Neftçala: uğurlar dinamik səciyyə daşıyır

 

Ölkəmizdə gedən davamlı inkişaf proseslərində Neftçalanın da öz rolu var. Son illərdə bu rayon xeyli gözəlləşib, əhalinin həyat şəraiti yaxşılaşıb. Regional inkişaf üzrə Dövlət Proqramı sayəsində Neftçalada bir sıra problemlər uğurlu həllini tapıb. Kürün deltası, Xəzərin qumsal sahilləri indi artıq qonaqların da diqqətini yetərincə cəlb etməyə başlayıb.  İqtisadiyyatın tərəqqisi ümumi irəliləyişdə aparıcı rol oynayır. İlin yekunlarınıın müzakirəsi zamanı bu barədə səslənmiş fikirlər nikbinlik yaradır. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin bildirdiyinə görə, rayonda ümumi məhsul istehsalının həcmi  bir ildə on faizədək artıb. Onun tərkibində kənd təsərrüfatının, rabitə, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi üstünlük təşkil etsə də, sənaye məhsulu da çoxalmaqdadır. Qeyri-dövlət bölməsinin payı 90 faizə yaxındır.

Rabitədə ümumi xidmətin 95 faizi bilavasitə əhalinin payına düşür.  Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 259,7 manat təşkil edir.  Sahibkarlara və vətəndaşlara 6 milyon 372,1min manat kredit verilmişdir ki, bu da 2012-ci il ilə müqayisədə 75 faiz çoxdur. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 23 nəfər sahibkara verilən kreditin həcmi 257 min manat  olmuşdur.

Ötən il rayonda 5 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa edilmiş, 601 fiziki şəxs fəaliyyətə başlamışdır. Bununla da 681 daimi yeni yeri açılmış, mövsümü işlərə 1211 nəfər cəlb olunmuşdur.

Rayonda fəaliyyət göstərən nərəbalıqartırma zavodları tərəfindən 3 milyon 461,7 min ədəd nərə cinsli körpə balıq yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2012-ci ilin müvafiq göstəricidən  xeyli çoxdur. Aqrar sahənin inkişafı da aşkardır: 80 milyon 686 min manatlıq məhsul.

 İl ərzində rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 11 milyon 45 min manat olmuşdur  ki, bu da əvvəlki  illə müqayisədə   təxminən yarıbayarı çoxdur.

Şəhərin Heydər Əliyev prospektinin yenidən qurulması,  təzə parkların salınması, prospekt boyunca abadlaşdırılma işləri, Heydər Əliyev mərkəzinin, “Bayraq” meydanının, “Şəhidlər Kompleksinin, Kür çayı sahilində “Bulvar”ın, yeni müasir saat qülləsinin tikintisi, uzunluğu 3,7 km olan, Neftçala şəhərini iki hissəyə ayıran “Axmaz gölün ekoloji cəhətdən sağlamlaşdırılması, Kür çayı sahilində, Bankə  qəsəbəsində mini futbol meydançasının inşası davam etdirilir. Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən futbol meydançası istifadəyə verilib, icra hakimiyyətinin yeni inzibati binasında son tamamlama işləri aparılır. Xəzər kənd tam orta məktəbi üçün yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Kürkənddə 200 yerlik, Yuxarı Qaramanlıda 360 yerlik məktəb binalarının inşası, Aşağı Surra məktəbinin əsaslı təmiri və 10 əlavə sinif otağının tikintisi davam etdirilir. Rayon təhsil şöbəsi və 11 məktəb sürətli internetə qoşulmuş, daha 14 məktəbin də bu texnologiyaya qoşulması üçün lazımi texniki işlər görülmüşdür.

Qarabağ veteranları və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 90 mənzilli binanın inşası və Olimpiya İdman Kompleksinin tikintisi ilə əlaqədar ərazilər də ayrılmış və inşaat işlərinə başlanılmışdır.

Hazırda Neftçala şəhərinin abadlaşdırılması davam edir, binaların fasad hissəsinin   üzlənməsi, dam örtüklərinin dəyişdirilməsi həyata keçirilir.

Səhiyyə, mədəniyyət, gənclərlə idman sahələrində bir sıra tədbirlər görülmüş, uğurlar qazanılmışdır. Avqust ayından mərkəzi xəstəxananın əsaslı təmirinə başlanmışdır. Xəstəxana korpuslarının yenidən qurulması və  burada müasir standartlara cavab verən bir kompleksin istifadəyə verilməsi nəzərdə tutulur.   Rayon icra hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə 43 səyyar görüş və qəbul keçirilmiş, bu görüşlərdə 5137 nəfər iştirak etmişdir. Görüşlərdə 229 nəfər  143 tənqidi qeyd və təkliflə çıxış etmişdir. Qaldırılan məsələlərin həlli istiqamətində əməli tədbirlər görülmüşdür. İcra aparatında başçı tərəfindən 227 vətəndaş qəbul olunmuşdur.

İnsan amilinə üstünlük verilməsi dövlətimizin daxili siyasətinin əsasını təşkil edir. Neftçalada da bu yöndə həyata keçirilən tədbirlər səmərəsini verməkdədir. Rayon mərkəzinin siması yaxşılığa doğru dəyişdiyi kimi, kənd və qəsəbələr də abadlaşdırılır. İdarəetmədə özünü doğruldan üsulların, inkişaf layihələrinin ardıcıl tətbiqində müsbət meyllər yetərincədir. Neftçalanın magistral yoldan kənarda, gözdən-könüldən uzaqda olması onun sürətli inkişafına qətiyyən mane olmur. Kürlə Xəzərin qovuşduğu diyar dövlət qayğısı sayəsində özünün ikincidaha gözəl gəncliyinə qovuşur. Yenilik əzminin burada bütün sahələri əhatə etməsi təqdirəlayiqdir. Uğurların ardıcıl səciyyə daşıması fərəh yaradır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 6.