ƏƏSMN-də anlaşma və əməkdaşlığa dair memorandumlar imzalanmışdır

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu və ƏƏSMN ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Sənədləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev imzalamışlar.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov bildirmişdir ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, bir çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarların iştirakı ilə maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində güclü özəl sektor formalaşıb. Bu tədbirlər nəticəsində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faiz təşkil edib. Ölkədə 1 milyon 200 min yeri açılıb ki, onların 900 mini daimidir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşüb. İşsizlik 5 faiz təşkil edir. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb.

S. Müslümov biznes strukturları ilə dövlət orqanları arasında davamlı dialoqun inkişafının vacib şərtlərdən biri olduğunu bildirərək, sahibkarlarla dövlət orqanları arasında əməkdaşlıq münasibətlərinin inkişafına yardım etmək və onların işini əlaqələndirmək məqsədi ilə imzalanan sənədlərin əhəmiyyətindən danışmışdır. O, eyni zamanda, Əmək Məcəlləsində edilmiş sonuncu dəyişikliklərin məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin olunmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlardan biri olduğunu qeyd edib və hazırda nazirlikdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması istiqamətində gərgin işin getdiyini bildirmişdir.

ARDNŞ prezidenti R.Abdullayev neft strategiyasının uğurla reallaşdırılmasının ölkəmizin dinamik sosial-iqtisadi  inkişafı üçün möhkəm baza yaratdığını bildirmişdir.  O, zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə nəticəsində Azərbaycan Respublikasının regionun ən sabitdinamik inkişaf edən ölkəsinə çevrildiyini qeyd etmiş, ölkə iqtisadiyyatının inkişafinda qeyri-neft sektorunun, sahibkarlığın inkişafının önəmli olduğunu bildirərək  keçən ildə qeyri-neft sektorunun artımının təqribən 10 faiz təşkil etdiyini diqqətə çatdırmışdır. R. Abdullayev biznes strukturları ilə dövlət orqanları arasında davamlı dialoqun əhəmiyyətindən danışaraq imzalanan sənədlərin işçilərin sosial müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi, həmçinin məşğulluğun təmini sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəldiyini vurğulamışdır.

ASK-nın prezidenti M.Musayev sahibkarlığın inkişafına dövlət tərəfindən çox böyük diqqətin olduğunu bildirmiş və sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunduğunu, bu məqsədə maliyyə resurslarının cəlb edildiyini nəzərə çatdırmışdır. O, eyni zamanda imzalanan sənədlərin əhəmiyyətindən danışaraq görüləcək tədbirlərin sahibkarlarla dövlət orqanları arasında əməkdaşlıq münasibətlərinin,  bütövlükdə özəl sektorun və ölkə iqtisadiyyatının  inkişafına müsbət təsir edəcəyini bildirmişdir.

M.Musayev əmək qanunvericiliyinə edilən əlavə və dəyişikliklər, sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətləri və biznes fəaliyyəti haqqında daim yenilənmiş məlumatların əldə edilməsi məqsədilə tərəflərin informasiya bazasından istifadə edilməsi, birgə keçirilən tədbirlər barədə məlumatların veb-səhifələrdə yerləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı ilə əlaqədar birgə konfrans,  seminar və müşavirələrin təşkil edilməsi istiqamətində müvafiq tədbirlərin keçiriləcəyini vurğulamışdır.

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 7.