Ağsuda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının iki illiyi qeyd olundu

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrası zamanı ölkənin bütün şəhər və rayonlarında çoxsaylı sosial obyektlər və inzibati binalar tikilib istifadəyə verilir. Bu baxımdan Ağsu rayonunda da kifayət qədər yeniliklərə imza atılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin yeni inzibati binasının tikilib istifadəyə verilməsi də həmin tədbirlər sırasında idi.

Binanın açılışı qurumun yaradılmasının ikinci ildönümü münasibətilə rayonda keçirilən tədbilər çərçivəsində baş tutdu. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qeyd etdi ki, Prezident İlham Əliyevin şəxsi qayğısı və tövsiyələri əsasında gündən-günə abadlaşan ölkəmizin bütün rayonları kimi, Ağsuda da dövri olaraq yeni inzibati binalar tikilib istifadəyə verilir. Bu gün açılışına toplaşdığımız bina isə bizim hər birimiz üçün daha dəyərli, önəmli bir məqsədə xidmət edəcək. Vətənin sərhədlərini qorumaq üçün ordu sıralarına göndərilən ağsulu gənclər bundan sonra məhz belə müasir, maddi-texniki cəhətdən tamamilə təmin olunmuş bir ünvandan yola salınacaqlar.

Adıçəkilən şöbənin əməkdaşlarına uğurlar, Azərbaycan ordusuna isə tarixi zəfərlər arzulayan rayon rəhbəri ümidvar olduğunu bildirdi ki, ağsulu gənclər bundan sonra da Vətənin keşiyində  ləyaqətlə dayanacaq, doğma rayonlarına və valideynlərinə başucalığı gətirəcəklər.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək Azərbaycan Ordusunun regionun ən qüdrətli silahlı qüvvələrinə çevrilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan söz açdı və qeyd etdi ki, bütün bu proseslərin təməlində məhz səfərbərlik və hərbi xidmətə çağırış işlərinin müasir səviyyədə qurulması dayanır.  Ona görə də gənc müstəqil Azərbaycan dövlətində ordu quruculuğu prosesinin mühüm tərkib hissəsi olan hərbi çağırış məsələsi ulu öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində idi. Dövlət başçımız İlham Əliyev də bu məsələni daim diqqət mərkəzində saxlamış və adıçəkilən qurumun yaradılması barədə müvafiq sərəncam imzalamışdır. Ağsu Rayon İcra Hakimiyyətinin bizim xidmətin yerli şöbəsinin fəaliyyətini asanlaşdırmaq məqsədilə həyata keçirdiyi tədbirlər isə təqdir olunmalı, alqışlanmalıdır.

Sonra binanın açılış lenti kəsildi, qonaqlar və əməkdaşlar üçmərtəbəli inzibati binada çağırışçılar və əməkdaşlar üçün yaradılmış şəraitlə tanış oldular. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin binanın ikinci mərtəbəsində qoyulmuş büstü önünə tər çiçək dəstələri düzdülər, otaqları, həkim kabinələri,  qeydiyyat mərkəzi və yaradılmış digər şəraitlə tanış oldular.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 15 fevral.- S. 7.