Nərimanov rayonunda ötən ilin yekunları müzakirə olunmuşdur

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında 2013-ci ildə  rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyaraq ulu öndərin parlaq xatirəsini ehtiramla yad etdilər.

Rayonun sənaye, təhsil, səhiyyə və mədəniyyət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, ictimai birliklərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açdı. Tədbirdə geniş hesabat məruzəsi ilə çıxış edən natiq cari ilin yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli geniş nitqinin bəzi məqamlarına toxundu. Qeyd olundu ki, ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vuran Prezident İlham Əliyev 2014-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq onların həlli ilə bağlı dəyərli tapşırıq və göstərişlər vermişdir. A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini Nərimanov rayonunun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2013-cü ildə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəltdi. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünübu tədbirlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırdı. Məruzəçi bildirdi ki, ötən il Nərimanov rayonunda iqtisadiyyatın əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, bu sahədə 1 milyard 951,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. İl ərzində rayonun sənaye kompleksində işləyənlərin sayının 565 nəfər artaraq 9972 nəfərə çatdığını vurğulayan natiq yeni müəssisələrin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin bərpası nəticəsində 2911 daimi yerinin açılmasını bildirdi. İcra hakimiyyətinin başçısı qeyd etdi ki, hesabat ilində rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 539,3 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki illə müqayisədə 54,3 faiz çoxdur. Rayonun tikinti təşkilatları il ərzində öz gücləri hesabına 943,1 milyon manatlıq görmüş, bu sahədə çalışan işçilərin sayı 2097 nəfər artaraq 13943 nəfərə çatmış, onların orta aylıq əmək haqları 502,2 manat təşkil etmişdir.

Məruzəçi, həmçinin bildirdi ki, ötən il əhalinin həyat səviyyəsini xarakterizə edən pullu xidmətlərin həcmi 286,2 milyon manata çatmış, ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 945,3 milyon manat, əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi isə 78,8 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 9,4 faiz və 41,1 faiz çoxdur. Hesabat ilində əhaliyə 84,6 milyon manatlıq nəqliyyat və 312,6 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Bu isə 2012-ci illə müqayisədə 40 faiz və 17,5 dəfə artım deməkdir. Natiq, həmçinin dövlət başçısı tərəfindən İKT ili elan olunmuş 2013-cü ildə rabitə sahəsində qazanılmış digər nailiyyətlərdən bəhs etdi.

Qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyev 2013-cü ildə 6 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə  inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuşdur. “Bakıelektrikşəbəkə” ASC-nin Nərimanov rayonundakı  110/35/6 kilovoltluq yarımstansiyasının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimləri, eləcə də Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanışlıq, həmçinin “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa edilən beş tunelin,  “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının təntənəli açılış mərasimlərində iştirak etməsi Nərimanov rayonuna göstərilən qayğı və diqqətin məntiqi nəticəsidir.

A.Fərzəliyev il ərzində rayonda həyata keçirilmiş genişmiqyaslı abadlıq-quruculuq tədbirlərindən, rayonun xidmət təşkilatları tərəfindən görülmüş işlərdən, eləcə də təhsil, səhiyyə və mədəniyyət sahələrində qazanılmış çoxsaylı uğurlardan geniş bəhs etdi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlardan söhbət açdı.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək 2013-cü il yanvarın 15-dən rəhbərlik etdiyi qurumun tabeliyində olan və Nərimanov rayonunda yerləşən 1 nömrəli “ASAN xidmət” mərkəzinin vətəndaşların istifadəsinə verildiyini, eyni zamanda, “ASAN xidmət”in şəffaflığın artırılması, vətəndaşlarla dövlət orqanları arasında bürokratik əngəllərin aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılmasına nəzarət və qiymətləndirmənin aparılması, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətini xüsusi vurğuladı.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rasim Musabəyov vaxtaşırı seçiciləri qarşısında hesabat verdiyini qeyd edərək 2013-cü ildə Nərimanov rayonunda görülmüş işləri yüksək qiymətləndirdi. Bütün bu işlərin artan templə davam etdiriləcəyinə, Nərimanov rayonunun ölkəmizin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirdi. Hesabat məruzəsi ətrafında çıxış edən digər natiqlər  təmsil etdikləri sahələrin hesabat ili ərzində gördükləri işlər barədə məlumat verdilər.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında ölkənin sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verdi, Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.

İclasın sonunda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə və xidmət sahələrində fərqlənən şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 6.