləri tikilmişdir və bu sahədə müasirlədirmə davam etdirilir.

DSMF-nun rayon şöbəsində ilin əvvəlinədək 20115 ədəd sosial-sığorta kartı sifariş edilmişdir. Hesabat ilində büdcədən sosial sığorta haqqının yığımı 2 milyon 669 min manat və ya 92 faiz, qeyri büdcədən isə 222 min manat və ya 98 faiz olmuşdur. Şöbə tərəfindən 9967 nəfər əmək pensiyaçısına təqaüd ödənilir. Bütün növ ödənişlər bankomat vasitəsi aparılır. Lakin rayonun ən iri ərazisi olan Çayrud, Qosmalian və Piran ərazilərində də bankomatlara ehtiyac var.

Rayonda sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti getdikcə genişlənir, istehlak tələbatının ödənilməsində onlar əsas rol oynayırlar. 2013-cü ildə rayon əhalisinə 68 milyon 597 min manatlıq, əvvəlki ilə nisbətən xeyli çox istehlak malları satılmış və pullu xidmət göstərilmişdir.   Lerikdə bütün ATS-lər elektronlaşdırılmışdır. Rabitənin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bütün ATS-lərin birləşdirici xətləri optik kabellərlə əvəzlənmiş, bununla da kəndlərə sürətli internet verilməsi təmin edilmişdir. Lakin bəzi kəndlərdə telefonun olmaması bu inkişafla bir araya sığmır.

Qışla əlaqədar qayğılar da var. Rayon üzrə istehlak olunan enerjiyə görə 81 faiz həcmində yığım həyata keçirilmişdir. Ərazilərdə sıradan çıxmış bir neçə transformator yeniləri ilə əvəzlənmiş və ya təmir edilmiş, 10 və 04 kv-luq elektrik hava xətlərində təmir-bərpa işləri aparılmışdır. Lakin problemlər də qalır. Bir sıra kənddə havaların dəyişməsi, qar və yağışın yağması, külək əsməsi səbəbindən enerji fasilələrlə verilir, xətlərin bərpası vaxtında həyata keçirilmir.

İl ərzində 1060 şagird yerlik 13 məktəb inşa edilmiş, bir məktəb əsaslı təmir edilmişdir. 4 məktəbin tikintisində və bir məktəbin əsaslı təmirində işlər davam etdirilir. Məktəblərə 495 ədəd kompyuter, 12 ədəd proyektor və noutbuk, 34 ədəd televizor verilmişdir. Lerik şəhərindəki 1,2,3 saylı, internat tam orta məktəblərinin və təhsil şöbəsinin internet şəbəkəsinə qoşulması təmin olunmuşdur. Lakin bu sahədəki uğurlarla yanaşı, bir sıra nöqsan  çatışmazlıq hələ də qalmaqdadır. Məktəblərdə dərsə davamiyyətin aşağı olması, əsasən yuxarı sinif şagirdlərinin dərs buraxmaları, qızların məktəbə göndərilməməsi ciddi narahatlıq doğurur.

Rayon Mərkəzi Xəstəxanasının illik büdcəsi hesabına 7 kənd həkim məntəqəsində, 2 kənd xəstəxanasında cari, 2 xəstəxanada isə əsaslı təmir aparılmış, müxtəlif tibbi avadanlıq alınmışdır. Sanitar-epidemioloji vəziyyət sabitdir. Amma səhiyyə sahəsində də bəzi problemlər qalır. Ali təhsilli həkimlərə tələbat aktualdır. Rayonda fəaliyyət göstərən tibb müəssisələrinin əksəriyyəti uyğunlaşdırılmış və ya qəza  vəziyyətində olan binalarda yerləşir.

Rayon mədəniyyət və turizm şöbəsində fəaliyyət göstərən “Rəfti-Uzunömürlülər” və “Bahar”,  Mondigah kənd mədəniyyət evinin “Lakto”, Nodanın “Çiçək”, Çayrudun “Cəngəsər”, Vizəzəminin “Əvəsor”, Vistənin “Zizə” və  Cəngəmiranın “Ənzəli”  foloklor qrupları çıxışları ilə əhalinin rəğbətini qazanmışdır. Mərkəzləşdirilmiş kitabxana sisteminin rayon üzrə kitab fondu 298 min nüsxədir. Bununla bərabər, mədəniyyət müəssisələrinin də yerləşdiyi binaların əksəriyyəti yararsızdır.

Keçən il rayon icra hakimiyyəti başçısı yanında şuranın 24 iclası keçirilmiş, iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli 40 məsələ müzakirə edilmişdir. Bütün inzibati ərazi dairələrində icra hakimiyyəti başçısının görüşləri olmuşdur. Səyyar qəbullarda 4092 nəfər vətəndaş iştirak etmişdir. 486 nəfər vətəndaş qəbul edilmiş və onların müraciətlərinə baxılmışdır.

İl ərzində rayon icra hakimiyyətinə 1438, əvvəlki ilə nisbətən 22 çox yazılı müraciət daxil olmuş, 1218 vətəndaş icra başçısının qəbulunda qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 621, Milli Məclisdən 40, Nazirlər Kabinetindən 50, digər mərkəzi qurumlardan 311, rayon ərazisindən 416 müraciət daxil olmuşdur. Rayonun dövlət qulluqçuları və vəzifəli şəxsləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların yazılı və şifahi müraciətlərinə diqqətlə yanaşmışlar. Cənab Prezidentin tapşırığına əsasən, əhalini narahat edən məsələlər həssaslıqla araşdırılmış, verilmiş təkliflər və gələcəkdə rayonun iqtisadi inkişafına təkan verəcək digər zəruri problemlər ümumiləşdirilərək 60 maddədən ibarət layihə halında Dövlət Proqramına (2014-2018-ci illər) daxil edilməkdən ötrü İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir. Verilən təkliflər əsasən qəbul olunmuşdur.

İnam var ki,  qarşıdakı illərdə də Prezident İlham Əliyevin Lerikə xüsusi diqqəti, həmçinin yeni qəbul ediləcək Dövlət Proqramı rayonun inkişafında yeni bir tarixin yaranmasına vəsilə olacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 6.