Şahin
MUSTAFAYEV: Azərbaycan regionlarının inkişafına dair
III Dövlət Proqramı qeyri-neft sektorunun sürətli
inkişafına öz töhfəsini verəcək
İqtisadiyyat və
sənaye naziri Şahin Mustafayevin “Trend”-ə müsahibəsi
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası başa çatdı. Bu proqramların ölkənin inkişafında əhəmiyyəti nədən ibarətdir?
- Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadiyyatın davamlı inkişafı təmin edilmiş, ölkəmiz daha da qüdrətlənmiş, əhalinin sosial rifahı yüksəlmiş, Azərbaycan beynəlxalq əhəmiyyətli iri layihələrin təşəbbüskarına və əsas iştirakçısına, dünyada nüfuzu gündən-günə artan dövlətə çevrilmişdir. Qazanılmış uğurlar statistik göstəricilərdə də öz təsdiqini tapır. Belə ki, 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən informasiya və rabitə 8,2 dəfə, tikinti 4,7 dəfə, nəqliyyat 2,5 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, turizm 10,6 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, investisiyalar 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə artmış, strateji valyuta ehtiyatları 31,3 dəfə artaraq 50 milyard dolları ötmüşdür. Bu müddətdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizliyin səviyyəsi isə 2 dəfə azalaraq 5 faizə enmişdir.
Azərbaycanın uğurları beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.
Bu nailiyyətlərin əldə edilməsində, xüsusilə də ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb etmişdir. Məsələyə kompleks yanaşmanı və ünvanlılığı özündə əks etdirən 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları bölgələrin mövcud potensialından səmərəli istifadə etməklə regionların davamlı sosial-iqtisadi inkişafına, müasir infrastruktur və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, ən əsası isə əhalinin sosial rifahının daha da yüksəlməsinə səbəb olmuşdur. Dövlət proqramlarının icrası ölkə regionlarının sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmiş, əhalinin işgüzar fəallığı daha da artmış, sahibkarlığın sürətli inkişafı təmin edilmişdir. Son 10 il ərzində regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin dövlət proqramlarının icrasını və regionların inkişafını diqqət mərkəzində saxlaması dövlət proqramlarının uğurlu icrasında həlledici amil olmuşdur. Belə ki, dövlət başçısı bölgələrə mütəmadi səfərlər etmiş, infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuş, tapşırıq və tövsiyələrini vermiş, müxtəlif məsələlərin həlli ilə bağlı 240 sərəncam imzalamışdır. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Görülmüş işlərin nəticəsidir ki, son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri isə 6,1 dəfə artmışdır. Bu dövrdə regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Qeyd etmək yerinə düşərdi ki, artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Təbii ki, Azərbaycan regionlarında müşahidə edilən bu əhəmiyyətli dəyişikliklər əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən regionların davamlı iqtisadi yüksəlişi strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilməsinin məntiqi nəticəsidir. Bir sözlə, regional dövlət proqramlarının uğurlu icrası Azərbaycanı ən ucqar kəndlər də daxil olmaqla bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
- Heç şübhəsiz ki, regionların inkişafının mühüm istiqamətlərindən biri də infrastruktur təminatının yaxşılaşdırılması olmuşdur...
- Tamamilə doğrudur. Regional dövlət proqramlarının icra olunduğu 10 il ərzində bölgələrin infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmışdır. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin daha keyfiyyətli kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
2004-2013-cü illər ərzində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuşdur. Bu dövrdə 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir edilmişdir. Bundan başqa, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda 4 yeni hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmişdir.
Dövlət başçısının mühüm vəzifə kimi müəyyən etdiyi və xüsusi diqqət göstərdiyi kənd yollarının yenidən qurulması məqsədilə təkcə son 5 ildə 1,1 milyon nəfər əhalisi olan 26 rayonun 702 yaşayış məntəqəsi müasir yol infrastrukturu ilə təmin edilmişdir.
Keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminat ölkəmizin iqtisadi yüksəlişində böyük əhəmiyyətə malikdir. Bu məqsədlə son 10 ildə 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, sənaye potensialının genişlənməsi, yeni müəssisələrin açılması enerji tələbatını da artırır. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı proqram xarakterli çıxışında enerji potensialının tələbatı daim qabaqlamasını, yeni elektrik stansiyalarının tikintisini, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini qarşıdakı illər üçün vəzifə olaraq müəyyənləşdırmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, son 10 il ərzində ölkə üzrə ümumi uzunluğu 4,8 min kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Bundan başqa, 50-yə yaxın qazpaylayıcı stansiya tikilmiş və ya yenidən qurulmuşdur. Görülmüş işlərin nəticəsi olaraq, regionlarda qazlaşma səviyyəsi 83,4 faizə çatdırılmışdır.
Dövlət proqramlarına uyğun olaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 10 il ərzində regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 su anbarı, 39 su və kanalizasiya-nasos stansiyaları tikilmişdir. Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu göstərici 55 faizə çatdırılmışdır.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Dövlət başçısının bu yaxınlarda imzaladığı sərəncama əsasən, 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusunun qazılması su təchizatının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olacaqdır.
Dövlət proqramlarının icrası Azərbaycanda
rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin
inkişafına böyük imkanlar yaratmışdır. Rabitə
xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi
məqsədilə regionlarda 982 poçt şöbəsi,
1395 ATS tikilmiş və ya əsaslı təmir olunmuş,
bütün rayon mərkəzlərinə fiber-optik kabel
çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən
60-ı internet, 48-i isə genişzolaqlı internet istifadəçisidir. Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə
2013-cü ilin “İnformasiya-kommunikasiya ili” edilməsi, Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə çıxarılması
bütünlükdə ölkəmizdə bu sahənin
inkişafına böyük təkan vermişdir.
Ölkədə turizm infrastukturunun inkişafı istiqamətində
görülən işlər də xüsusi önəm kəsb
edir. Ötən
müddətdə Qəbələ, Qusar, Quba,
Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Salyan,
Lerik, Şəmkir, Göygöl və digər regionlarda turizm
komplekslərinin, hotellərin, istirahət mərkəzlərinin
istifadəyə verilməsi turizmin inkişafına, əhalinin
istirahətinə, idmanın müxtəlif növləri ilə
məşğul olmağa geniş imkanlar
yaratmışdır. Son 10 ildə regionlarda müasir tələblərə
cavab verən 14 hotel tikilmiş, beləliklə, ölkədəki
5 ulduzlu hotellərin sayı 35-ə çatmışdır.
Dövlət
proqramlarının icra olunduğu müddətdə əhəmiyyətli
ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə
olunan təbiət ərazilərinin sahəsi 2 dəfə
artırılaraq 900 min hektara çatdırılmış, 9
milli park yaradılmış, 20 milyon ağac və kol əkilmişdir.
- Dövlət
proqramları sosial sahələrin inkişafına necə təsir
etdi?
- Prezident
İlham Əliyevin “İnsan amili bizim siyasətimizin
prioritetidir. Bütün bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır” strateji xəttinə
uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları çərçivəsində əhalinin
sosial müdafiəsi, bölgələrdə sosial layihələrin
reallaşdırılması, yeni sosial obyektlərin tikintisi
istiqamətində əhəmiyyətli işlər
görülmüşdür. Təhsil müəssisələrinin
tikintisi, əsaslı təmiri və maddi-texniki
bazasının müasir tələblərə uyğun
qurulması dövlət proqramlarının prioritet istiqamətlərindən
olmuş, son 10 il ərzində 2708 məktəb
tikilmiş və ya əsaslı təmir edilmişdir. Bütün bunlar isə ölkəmizdə gələcək
nəslin hərtərəfli inkişafına göstərilən
yüksək diqqətin bariz nümunəsidir.
Əhaliyə göstərilən tibbi xidmətlərin
keyfiyyətinin yüksəldilməsi məqsədilə
regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən
çox səhiyyə obyekti müasir texnika və avadanlıqlarla
təmin olunmaqla tikilmiş və ya əsaslı təmir
edilmişdir.
Artıq Azərbaycanın bir sıra
regionlarında belə ən mürəkkəb tibbi əməliyyatların
aparılması üçün hər cür şəraitə
malik səhiyyə müəssisələri fəaliyyət
göstərir.
Dövlət proqramları çərçivəsində,
həmçinin 700-ə yaxın mədəniyyət, 250-dən
çox idman və gənclər obyekti tikilmiş və ya
yenidən qurulmuşdur.
Heydər Əliyev Fondunun, şəxsən Mehriban
xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət,
ekologiya və digər sahələrdə iri layihələrin
həyata keçirilməsində mühüm rolu,
böyük əməyi olmuşdur. Bu layihələrin
reallaşdırılması minlərlə insanın sosial
şəraitinin yaxşılaşması üçün
yeni imkanlar yaratmışdır.
“ASAN xidmət”in fəaliyyətə başlaması vətəndaşlara
göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını
və operativliyini daha da artırmışdır.
Əhalinin
sosial müdafiəsi sahəsində həyata keçirilən
siyasətin mühüm istiqamətlərindən biri də
sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə,
o cümlədən əlillərə, müharibə
veteranlarına, az təminatlı vətəndaşlara,
qaçqın və məcburi köçkünlərə
xüsusi diqqətin yetirilməsidir. Bunun nəticəsidir ki,
son 10 il ərzində məcburi köçkünlərin mənzil
şəraitinin yaxşılaşdırılması məqsədilə
12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə
salınmış, burada 37 min ailə yerləşdirilmişdir.
Eyni zamanda, əlil və şəhid ailələri
üçün 2788, o cümlədən regionlarda 2041 mənzilli
yaşayış binaları və 450-dən çox fərdi
ev tikilmişdir.
Bütün bunlar bir daha göstərir ki, dövlət
proqramları çərçivəsində həyata
keçirilmiş tədbirlərin başlıca hədəfi
ölkəmizin iqtisadi qüdrətinin daha da
artırılması, Azərbaycan vətəndaşının
həyat səviyyəsinin yüksəldilməsidir. Regionların sosial-iqtisadi
inkişafı, bölgələrdə yaşayan əhalinin
daha yaxşı infrastruktur və xidmətlərlə təmin
olunması, əhalinin məşğulluğunun
artırılması və s. istiqamətlərdə işlər
bundan sonra da davam etdiriləcəkdir.
- Dövlət
proqramları çərçivəsində regionlarda sənayeləşmə
siyasəti çərçivəsində hansı işlər
görülüb? Sizcə, regionlarda hansı sənaye
sahələrinin inkişafı daha perspektivlidir?
-
Sözsüz ki, dövlət proqramları çərçivəsində
görülən işlər regionlarda sənayenin
inkişafına öz töhfəsini vermişdir.
Təsadüfi
deyildir ki, son10 il ərzində regionlarda 500-dən çox sənaye
müəssisəsi, o cümlədən Sumqayıtda
texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər
və avtomobil, Qazaxda sement, Gəncədə alüminium,
Goranboyda gips və gips məhsulları, Mingəçevirdə
polietilen borular, elektron avadanlıqları, Sumqayıtda
kağız emalı, bitki yağları, Günəş
panellər, Masallıda və Abşeronda kərpic,
Hacıqabulda seramik plitələr, Gədəbəy və
Daşkəsəndə qızıl emalı, Oğuzda
qarğıdalı emalı və qlükoza, İmişlidə
şəkər, bitki yağları və qarışıq
yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər
tikinti materialı, mebel, emal, çörək və digər
müasir müəssisələr fəaliyyətə
başlamışdır.
Ölkənin sənaye potensialının gücləndirilməsində
və reallaşdırılmasında biznes və investisiya
mühitinin, infrastruktur təminatının
yaxşılaşdırılması ilə bərabər,
dövlətin maliyyə dəstəyi də xüsusi önəm
kəsb edir.
Təkcə güzəştli kreditlər hesabına bu
dövrdə ümumi dəyəri 730 milyon manat olan 104 sənaye
layihəsi maliyyələşdirilmiş, bu layihələr
üzrə 80 müəssisə istifadəyə verilmiş,
24-ü üzrə işlər davam etdirilir.
Dövlət başçısı tərəfindən
2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işlərin
daha da genişləndirməsinə və sənayeləşmənin
sürətləndirilməsinə təkan verəcəkdir.
Regionlarda perspektivli sənaye sahələrinə gəlincə,
qeyd etmək istərdim ki, ölkə regionları təbii və
iqtisadi resurslarla, o cümlədən xammalla zəngindir. Bunu nəzərə alaraq,
yerli xammala əsaslanan metallurgiya, tikinti materialları, mebel,
tekstil və s. sənaye sahələrinin inkişafı əsas
istiqamətlərdəndir. Aqrar sənayenin inkişaf etdirilməsi
məqsədilə potensial imkanlardan daha səmərəli
istifadə etməklə kənd təsərrüfatı məhsulları
emalının artırılmasına nail olunacaq ki, bu da
ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını
daha dolğun ödəməklə yanaşı, ixrac
potensialının genişləndirilməsinə şərait
yaradacaqdır.
Regionlarda sənayeləşmənin sürətli davam
etməsi məqsədilə digər tədbirlərlə
yanaşı, dövlət başçısının
tapşırığına əsasən, sənaye
parklarının, şəhər və rayonlarda sənaye məhəllərinin
yaradılması nəzərdə tutulur.
- Cənab
nazir, kənd təsərrüfatı regionlarda əhalinin əsas
məşğuliyyət sahələrindəndir. Ötən
10 il ərzində kənd təsərrüfatının
inkişafı çərçivəsində hansı
işlər görülmüşdür?
- Dövlət
proqramlarının icrası müddətində aqrar sektora
dövlət dəstəyi tədbirləri, o cümlədən
vergi güzəştləri, lizinq xidmətləri, güzəştli
kreditlərin və subsidiyaların verilməsi davam
etdirilmişdir. Regionlarda müasir texnologiyalara əsaslanan
kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı genişləndirilmiş, müasir
quşçuluq, heyvandarlıq kompleksləri
yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşmışdır.
İntensiv metodlara əsaslanan aqrar sektorun
yaradılmasına yönəlmiş siyasət, həyata
keçirilən dövlət dəstəyi tədbirləri nəticəsində
kənd təsərrüfatı məhsullarının
istehsalı və ixracı artmış, özünütəminat
səviyyəsi yüksəlmişdir.
Kənd təsərrüfatı torpaqlarında
kollektor-drenaj şəbəkələri, suvarma kanalları
tikilmiş və yenidən qurulmuş, torpaqların su təminatı,
meliorativ vəziyyəti
yaxşılaşdırılmışdır. Bundan əlavə,
2013-cü ildə istifadəyə verilmiş Taxtakörpü
Su Anbarı, son 10 ildə tikinti və yenidənqurma işləri
aparılmış Naxçıvanda Vayxır, Cəlilabadda
Göytəpə, Hacıqabulda Pirsaat, Şamaxıda Zoqalavaçay
su anbarları, Türyançay və Bəhrəmtəpə
hidroqovşaqları, Taxtakörpü-Ceyranbatan, Yuxarı
Qarabağ, Yuxarı Şirvan, Yuxarı Mil kanalları
regionların su təminatının daha da
yaxşılaşdırılmasında, əlavə torpaq sahələrinin
dövriyyəyə cəlb edilməsində əhəmiyyətli
rol oynayır. Şəmkirçay Su
Anbarının tikintisinin başa çatdırılması
bu sahədə əlavə imkanlar yaradacaqdır.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
yeni kombayn, traktor, ekskavator və digər kənd təsərrüfatı
texnikaları və texnoloji avadanlıqları alınaraq
fermerlərə lizinqə verilmiş və ya lizinq yolu ilə
satılmışdır. Bundan başqa,
torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa
nail olmaq, eləcə də heyvanların cins tərkibini
yaxşılaşdırmaq məqsədilə müxtəlif
növ mineral gübrələr, ətlik və südlük
istiqamətdə iribuynuzlu damazlıq heyvanlar güzəştli
şərtlərlə lizinqə verilmişdir.
Dövlət
başçısının göstərişinə əsasən
yaradılmış pilot taxılçılıq təsərrüfatında
ötən il rekord həcmdə - hər
hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq
yüksək keyfiyyətli qarğıdalı
yığılmışdır. Hazırda Beyləqan,
Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri
fermer təsərrüfatının yaradılması işləri
aparılır.
Ölkəmizin üzümçülük sahəsindəki
əvvəlki şöhrətinin qaytarılması ilə
bağlı müəyyən edilmiş vəzifənin
icrası istiqamətində “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı” çərçivəsində
işlər sürətləndirilmiş, üzüm
istehsalı artmış, müasir texnologiyalara əsaslanan
şərabçılıq müəssisələri
açılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
verilmiş güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı layihələrinə
yönəldilmişdir. Son 10 ildə ölkə regionlarında güzəştli
kreditlər hesabına ət və süd, meyvə-tərəvəz
istehsalı və emalı, sənaye, quşçuluq və s.
sahələrdə yeni müəssisələr istifadəyə
verilmiş, intensiv bağçılıq və
üzümçülük təsərrüfatları,
müasir istixana və taxıl anbarı kompleksləri, kənd
təsərrüfatı məhsullarının tədarükü,
saxlanması və satışı üzrə logistik mərkəzlər
yaradılmış, 94 minə yaxın yeni iş yeri
açılmışdır.
Aqrar sektorda emalçılarla istehsalçılar
arasında münasibətlərin tənzimlənməsi,
fermerlərin dövlətin dəstək mexanizmlərindən
səmərəli istifadə etməsi məqsədilə
regionlarda 50 başlıq südlük cins iribuynuzlu ailə təsərrüfatlarının
yaradılmasına başlanılmışdır. Bu mexanizm ət
və süd məhsulları istehsalının
artırılmasında, emal sənayesinin davamlı və fasiləsiz
xammalla təmin olunmasında, iribuynuzlu mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasında, kiçik
sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli
olacaqdır.
Həyata keçirilən tədbirlər kənd təsərrüfatı
və ərzaq məhsulları ilə özünü təminetmə
səviyyəsinin yüksəlməsində, əhalinin ilboyu
keyfiyyətli yerli məhsullarla təminatında, ixracın
artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində
əhəmiyyətli rol oynayır.
Dövlət proqramlarının icrası müddətində
yeni ixrac bazarlarının müəyyənləşdirilməsi
və ərzaq məhsullarının ixracının
artırılması daim diqqət mərkəzində
saxlanılmışdır. Bu sahədə ixrac
qabiliyyətli müəssisələrin yaradılması, eləcə
də qablaşdırma, saxlanma, daşınma
imkanlarının artırılması üzrə layihələr
həyata keçirilmiş, Qazaxıstanın Aktau şəhərində
logistik mərkəzin yaradılmasına
başlanılmışdır. Ümumilikdə 10 il ərzində
qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən
meyvə-tərəvəz emalı məhsullarının
ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının
çeşidi 1,7 dəfə, ixrac ölkələrinin
sayı isə 20 vahid artmışdır.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarının icrasına həsr olunmuş
konfransda dövlət başçısının müəyyənləşdirdiyi
kimi, kənd təsərrüfatının inkişafı
növbəti illərdə də iqtisadi sahədə prioritet
olaraq qalacaq, kənd təsərrüfatının elmi əsaslarla
inkişafı, mütərəqqi metodların tətbiqi, məhsuldarlığın
artırılması, müasir texnikanın alınması,
bölgələr üzrə ixtisaslaşmanın
aparılması, torpaqların elektron uçot sisteminin qurulması,
iri fermer təsərrüfatlarının, aqroparkların,
logistik mərkəzlərin, ailə-fermer təsərrüfatlarının
yaradılması, yerli istehsalın gücləndirilməsi
işləri davam etdiriləcək, ən əsası isə
ölkəmizdə ərzaq təhlükəsizliyinin 100 faiz
daxili istehsal hesabına təmin edilməsi hədəfinə
nail olunması istiqamətində kompleks tədbirlər həyata
keçiriləcəkdir.
- Dövlət
proqramlarının regionlarda sahibkarlığın
inkişafında rolu barədə nə deyərdiniz?
-
Xüsusilə vurğulamalıyam ki, Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi
“Sahibkarlığın inkişafı dövlət siyasətidir
və dövlət siyasəti kimi qalacaqdır” strateji xətti
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının da başlıca istiqamətlərindən
olmuşdur. Bu prinsipə uyğun olaraq, son 10 ildə
biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi sahəsində ardıcıl tədbirlər
həyata keçirilmişdir. Qanunvericilik
bazasının təkmilləşdirilməsi, korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, 400-dən çox xidmətin elektron
qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi,
10 il ərzində regionlarda 100 mindən çox sahibkarın
iştirakı ilə keçirilmiş 1200-ə yaxın
maarifləndirmə, biznes forum, konfrans və digər tədbirlərin
nəticəsidir ki, hazırda regionlarda güclü özəl
sektor formalaşmışdır. Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına regionlarda 18 minə
yaxın sahibkara 945,9 milyon manat güzəştli
kredit verilmişdir. Güzəştli kreditlərin 78 faizi,
açılan iş yerlərinin 81 faizi regionların
payına düşür.
“Azərbaycan
İnvestisiya Şirkəti” paytaxt Bakı ilə
yanaşı, regionlarda da qeyri-neft sektorunun inkişafı, yeni
texnologiyalara əsaslanan müəssisələrin
yaradılması istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirmiş, bir sıra iri layihələrdə,
o cümlədən “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum”
və “Dəvəçi Broyler”də həyata keçirilən
layihələrdə fəal iştirak etmişdir.
Bütün
bunların nəticəsidir ki, məşğulluqda özəl
sektorun payı 74 faizə,vergi daxilolmalarında 72,5 faizə
yüksəlmiş, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə
artmış, ÜDM-də özəl sektorun xüsusi çəkisi
80 faizi ötmüşdür. Rəqəmlərdən
də göründüyü kimi, dövlət
proqramlarının uğurlu icrası regionlarda,
bütünlükdə ölkədə özəl bölmənin
inkişafına böyük təkan vermiş, sahibkarlıq fəaliyyətinin
daha da genişlənməsinə səbəb olmuşdur.
- Dövlət
başçısı üçüncü regional
proqramın hazırlanması barədə tapşırıq
vermişdir. Yeni proqramda hansı istiqamətlər
nəzərdə tutulur?
- Dövlət
başçısının tapşırığına
uyğun olaraq hazırlanan, 2014-2018-ci illəri əhatə edəcək
yeni Dövlət Proqramı əvvəlki dövlət
proqramlarının məntiqi davamı olacaq. Şübhəsiz
ki, üçüncü Dövlət Proqramı əvvəlki
proqramlar kimi, ölkədə qeyri-neft sektorunun sürətli
inkişafına, ixracyönümlü və rəqabətədavamlı
məhsul istehsalının artmasına, regionlarda, xüsusilə
kəndlərdə infrastruktur və kommunal xidmətlərlə
təminat səviyyəsinin yaxşılaşmasına,
sahibkarlığın inkişafına, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsinə öz əhəmiyyətli
töhfəsini verəcəkdir.
Sonda bir daha vurğulamaq istərdim ki, regionların
inkişafına dair dövlət proqramlarının icrası
mühüm sosial, iqtisadi nəticələrlə yadda
qaldı. Görülən işlərin miqyası, əhatəliliyi,
davamlılığı bir daha göstərir ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə şəhərlər,
rayon və qəsəbələr, ucqar kəndlər,
bütünlükdə müstəqil Azərbaycan sürətlə
inkişaf edir, ölkəmiz qüdrətlənir, Azərbaycan
vətəndaşının rifahı daha da yüksəlir.
Dövlət başçısının dediyi kimi: “Bu gün Azərbaycan dünya miqyasında ən
sürətlə və uğurla inkişaf edən ölkələrin
sırasındadır. Əminəm ki, növbəti illərdə
biz öz inkişaf dinamikamızı saxlayacağıq,
ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik”.
Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 3.