Buz meydanda idman rəqsləri - ifa edir Azərbaycan fiqurlu konkisürənləri

 

Rusiyanın Soçi şəhərində davam edən XXII Qış Olimpiya Oyunlarının növbəti yarış günündə fiqurlu konkisürənlərin çıxışları böyük maraqla izlənilmişdir. Qısa proqram üzrə mübarizə aparıb idman rəqslərində ustalığını nümayiş etdirən 24 cütlük arasında Azərbaycanın Yuliya Zlobina-Aleksey Sitnikov  dueti də olmuşdur.

Təmsilçilərimiz proqramı kifayət qədər inamla yerinə yetirmiş və hakimlər onların çıxışlarını 58,15 balla qiymətləndirmişlər. Bu isə yekunda 14-cü nəticə olmuşdur. İlk üç yeri ABŞ idmançıları Meril Devis və Çarli Uayt (78,89), kanadalılar Tessa Virtu-Skott Moyr cütlüyü (76,33) və Rusiyanın Yelena İlyınıx-Nikita  Katsalapov (73,04) dueti tutmuşlar. Türkiyə təmsilçiləri Alisa Aqafonova və Alper Uçarın (49,84 bal)  22-ci  nəticə göstərdiklərini də qeyd edək.

Fiqurlu konkisürənlərin yarışlarında çempion və mükafatçılar iki proqram üzrə çıxışların yekununda müəyyənləşdirilir. Dünən axşam bu turnirin iştirakçıları sərbəst proqramı yerinə yetirmişlər. Olimpiadanın medallarını hansı cütlüklərin qazanacağı da bu startlardan sonra məlum olacaqdı.

Oyunların proqramında ən populyar növlərdən biri olan kişilərin xokkey turnirində növbəti görüşlər belə nəticələnmişdir: Rusiya-Slovakiya-1:0, Avstriya-Norveç-3:1, Sloveniya-ABŞ-1:5, Finlandiya-Kanada-1:2. Dörddəbir  finala ilk dörd vəsiqəni öz qruplarında birinci yeri tutan İsveç, ABŞ, Kanada və Finlandiya komandaları qazanmışlar.

Olimpiadanın ümumkomanda hesabında əvvəlkitək  Almaniya liderdir. Bu ölkənin idmançıları dünənki startlaradək 12 medal-7 qızıl, 3 gümüş və 2 bürünc mükafata sahib olmuşlar. Medal qazanmış ölkələrin siyahısında onların ən yaxın izləyiciləri Hollandiya (5 qızıl, 5 gümüş və 7 bürünc mükafat) və Norveçdir (5+3+6). Rusiya olimpiyaçıları 4 qızıl, 7 gümüş və 5 bürünc medalla beşinci mövqedədirlər. Digər yaxın xaric ölkələrindən Belarusun (10-cu yer) 3 qızıl, 1 bürünc, Latviyanın (22- ci yer) 1 gümüş, 2 bürünc, müvafiq surətdə 25-ci və 26-cı pillələrdə olan  Qazaxıstanla Ukraynanın hərəyə 1 bürünc mükafatı vardır.

Dünən XXII Qış Olimpiya Oyunlarının iştirakçıları daha yeddi dəst medal uğrunda mübarizə aparmışlar. Onu da  xatırladaq ki, bu gün Azərbaycanın daha bir idmançısı Qaya Bassani mübarizəyə qoşulub dağ xizəkçiliyi məsafəsinə çıxacaq. Bu növdə digər təmsilçimiz də artıq start ərəfəsindədir. Patrik Braxner sabah ustalığını nümayiş etdirəcək.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 7.