Qubadlı: ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

 

Dünən Qubadlı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş şura yığıncağında 2013-cü ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov geniş hesabat məruzəsi ilə  çıxış etmişdir.

Malik müəllim  ilkin olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının nitqində irəli sürülən müddəalar və tələbləri diqqətə  çatdırmışdır. Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinin həlli istiqamətində dövlətimizin apardığı siyasətə  diqqəti yönəldən məruzəçi 20 min köçkünün yeni inşa olunmuş mənzillərdə yerləşdildiyini, cari ildə də o qədər əhalinin yeni mənzillərə köçürüləcəyini xüsusi olaraq vurğulamışdır.

Rayonda  ötən ilin yekunlarından danışan məruzəçi  bildirmişdir ki, 2013-cü il ərzində rayonda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir. Bakı şəhərində yataqxanalarda, Mingəçevir şəhərində, Quba və Bərdə rayonlarında məskunlaşan 86 ailə Dövlət Proqramı çərçivəsində mənzillə təmin olunmuşlar. Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşan 4 məcburi köçkün ailəsinin hər birinə 35 min manat verilərək onların başqa yerdə məskunlaşmasına şərait yaradılmışdır.

Rayon icra hakimiyyəti qış mövsümünə hazırlıq məqsədilə əhalinin sıx məskunlaşdığı binalarda dam örtüklərinin təmirinə xüsusi diqqət ayırmış, bir sıra məskunlaşma yerlərində təmir işləri aparılmasını təmin etmişdir.

Rayon İH-in  yeni binasında əlavə bir mərtəbə  tikilərək orada nəfis tərtibatlı 150 nəfərlik akt zalı və rayon Tarix Diyarşünaslıq Muzeyi üçün zal yaradılmışdır.

 İl ərzində iqtisadiyyatla məşğul olanların sayı 10 min 680 nəfər olmuşdur ki, onların 3 min 17 nəfəri dövlət müəssisələrində, 7 min 663-ü isə qeyri-dövlət müəssisələrində çalışır.

Ötən il  təhsil sahəsində də xeyli görülmüş, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olunmuşdur. Rayonda fəaliyyət göstərən 31 tam və 1 ümumi orta məktəbdə 6773 şagird təhsil alır. Qeyd edilmişdir ki, 2013-cü ildə rayonun ümumtəhsil məktəblərini 339 nəfər bitirmişdir. Onlardan 290 nəfəri ali məktəblərə sənəd vermiş, 167 nəfəri müxtəlif təhsil müəssisələrinə qəbul olmuşlar. Ali məktəblərə qəbul 57,6 faiz olmuşdur. Bu ötənilki nəticədən yaxşı olsa da, arxayınçılıq yaratmamalıdır.

Müasir avadanlıqlarla və ixtisaslı tibb personalı ilə təmin edilən rayon poliklinikasına indi təkcə bizim sakinlər deyil, digər şəhər və rayonlardan olan sakinlər də müraciət edirlər. İl ərzində 336 şəkərli diabeti olan xəstələr pulsuz dərmanla təmin edilmişdir.

Gənclərlə bağlı dövlətin müəyyənləşdirdiyi strateji kursa uyğun rayonumuzda da ardıcıl aparılır. Gənclərimizə ən məsul vəzifələr etibar edilir. Sözsüz ki, onlara göstərilən etimad gənclərimiz qarşısında daha məsuliyyətlə işləmək vəzifəsini qoyur. Ötən il ərzində  6 idmançının beynəlxalq yarışlarda iştirakına yardımçı olmuşdur. Hesabat ilində 3 idmançımız dünya çempionu, 4 idmançımız isə Avropa çempionu adını qazanmışdır. 48 idmançımız respublika səviyyəli turnirlərin qalibi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbiri ötən il yüksək səviyyədə qeyd edilmiş, rayonun ermənilər tərəfindən işğalının 20 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Hərtərəfli hazırlıq işləri anım tədbirlərinin yüksək səviyyədə keçirilməsinə imkan vermişdir. Bakı şəhəri, “Şəhriyar” adına Mədəniyyət Evində işğal günü ilə bağlı keçirilən tədbirdə xarici səfirliklərin, beynəlxalq ictimai təşkilatların nümayəndələrinin iştirakı təmin edilmişdir. Həmin tədbirdə “Yol gedir Qubadlıya” filminin nümayişi keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən rayon icra hakimiyyətinin sifarişi əsasında hazırlanaraq Azərbaycan, ingilisrus dillərində nəşr olunmuş Qubadlının tarixini əks etdirən “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı çox əhəmiyyətli kitab tədbir iştirakçılarına paylanmışdır. “20 il Qubadlı həsrəti ilə” kitabı da ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.

Rayonun ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının yerli təşkilatı aparıcı yer tutur. Rayonda yaradılmış 38 təbliğat qrupu tərəfindən il ərzində ölkəmizdəki və dünyadakı vəziyyət, ictimai-siyasi proseslərin meyilləri barədə əhali arasında aparılmış, Azərbaycan Respublikası Prezidentinin nitq və məruzələrinin öyrənilməsi, ölkəmizdə həyata keçirilən xaricidaxili siyasətin hədəfləri barədə dinləyicilərə dolğun məlumat verilmişdir.

Malik müəllim diqqəti bu il fevral ayının 5-də Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransında ölkə başçısının çıxışına yönəltmişdir. Həmin proqramların mühüm rol oynadığını vurğulayan respublika Prezidenti ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nətcəsində ölkəmizin Cənubi Qafqazın ümumi iqtisadiyyatının  dörddə üçünə  sahib olan bir diyara çevrildiyini bildirmişdi. Prezident İlham Əliyev demişdir ki, biz güclü dövlət, güclü iqtisadiyyat qurmuşuq. Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitliyi qoruyan şərtlər xalqla iqtidar arasındakı birlikdir. Xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır.

Azərbaycan Prezidenti bütün məmurlara xəbərdarlıq etmişdir ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa yer olmamalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Məruzəçi bildirdi ki, cari və sonrakı illərdə bütün imkanları ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə yönəltməliyik.

Sonra rayon maliyyə şöbəsinin rəisi Kəmaləddin Rüstəmov, rayon mərkəzi xəstəxanasının baş həkimi  Nüsrət Əhmədov, rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva,    Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Rüstəmov, rayon polis söbəsinin rəisi  Nizami Əhmədov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul nümayəndəsi  Rövşən Ağayev, Milli Məclisin deputatı İmanverdi İsmayılov  çıxış edərək  rayonda  ötən il həyata  keçirilmiş tədbirlərdən    qarşıda  duran  vəzifələrdən danışmışlar.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 6.