Ziya Yusifzadə – 85

 

Dövlətçiliyimizin və milli təhlükəsizliyimizin keşiyində sədaqətli xidmət nümunəsi

 

Bu günlərdə xalqımız görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi  sistemininin sabiq rəhbərlərindən biri, Milli Təhlükəsizlik Nazırliyinin Heydər Əliyev adına Akademiyanın rəisi, general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadənin anadan olmasının 85 illiyini qədirbilənliklə qeyd edir.

Yubilyarın uzun və mənalı ömrünün 70 ili xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Onun Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət  yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti  ilə zirvəyə doğru irəliləyən  Ziya Məmmədiyyə oğlu zəngin və məzmunlu bir ömür yaşamışdır. O, 85 yaşın zirvəsinə yüksək amallarla yaşayan müdrik insan, yetkin vətəndaş, tanınmış dövlət adamı kimi gəlib çatmışdır. Onun qısa bioqrafiyası belə həyatını doğulduğu torpağın mənafeyi ilə ortaqlaşdırmış bir şoydaşımızın xidməti  yüksəlişinin hüdudlarını,  şəxsiyyətinin ictimai dəyərini aydın və dolğun əks etdirir.

Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olmuşdur.  Orta təhsili  1946-cı ildə Zaqatala şəhərində  qızıl medalla başa vurmuşdur. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirmişdir.

1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışmışdır.

1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi,  1973-cü ildə komitə sədrinin müavini,  1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olmuşdur.

1977-ci ildə general-mayor, 1984-cü ildə isə  general-leytenant hərbi rütbəsi almışdır.

1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir.

1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılandan  bu xüsusi ali məktəbin rəisidir.

Sovet dövründə Bakı Sovetinin və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur. SSRİ DTK-nın və Azərbaycan Respublikası Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı adlarını almışdır. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin  “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülmüşdür. 4 xarici dil bilir. Bir sıra xarici ölkələrdə xidməti səfərlərdə olmuşdur.

İndi isə “uzun ömür marafonu”nun bu yığcam marşrutunun ara məsafələrindəki taleyüklü və diqqətçəkən məqamlara nəzər salaq.

Ziyalı ailəsində dünyaya göz açan Ziya Yusifzadənin dünyagörüşünün özülü milli-mənəvi dəyərlərə sevgi, zəhmətə və halallığa bağlılıq mühitində qoyulmuşdur. Anası Sitarə xanımın balasını milli ruhda, atası Məmmədiyyə müəllimin oğlunu bilikli-əxlaqlı böyütmək arzuları balaca Ziyanın təlim-tərbiyəsini ciddi bir axara salıb. Müharibənin başlaması ailənin dinc günlərinə son qoyub. Atasının cəbhəyə getməsi ilə ailənin ağır qayğıları yeniyetmə Ziyanın zəif çiyinlərinə düşüb, bu yükü qeyrətlə çəkib. Gecə məktəbində dərs deyib, rayon qəzetində məsul katib işləyib, yerli radionun verilişlərini hazırlayıb. Bütün bunlar onu müstəqil həyata vaxtından əvvəl gətirib, gələcək fəaliyyət sahələrində çətinlikləri asanlıqla dəf etməsində gərəkli olub.

Ailədən uzaqda, Moskva kimi böyük bir şəhərdə ali təhsil alması isə gənc  Ziyanı daha da mətinləşdirib, məsul işlərə hazırlayıb. Elə buna görə də gənc mütəxəssis Maarif Nazirliyi və Nazirlər Soveti kimi yüksək  hökümət  idarələrində işə etimadla qəbul olunub, çətin vəzifələrin öhdəsindən bacarıqla gəlib.

27 yaşında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində xidməti işə qəbul edilən Ziya Yusifzadə o dövrdə azərbaycanlı gənclərə o qədər də meydan verilməyən bu sahədə yerli kadrların tələb olunduğundan da yüksək bilik və bacarıq sahibi olduğunu sübuta yetirməklə, sonrakı illərdə ulu öndər Heydər Əliyevin DTK estafetini davam etdirib. Onun taleyində Heydər Əliyevin rəhbərliyi altında işləmək həlledici rol oynayıb. Heydər Əliyev yeni sahədə ilk gündən Ziya Yüsifzadənin idealına çevrilib. Azərbaycanın  gələcək liderinin DTK sistemində öz soydaşlarına hərtərəfli himayədarlığından qədərincə yararlanmaqla o, xidməti uğurlarını durmadan artırıb, böyük silahdaşının rəğbət və etimadını qazanıb.

Bu sadiq varisliyin nəticəsi idi ki, xalqımızın böyük oğlu respublika rəhbərliyinə keçəndən sonra onun DTK-da tutduğu yüksək vəzifələrə irəli çəkilmək məhz Ziya Yusifzadəyə nəsib olub. Xalqımızın taleyində ciddi rolu olan bu qurumda ulu öndər illər boyu müstəsna bir məharət və uzaqgörənliklə yaratdığı müsbət dəyişiklikləri qoruyub davam etdirməyi öz bacarıqlı və sadiq yetirməsi Ziya Yusifzadəyə etibar edib. 85 yaşlı dövlət təhlükəsizliyi general-leytenantı aradan on illər keçəndən sonra öz ulu müəllimi və böyük himayədarının həmin missiyasını belə səciyyələndirir: “Ömrü boyu qəlbində milli dövlətçilik ideyaları bəsləyən Heydər Əliyev DTK-da çalışan milli kadrların qarşısına xalqımızı kənar məkr və qəsdlərdən qorumaq, ittifaq dövləti daxilində milli inkişafımıza əlverişli şərait yaratmaq  və milli əmin-amanlığı təmin etmək kimi zəruri bir vəzifə qoymuşdu. İttifaq DTK-sının sərt nəzarəti altında işləyən bir qurumda milli kadrların bu missiyanı yerinə yetirməsi nə qədər çətin olsa da, Heydər Əliyevin buna nail olmağa zəkası, iradəsi və qüdrəti çatırdı.”

Təəssüf ki, M. Qorbaçov güruhu xalqımızın böyük oğlunu və misilsiz himayədarını ali idarəçilik səhnəsindən uzaqlaşdırandan sonra  respublika rəhbərliyi, eləcə də yerli DTK  yenidən xalqımıza qarşı qəsd və xəyanətlərdə alətə çevrilib. Bu prosesdə iştirak etmək istəməyən, ulu öndərə sadiq rəhbər kadrların sırasında Ziya Yusifzadə də DTK sədrliyindən uzaqlaşdırılıb.  Ümumilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qaytarılıb dövlət müstəqilliyimizi məhv olmaqdan xilas edəndən sonra müstəqilliyimizin memarı ilkin zəruri tədbirlər sırasında güclü dövlət təhlükəsizliyi sistemini də formalaşdırdı.  Sahə üçün zəruri milli kadrlar hazırlanmasını həyata keçirmək işini isə ulu öndər təhlükəsizlik sisteminin ən təcrübəli mütəxəssisi, onun ideya və əməllərinə həmişə sadiq qalmış kadr kimi Ziya Yusifzadəyə etibar edib.

Bu günlərdə yubilyarla görüşüb müsahib olduq. Özü barədə qısa məlumatdan sonra söhbəti ulu öndərin misilsiztarixi xidmətlərinə yönəltdi. Ziya müəllimə ilk sualımız belə oldu:

– Ulu öndəri yaxından tanıyan və sevən, həm də onun silahdaşı olmuş bir insan kimi son illərdə mətbuatda dərc etdirdiyiniz silsilə yazılar böyük maraqla qarşılanıb. Siz Heydər Əliyev fenomeninin hansı cəhətlərini cağdaş nəsillərin diqqətinə çatdırmağı zəruri bilirsiniz?

– Ümummilli lider Heydər Əliyev barədə söhbətə onun öz sözləri ilə başlamaq istəyirəm: “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Azərbaycana məhəbbət, xalqıma məhəbbət və bağlılıq mənim qanımdadır, beynimdədir, varlığımdadır.”

Azərbaycan tarixində dövlətçiliyimizin xilaskarı kimi əbədi qalan, bütün dünyada görkəmli siyasi və dövlət xadimi kimi tanınan Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyatdır, öyrənilməli və öyrədilməlidir.

Müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevi ümummilli lider səviyyəsinə qaldıran əsas cəhət və amil, düşünürəm ki, onun faktiki olaraq ölçüyəgəlməz xarizması idi. Qısa nəzəri təhlil aparsaq görərik ki, siyasi liderə, böyük dövlətçiyə xas olan bütün nadir keyfiyyətlər Heydər Əliyevdə bəs deyincə vardı və məhz bu keyfiyyətlər onu siyasətimizin patriarxı səviyyəsinə ucaltmışdı.

Heydər Əliyev dühası Allah vergisi olan fitri istedadla, nəhəng intellektual potensialla yanaşı, həm də ölçüyəgəlməz iş qabiliyyətinin, sonsuz öyrənmək istəyinin və böyük Vətən sevgisinin nəticəsidir!

Taleyin qismətilə bu dahi insanın rəhbərliyi altında uzun müddət işləmək, ona xas olan nadir şəxsi və insani keyfiyyətləri yaxından müşahidə etmək mənə nəsib olub. Ailə tərbiyəsinin və həyat məktəbinin nəticəsi olan düzlük və təmizlik onun xarakterində idi, sadəlik və səmimiyyətlə səciyyələnən yüksək mədəniyyət sahibi idi. Mərd olduğu qədər də mübarizdi, fikirlərində və prinsiplərində dönməzdi, ardıcıldı. Səbrlə qulaq asmağı və dinləməyi, sözü harada və necə deməyi fitrətən bacarırdı. O, daim çalışırdı, öz üzərində işləyirdi, dünya təcrübəsini öyrənirdi. Dövlət idarəçiliyi ilə birbaşa bağlı olan siyasəti, iqtisadiyyatı, kadrların seçilməsi və yerləşdirilməsi prosesini yaxşı bildiyi kimi, fəlsəfəni, tarixi, mədəniyyət sahəsini də gözəl bilirdi.

Heydər Əliyev dühasının sirri bütün bu keyfiyyətlərin bir şəxsiyyətdə cəm halında olmasında idi. Onda qeyri-adi bir uzaqgörənlik, dərin hissiyyat vardı. Hadisələri hiss etdiyi kımi, insanları də hiss edirdi. İnsan psixologiyasını dərindən bilirdi, hər kəsi öz dilində dindirirdi. Xeyirxah idi, alicənab idi. Gözəl insan olduğu kimi, gözəl də rəhbər idi. Öz əməkdaşlarının, iş yoldaşlarının qayğısına qalmağı, problemləri ilə maraqlanmağı və həllinə nail olmağı bacarırdı. Heydər Əliyev qeyri-adi cazibəsi ilə insanları özünə çəkirdi. İnsanlar isə ona inanır, etibar edirdilər, arxasınca gedirdilər.

Onun intellektual potensialı faktiki olaraq, sonsuz idi, təfəkkürün bütün sahələrinə nüfuz edə bilirdi. Fenomenal yaddaşı vardı, intellekti kimi, yaddaşının da hüdudları bilinmirdi. Amma o, öyrəndiklərini, eşitdiklərini, gördüklərini yalnız yadında saxlamaqla, auditoriyaya çatdırmaqla kifayətlənmirdi. Onun böyüklüyü həm də onda idi ki, öyrəndiklərini tətbiq edə, həyata keçirə bilirdi. Heydər Əliyev ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə də geri çəkilmirdi, sarsılmaz iradə və qətiyyət nümayiş etdirməyi, çıxış yolları axtarmağı və tapmağı bacarırdı. “Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram” deyən Heydər Əliyev məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir.

– Sizə hakimiyyətdə olduğu hər iki dövrdə ulu öndərlə işləmək xoşbəxtliyi nəsib olub.

– Bu, həqiqətən, böyük xoşbəxtlikdir. Azərbaycana rəhbərlik etdiyi ilk illərdə Heydər Əliyev Sovet İttifaqında cərəyan edən ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq hadisələrə ümumi qəbul edilmiş standart deyil, tarixi meyarlarla qiymət verirdi. Məhz Heydər Əliyevin titanik səylərinin, rasional təşəbbüslərinin nəticəsi idi ki, qısa zamanda Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya cəlb edildi, respublikada güclü sənaye potensialı yaradıldı. Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, dövlət orqanlarında milli kadrlara üstünlük verilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər isə xalqımızın milli özünüdərkinin yüksəlişinə şərait yaratdı.

O illərdə Azərbaycanla bir yerdə Heydər Əliyev də ucaldı, bütün ittifaqda şöhrət qazandı. Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildi. SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə irəli çəkildi. Moskvada yüksək dövlət və partiya postlarında işlədiyi illərdə də bu insan öz xalqına sadiq qalaraq, bütün bacarığını və dövlətçilik təcrübəsini Azərbaycanın inkişafına və dünya miqyasında tanınmasına həsr etmişdir. Həmin dövrdə zamanın və xalqın onun üzərinə qoyduğu vəzifələri Heydər Əliyev uğurla yerinə yetirmiş, quruculuq missiyasını həyata keçirərək tarıxi şəxsiyyətə – xalqının liderinə çevrilmişdir.

Heç də təsadüfi deyil ki, Vətənimizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası prosesinin hazırkı təməli Heydər Əliyev tərəfindən həmin illərdə, yeni 1969-1982-ci illərdə yaradılmış iqtisadi potensiala əsaslanır. Heydər Əliyev respublikanın iqtisadiyyatını inkişaf etdirməklə bərabər, cəmiyyətdə də saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Həmin dövrdə bütün ittifaqı cənginə almış bürokratiya və rüşvətxorluğa qarşı Azərbaycanda, sözün əsl mənasında, müharibə elan olunmuşdu. Heydər Əliyev problemlərdən qaçmırdı, onları qabartmağa və həllinə nail olmağa üstünlük verirdi.

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdən görkəmli siyasətçi, mahir diplomat kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. O, təcrübəli dövlət xadimi kimi çox gözəl bilirdi ki, sabitlik olmayan yerdə nizami ordu qurmaq, demokratik islahatlar aparmaq, iqtisadi inkişafa nail olmaq mümkün deyil. Həmin dövrdə Azərbaycanın silahlı qüvvələri siyasi məqsədlərə, hakimiyyət uğrunda mübarizələrə cəlb edilmişdi, Vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal olunurdu. İlk növbədə, bu qeyri-qanuni silahlı dəstələri ləğv etmək, siyasi təxribatların qarşısını qətiyyətlə almaq lazım idi. Uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ictimai-siyasi sabitlik yaratmaq çətin olsa da, siyasətimizin patriarxı bu çətin işlərin öhdəsindən xalqın dəstəyi ilə məharətlə gəldi.

Dahi siyasətçinin uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi kimi 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ ilə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı.

Bu gün birmənalı olaraq demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr də onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət kəsb edən bütün nailiyyət və uğurlarımızın hər biri Heydər Əliyevin strateji kursunu yaradıcılıqla davam etdirən dövlət başçısının yorulmaq bilməyən ardıcıl, məqsədyönlü təşkilatçılıq və idarəçilik fəaliyyətinin nəticəsidir.

  Rəhbərlik etdiyiniz MTN Akademiyası ümummilli liderin daha bir arzusunun gerçəyə çevirilməsidir.

– Akademiyanın yaradılmasından 15 il keçir. Xatirimdədir, o zaman ümummilli liderimiz Heydər Əliyev məni qəbul etmişdi. Bu işgüzar və eyni zamanda, səmimi görüş zamanı ulu öndər akademiyanın yaradılmasının məramı və məqsədi, qarşımıza qoyulan vəzifələr barədə çox geniş danışdı, dəyərli tövsiyələr verdi. Qeyd etməliyəm ki, bu gün akademiyanın bütün fəaliyyəti məhz ulu öndərin həmin tapşırıqlarının həyata keçirilməsi istiqamətində qurulmuşdur.

İlk illərdə təmir-tikinti quruculuq və kadr məsələləri ilə əlaqədar qarşıya çıxan bir sıra çətinliklərə baxmayaraq, Heydər Əliyevin qarşımıza qoyduğu vəzifələrə müvafiq olaraq, 2000-ci ildən akademiyada kadr hazırlığına başlanıldı. Həmin dövrdə akademiya üçün ayrılmış ərazi və binalarda tədris üçün heç bir şərait yox idi. Ölkə rəhbərliyi tərəfindən zəruri maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, akademiyada təmir-tikinti və yenidənqurma işləri çox ləng gedirdi. Yalnız 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra kompleksin əsaslı təmir-tikinti və yenidənqurma işləri başa çatdı. Ötən dövrdə akademiyamız fəaliyyətini daim təkmilləşdirmiş və respublikanın milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar hazırlayan mötəbər, xüsusi təyinatlı ali təhsil ocağına çevrilmişdir.

– Şübhəsiz, dövlət müstəqilliyi şəraitində ulu öndər MTN-nin fəaliyyətinə daha ciddi tələblərlə yanaşırdı.

– Ömrünün 25 ilini dövlət təhlükəsizliyinin təmin olunması sahəsində çətin və şərəfli xidmətə həsr etmiş, milli maraqların və dövlətçilik mənafelərinin qorunması işini bütün incəliklərinə qədər bilən Heydər Əliyev milli təhlükəsizlik orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onun müasir tələblər səviyyəsində formalaşmasına və inkişafına böyük önəm verirdi. Ümummilli lider yeni dövrdə milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi, milli təhlükəsizlik sisteminin və konsepsiyasının əsaslarını yaratdı. Nəticədə, millətə, dövlətə və milli maraqlara sədaqət təhlükəsizlik orqanlarının əsas əməlinə və qayəsinə çevrildi.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanı sarsılmaz dövlətə çevirmək, onun müstəqilliyini əbədiləşdirmək və təhlükəsizliyini etibarlı təmin etmək üçün təxirə salmadan xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, sağlam milli düşüncəyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, geniş əməliyyat təfəkkürünə və dünyagörüşünə malik milli kadr potensialı yetişdirmək lazımdır.

Məhz bu əsas amilləri nəzərə alaraq hərbi təhsili siyasi kursunun tərkib hissəsinə çevirmiş ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli milli zabit kadrlar ilə təmin etmək məqsədilə 1 dekabr 1998-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzaladı. Bununla Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması isinin təməli qoyuldu.

2005-ci il dekabr ayının 20-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanla akademiyaya ümummilli liderimiz Heydər Əliyevin adı verildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2006-cı il mart ayının 27-də akademiyanı ziyarət etdi, nəfis tərtibata malik “Şöhrət” muzeyini, ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsini açdı, şücaət rəmzi olan Döyüş Bayrağını akademiyaya təqdim etdi. Təntənəli mərasimdə dərin məzmunlu, proqram xarakterli çıxışında ölkə başçısı akademiyada görülmüş işləri və yaradılmış şəraiti yüksək qiymətləndirdi, dəyərli tövsiyələr verdi və şəxsi heyət qarşısında mühüm vəzifələr qoydu.

Akademiyada dərslər yüksək ixtısaslı mütəxəssislər, o cümlədən elmlər doktorları, fəlsəfə doktorları, professorlar və dosentlər, eləcə də uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli kadrlar tərəfindən aparılır. Kursant və dinləyicılərin gələcək xidməti fəaliyyəti üçün zəruri elmi-nəzəri biliklərlə yanaşı, əməli bacarıq və vərdişlərə yiyələnməsini təmin etmək məqsədilə bir sıra xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki məşğələlər aparmaq üçün MTN-in rəhbər heyəti və təcrübəli əməkdaşları daim tədris prosesinə cəlb olunurlar.

– Ziya müəllim, Azərbaycanın görkəmli dövlət xadimi, zəngin və şərəfli ömür yolu keçmiş soydaşımız kimi sizi 85 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, eyni zamanda, rəhbərlik etdiyiniz sahədə yeni uğurlar arzulayırıq.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 15 fevral.- S. 5.