Sumqayıt: günün vacib məsələləri diqqət mərkəzindədir

 

Əhalisinin sayı durmadan artan, sosial-iqtisadi inkişafı sürətlənən, zəruri infrastrukturu genişlənən Sumqayıt şəhəri özünün tərəqqi meyilləri ilə addım-addım paytaxt Bakının standartlarına yaxınlaşır. Buna görə də şəhərdə modern müəssisələr yaradılır, sosial sahə durmadan günün tələblərinə uyğunlaşdırılır, memarlıq estetikası zənginləşdirilir.

İndi Sumqayıtın şəhər təsərrüfatında heç bir məsələyə ikinci dərəcəli kimi baxılmır. Şəhərin nəbzinin ritmik vurması, əhalinin adi qayğılarının belə həlli  daim gündəmdə saxlanır. Elə yaşayış massivlərinin, küçələrin, meydanların təmizlik və abadlıq durumu, əhalinin sağlamlığı kimi mühüm məsələlərin icra hakimiyyəti başçısının yanında növbəti geniş şura iclasında müzakirəyə çıxarılması da bu fikri təsdiqləyir.

Tədbirə Sumqayıtın idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri dəvət edilmişdi. İcra hakimiyyətinin başçısı Eldar Əzizov ölkə miqyasında bütün sahələrdə dinamik inkişafın aspektlərindən söhbət açdı. Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkədə öz mahiyyəti etibarı ilə ümumxalq səciyyəsi daşıyan hakimiyyəti layiqincə həyata keçirdiyini konkret faktlarla vurğuladı. Azərbaycan Prezidentinin regionların, o cümlədən Sumqayıtın tərəqqisinə də gündəlik diqqət göstərdiyini vurğuladı. Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi barədə Prezident İlham Əliyevin verdiyi tapşırıq isə vətəndaşların sağlamlığına xidmət edən ən humanist bir addım kimi xarakterizə edildi. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq bütün respublikada fevralın 17-dən may ayınadək əhalinin pulsuz tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.

Sonra   qeyd  olundu ki, Sumqayıt sakinlərinin sağlıq durumunun daha da yaxşılaşdırılması məqsədilə onların hamılıqla profilaktik tibbi müayinədən keçirilməsi aksiyasına start verilmişdir. Şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev bu məsələ ilə bağlı ətraflı məlumat verdi və ayrı-ayrı kollektivlərin tibb müəssisələrində kompleks müayinəsi qrafikini iştirakçıların diqqətinə çatdırdı. O dedi ki, sakinlərin sağlamlığına qayğı aksiyası bir neçə həftəyə uşaqdan-böyüyə bütün şəhər əhalisini əhatə edəcək.

Struktur bölmələri rəhbərlərinin hamısına müayinə tədbirlərinin tam mütəşəkkil keçirilməsi ilə bağlı ciddi tapşırıqlar verildi.

Növbəti məsələ şəhərin ideal təmizliyi və abadlığına həsr olunmuşdu. İcra hakimiyyətinin başçısı E.Əzizov  bu sahədə nümunəvi vəziyyət yaradılması, yaza doğru  şəhər təsərrüfatının tam qaydaya salınması zərurətini önə çəkdi və bu məqsədlə şəhərdə qərargah yaradıldığını söylədi. Onun müavini S. Quliyev qərargahın vəzifələri, bundan sonra müntəzəm olaraq şəhər iməciliklərinin keçirilməsi, başlıca hədəflərin nədən ibarət olması ilə bağlı məlumat verdi.

Xüsusi olaraq qeyd edildi ki, dövlət başçısının Sumqayıta göstərdiyi böyük qayğı hər bir sakində haqlı qürur hissi yaratdığı kimi, məsuliyyət hissini də artırmalıdır. Doğma şəhərin abadlığı, təmizliyi, səliqə-sahmanı hamının ümdə vəzifəsinə çevrilməlidir.

Sumqayıtda  ilk ümumşəhər iməciliyinin bir gün sonra keçiriləcəyi bildirildi və şəhərin təəssübünü çəkən hər kəsin bu tədbirdə fəallıq göstərəcəyi inamı ifadə edildi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 4.