NAXÇIVAN: Babək rayonunun Cəhri kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasında  həyata keçirilən quruculuq işləri Babək rayonunu da əhatə etmiş, kənd yaşayış məntəqələrində yeni sosial obyektlər tikilərək istifadəyə verilmiş, inkişaf davamlı xarakter almışdır.

Fevralın 19-da Cəhri kənd 1 nömrəli tam orta məktəbinin binası istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev tədbirdə çıxış edərək demişdir ki, müasir kənd yaşayış məntəqəsinə çevrilən Cəhridə insanların problemləri vaxtlı-vaxtında həll olunur. Başçı yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Cəhri kənd 1 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik etmişdir.

828 şagird yerlik məktəbdə elektron lövhəli siniflər, 3 kompyuter otağı, kitabxana, idman zalı, hərbi kabinə, laboratoriyalar yaradılmış, gələcək perspektiv nəzərə alınaraq bir növbəli fəaliyyət təmin edilmişdir.

Ali Məclisin sədri Babək rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmişdir.

Cəhri kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir. Ali Məclisin sədri qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirmiş, sakinləri kənddə istifadəyə verilən yeni sosial obyektlər münasibətilə təbrik etmişdir.

Cəhri kənd xidmət mərkəzində 2  bərbərxana, 2 qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla 3 mağaza fəaliyyət göstərəcəkdir. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.

Həmin gün Cəhri kənd sahə xəstəxanasının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Cəhri kənd sahə xəstəxanasının istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik etmişdir.

1892-ci ildə əsası qoyulan və 1904-cü ildə 6 çarpayılıq sahə xəstəxanasına çevrilən Cəhri kənd sahə xəstəxanası bu gün tam müasir tələblər səviyyəsində qurulmuş, lazımi tibbi avadanlıqlarla təmin edilmişdir. Xəstəxanada stasionarpoliklinika şöbələri, eləcə də doğuşginekologiya bölməsi fəaliyyət göstərir. 2 mərtəbəli binada palatalar, inzibati hissə, qəbul-qeydiyyat üçün otaqlar, stomatologiya,  ultrasəslə müayinə, rentgen, peyvənd kabinələri, laboratoriya, fizioterapiya, bufet, yeməkxana, arxiv, təsərrüfat otaqları və anbar vardır.

Xəstəxana ultrasəslə müayinə, mobilstomatoloji rentgen aparatları, stomatoloji qurğu, doğuş və cərrahi alət dəstləri, EKQ, hemotoloji avtoanalizatorfizioterapiya aparatları ilə təmin edilmişdir.

 

* * *

 

Cəhri kəndində aparılan tikinti işləri zamanı kəndaxili 2,8 kilometr yola asfalt örtük salınmışdır. Həmçinin kənddə rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud telefon stansiyası 1024 nömrəlik yeni nəsil avtomat telefon stansiyası ilə əvəz edilmiş, Cəhri və Gülşənabad kəndlərini əhatə edən 256 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılmış, 400 metr rabitə xətti çəkilmişdir. Aparılan abadlıq işləri elektrik, qazsu təsərrüfatını da əhatə etmiş, 850 metr yeni elektrik verilişi xətti çəkilmiş, 550 metr qaz xəttinin yeri dəyişdirilmiş, 2020 metr uzunluğunda içməli su xəttində isə təmir-bərpa işləri aparılmışdır.

 

Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 4.