Təhsilin inkişafı dövlətin əsas prioritetlərindəndir

 

Bu, bir həqiqətdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın aşkar gerçəklərini təşkil edir.

Azərbaycan Respublikasının qarşısında duran strateji vəzifələrdən biri sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Elm və təhsil bu gün təkcə cəmiyyətin mədəni inkişafına, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşmasına xidmət etmir, həm də qədim dövrlərdən bəri mənfi ənənələrin qarşısının alınmasına, ictimai şüurun yüksəlməsinə şərait yaradır. Elm-təhsilin səviyyəsi yüksək olan ölkələrdə əhalinin maddi rifah halı da yüksəkdir. Bu sahənin cəmiyyətin yüksəliş ənənələrinə təsirinə gəlincə isə, xüsusən dünyanın qabaqcıl ölkələrinin iqtisadi sıçrayışlarının əsaslarının tədqiqi zamanı yüksəlişin səbəbləri sırasında elmi innovasiyaların tətbiqinin ön sırada dayanması faktı çoxdan öz təsdiqini tapmışdır. Elmi innovasiyaların ölkəyə gətirdiyi gəliri digər heç bir sahə gətirə bilməz. Azərbaycanda elmin və təhsilin inkişafına dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin getdikcə artırılması bu sahənin yüksəlişini şərtləndirən əsas amillərdəndir.

Təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Cəmiyyətin hər bir üzvü təhsil sisteminin içində yetişir. Təhsili zəif olan ölkənin elmi də zəif olur. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artırmaq, təhsilin həlli vacib olan bir sıra məsələlərini dövlət və cəmiyyət həyatının bir nömrəli prioritetinə çevirir.

Ulu öndərin irəli sürdüyü strateji inkişaf  kursuna uyğun olaraq xüsusilə, son on ildə Azərbaycan təhsili böyük inkişaf yolu keçmişdir. Bu sahədə müasir dövrün tələblərinə uyğun əsaslı islahatlar aparılmışdır. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında demişdir: Son 10 ildə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrasturktur layihələr həyata keçirilmiş, yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir”.

Azərbaycan tarixinin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq doğurmamışdır. Bu marağı şərtləndirən əsas amillər isə Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqəti, təhsilin inkişafı üzrə irəli sürdüyü vəzifələrin bütöv ölkə boyu icrası və Azərbaycanda genişmiqyaslı təhsil quruculuğu işlərinin aparılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və 50 ildən, 100 ildən sonra tükənə bilər, ölkə iqtisadiyyatı tükənməz sərvət olan elm və təhsil üzərində qurulmalıdır. Bu baxımdan, dünya elm və təhsilində inteqrasiya məqsədlərini əsas götürən dövlət proqramları qəbul edilmiş, bu məqsədlərə doğru addımlar ardıcıl xarakter almışdır.

Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 18 nömrəli məktəbin binasının yenidənqurmadan sonra açılışı zamanı ölkədə təhsilin inkişafının əhəmiyyətindən danışarkən demişdir: “Müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir ki, Azərbaycan cəmiyyəti üçün gözəl, yeni, peşəkar, bilikli kadrlar yetişsin. Uşaqlarımız bilikli, savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın və hər bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir. İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir. Çünki müasir texnologiyalar elə inkişaf edibdir ki, bəlkə də on il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi.

Bizinkişaf yolunu seçmişik. Biz bütün sahələrdə inkişafdayıq, o cümlədən texnologiyalar sahəsində də inkişafda olmalıyıq. Cəmiyyətin gücünü müəyyən edən insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır... Ona görə, yaxşı bilik almaq ilk növbədə sizin üçün lazımdır, eyni zamanda, xalq üçün, dövlət üçün lazımdır. Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər. Gələcəkdə ölkəmizin inkişafı sizdən asılı olacaqdır. Ona görə ilk növbədə bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaqbunlar ölkəmizi qabağa aparacaqdır.”

Ölkə Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da bu sahədə qəbul edilmiş tarixi qərarlardan biridir. Belə mühüm bir dövlət sənədinin qəbulu ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyətinə və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir.

Sənəddə göstərilir ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmişmövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

Azərbaycan Respulikasının inkişaf  konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqlarının verilməsi məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturununinsan resurslarının inkişaf etdirilməsi bu mühüm dövlət sənədinin əsas niyyəti kimi elan edilmişdir.

Strategiya müasir dövrdə ölkənin təhsil sistemi qarşısında duran vəzifələri son dərəcə dəqiqliklə, qlobal çağırışlara uyğun bir tərzdə müəyyənləşdirir. Milli iqtisadiyyatımızın inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, insan kapitalının qlobal sistemə uğurlu inteqrasiyasiyası bu vəzifələr sırasında öz əksini tapır.

Sənəddə milli təhsilimizin inkişafı ilə bağlı beş strateji istiqamət müəyyən edilmişdir. Birinci istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunun yaradılması ilə bağlıdır. Təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafına, cəmiyyət üçün tələb olunan səriştəli kadr hazırlığının təmin olunmasına, cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya biləcək vətəndaşların yetişdirilməsinə bu gün həqiqətən çox böyük ehtiyac vardır.

Təhsil strategiyasının nəzərdə tutduğu ikinci istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Doğrudan da, bu gün innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin etməyə qabil səriştəli təhsilverəni formalaşdırmadan, onların peşəkarlıq səviyyəsinin daim yüksəlməsinə imkan verən yeni sistem yaratmadan təhsil sahəsində arzuedilən nəticələrə gəlib çıxmaq bir qədər çətin görünür.

Sənəddə öz əksini tapmış üçüncü strateji istiqamət isə təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır.

Dövlət strategiyasının dördüncü istiqaməti müasir tələblərə uyğunömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasından ibarətdir ki, bu istiqamət üzrə nəzərdə tutulan vəzifələrin icrası da müasir dövrdə çox mühüm əhəmiyyət daşıyır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturunun yaradılması, distant təhsil, peşə-ixtisas və təhsil müəssisələri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təlimatlı peşə tədris məktəblərinin və komplekslərinin yaradılması, təhsillə bağlı mediainternet resurslarının inkişafının təmin edilməsi qlobal çağırışdır və bu çağırışa laqeyd qalmaq olmaz.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyədə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. İstənilən sahənin uğuru dayanıqlı maliyyə mənbəyindən asılıdır. Bu baxımdan, strategiyada da nəzərdə tutulduğu kimi, müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi vacibdir.

Strategiyadan irəli gələn vəzifələri həyata keçirmək üçün daha keyfiyyətli pedoqoji kadrlara ehtiyac vardır. Bu sahədə son vaxtlarda dövlətin qayğısı sayəsində məqsədyönlü işlər aparılır.

Lakin bəzi təhsil müəssisələrinin rəhbərləri işlərini müasir dövrün tələblərinə uyğun qura bilmədiklərinə, cinayət tərkibli əməllərinə, təşkilatçılıq qabiliyyətinin zəif olduğuna, kollektivi idarə edə bilmədiklərinə görə və s. tutduqları vəzifələrdən haqlı olaraq uzaqlaşdırılırlar. Vəzifədən kənarlaşdırıldıqdan sonra isə başlayırlar Azərbaycan ziyalısına və aliminə xas olmayan şərə və böhtana. Yaxşı deyiblər: Yalan ayaq tutar, lakin yeriməz.

Məni təhsil nazirinin əmri ilə 2012-ci il noyabr ayında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına direktor göndərərkən AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı necə işləməyimi tapşırarkən qeyd etdi ki, ilk növbədə əmək intizamını möhkəmlətmək, tədrisin keyfiyyətini yüksəltmək imtahanlarda şəffaflığı tam təmin etmək, imkan daxilində madditexniki bazanı yaxşılaşdırmaq, filialın əməkdaşlarının sosial durumlarına qayğını artırmaq və s. lazımdır. İşə başlayan gündən həmin tövsiyələrə əməl etmişik. Nəticə isə göz qabağındadır.

Bəzi filial direktorları tutduqları vəzifədən uzaqlaşdırıldıqdan sonra başladılar sosial şəbəkələrdə əsl ziyalı, kübar, gözəl təşkilatçılıq qabiliyyəti olan Aqiyə xanım haqqında şər, böhtanla dolu məlumatlar yerləşdirməyə. Axı belə olmaz. Dəfələrlə şahidi olmuşam ki, institutun elmi şuralarında rektor həmin şəxslərə iradlarını bildirmiş və tənbeh etmişdir. Onlar isə nəticə çıxarmamış və nəticədə vəzifədən kənarlaşdırılmışlar.

Hər birimiz tutduğumuz vəzifədən asılı olmayaraq Vətənə, dövlətə, dövlətçiliyə, elmimizin və təhsilimizin inkişafına xidmət etməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Axı Azərbaycan hamımızın Vətənidir.

 

 Əli ALLAHVERDİYEV,

 

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 7.