Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi güc mərkəzinə çevrilir

 

Son 10 ildə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirmiş və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir.

Bu yaxınlarda keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda bütün bunlar barədə  ətraflı danışıldı. Ölkə Prezidenti cənab  İlham Əliyev xüsusi vurğuladı ki, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, idxaldan asılılığın azaldılması və ixrac potensialının yaradılması son illərin uğurlarıdır.

Əldə olunmuş  bütün bu nailiyyətlər statistik göstəricilərdə də öz əksini tapır. Son 10 ildə  Azərbaycanda  iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə 1 milyon 200 min iş yeri açılmışdır ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq 50 faizdən 5,3 faizə düşmüş, işsizlik cəmi 5 faiz olmuşdur. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri belə qabaqlayır. Xarici dövlət borcumuz ÜDM-in 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən yüksək göstəricidir.

Sözügedən dövrdə  ölkəmizdə 2708 məktəb, 500-dən çox səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, təhsil və səhiyyə sahəsində bir sıra dövlət proqramları qəbul edilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində çox böyük işlər görülmüş, fondun dəstəyi ilə 312 məktəb tikilmiş və  əsaslı təmir edilmişdir. Ölkədə bütün çadır düşərgələri ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmışdır. Nəticədə  140 min məcburi köçkün mənzillə təmin edilmişdir.

10 il ərzində müxtəlif dövlət qurumları, o cümlədən Sənaye və  İqtisadi İnkişaf Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin həcmi də genişləndirilmişdir. Azərbaycan brendi olan  “ASAN xidmət” öz uğurlu fəaliyyəti ilə geniş əhali kütləsinin  rəğbətini qazanmışdır. İndiyədək bu mərkəz tərəfindən 500 mindən çox vətəndaşa müxtəlif xidmətlər göstərilmişdir.

On ildə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmış, 9 milli park yaradılmışdır. Bu dövrdə 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Konfransda Azərbaycanın hər bir bölgəsinin son dövrlərdə tikinti meydançasını xatırlatması və ölkədə həyata keçirilən mühüm layihələrin yerli şirkətlər tərəfindən uğurla reallaşdırılması bir daha xatırladıldı.  Bildirildi  ki,  quruculuq siyasəti, sabitlik və inkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar  ölkəmizin gücünü daha da möhkəmləndirir. On illik inkişaf mərhələsi xalqımızın tarixində və taleyində mühüm nailiyyətlərlə müşayiət olunmuşdur. Bu illərdə hər bir azərbaycanlının ən ümdə arzuları reallaşmışdır. Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Beynəlxalq miqyasda iqtisadi və siyasi güc mərkəzinə çevrilən Azərbaycanın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bugünə qədər artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.

Son on ildə ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Regional proqramların icrası müddətində qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  “bir pəncərə” prinsipinin tətbiqi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına  19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır.  Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.

Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti  regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi broyler”də həyata keçirilən  layihələrdə iştirak etmişdir. Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxarılaraq özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Dövlətimizin  başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalinin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən artıq paytaxtda sərnişin daşımalarının təşkili, idarə olunması və tənzimlənməsi istiqamətində mühüm tədbir görülmüşdür. 2009-cu ilin əvvəlindən etibarən istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi hazırda tam istismar gücü ilə fəaliyyət göstərir və buradan respublikanın bütün regionlarına və bir sıra xarici ölkələrə sərnişin daşımaları həyata keçirilir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nda avtomobil yollarına dair nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi və respublikanın ümumi istifadədə olan avtomobil yollarının, körpülərin saxlanması, təmiri, bərpası və yenidən qurulması sahəsində müvafiq işlər görülmüşdür və bu proses indi   davam etdirilməkdədir. Bundan başqa, inşa olunmuş və inşa olunacaq körpülər, eləcə də avtomobil yollarında aparılan tikinti və yenidənqurma işləri yolların müasir səviyyədə qurulması ilə yanaşı, eyni zamanda, yollarda hərəkəti asanlaşdırır, ilk növbədə təhlükəsizliyin qorunmasına xidmət edir.

Bütün  bunlarla  yanaşı, su, hava və dəmir yolu nəqliyyatının inkişafı sahəsində də Azərbaycan böyük nailiyyətlərə imza atmışdır. Ölkəmizdə nəqliyyat sisteminin inkişafının əsas məqsədi nəqliyyat vasitələri ilə respublika əhalisinin həyat tərzinin və iqtisadiyyatın yüksəlişini dəstəkləməkdən ibarətdir. Bu kontekstdə nəqliyyat sisteminin inkişafı  məsələləri  iqtisadiyyatın artım fazasına keçməsinə uyğun olaraq, dövlətin sosial-iqtisadi prioritetlərinin həyata keçirilməsi ilə bilavasitə bağlıdır.

Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi fonunda infrastrukturun yenilənməsi prosesinə də ölkəmizdə xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələrin icrası məqsədilə Azərbaycanın yetərli resursları mövcuddur. Bunun üçün ölkəmiz nə xarici maliyyə, nə də texniki yardımlara ehtiyac duyur. 2010-cu il dekabr ayının 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrdən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi də bunun real təsdiqi oldu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir layihə ilə müqayisə olunan Oğuz-Qəbələ-Bakı su kəmərinin ərsəyə gəlməsi yalnız Azərbaycanın öz imkanları hesabına reallaşdı. Digər belə iri infrastruktur layihələrinə Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri, yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmir yolu, Bakı Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət tullantılarının yandırılması zavodu, turizm infrastrukturu (Qusar), Şəmkir çay dəryaçası, Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası (Şirvan), Biləv (Ordubad) SES-i misal göstərmək olar.

Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Təsadüfi deyildir ki, artıq Azərbaycan dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Bu gün Azərbaycanda dövlətin investisiyası hesabına nəhəng layihələr icra edilir. Taxtakörpü və Şəmkirçay su anbarlarını buna misal göstərmək olar. Hər iki obyekt istifadəyə verildikdən sonra ölkəmizdə aqrar sektorun inkişafında böyük dönüş yaranacaq. Bundan başqa, Azərbaycanda güclü ixracyönümlü sənaye potensialı yaradılır. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində bu məqsədlə dünya standartlarına cavab verən texnoparklar tikilir. Yeri gəlmişkən xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən texnoparkda istehsal olunan məhsullar dünya standartlarına tam cavab verir və rəqabətqabiliyyətlidir.

Göründüyü kimi, ölkə  Prezidenti cənab  İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə Azərbaycanın dayanıqlı və davamlı iqtisadi inkişafı daha da sürətlənmiş,  dünyadakı nüfuzu durmadan artmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Bir sözlə, son on ildə Azərbaycan  müəyyən edilmiş hədəflərə doğru  inamla irəliləmiş, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşmüşdür.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 1.