Yaşlı nəslin təcrübəsi öyrənilir

 

Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirilmişdir.

 Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə adıçəkilən komitənin sədr müavini Aynur Sofiyeva, icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  rayon qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, psixoloq Narınc Rüstəmova, din xadimi Musa İbrahimov, həmçinin yaşlı və gənc nəslin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva möhkəm və sağlam ailənin cəmiyyətdəki rolundan danışmış, güclü dövlətin məhz belə ailələrdən təşkil olunduğunu bildirmişdir. Hazırda dövlət tərəfindən ailələrə göstərilən qayğıdan bəhs edən A.Əliyeva gənclərin ailə dəyərlərini qorumaq və ailəni möhkəm təməllər üzərində formalaşdırmaq baxımından yaşlı nəslin əldə etdiyi sosial təcrübədən faydalanmasının vacibliyini vurğulamışdır. RİH başçısının müavini bu baxımdan belə maarifləndirici tədbirlərin əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Komitənin sədr müavini Aynur Sofiyeva çıxışında ölkədə ailə məsələlərinə önəm verildiyini diqqətə çatdıraraq, bu tədbirin yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını xatırlatmışdır.

Tədbirdə çıxış edənlər möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruriliyini,  sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu, ailə münasibətlərinin möhkəmlənməsində milli-mənəvi dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırmışlar.

Uzunömürlü ailə başçısı olan  professor Dünyamalı Vəliyev möhkəm ailə münasibətlərinin yaranmasının səbəblərini izah etmiş, gənc ailələrə dəyərli tövsiyələr vermişdir. Gənc ailə başçısı kimi isə Vasif Abdullayev mövzu ətrafında öz fikirlərini bildirmişdir.

Sonda uzunömürlü və gənc ailəyə Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 7.