Nəsimi rayonu: yeniləşmə və inkişaf dinamik prosesə çevrilmişdir

 

Ölkəmizdə 2013-cü ildə sosial-iqtisadi sahədə qazanılan uğurlarda paytaxtın Nəsimi rayonunun da öz payı olmuşdur. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 1 milyard 332 milyon 457 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 9,2 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşu 2012-ci ilə nisbətən 24,8 faiz artaraq 674 milyon 911 min manat olmuşdur. Sənaye məhsulu istehsalı 19, 7 faiz yüksələrək 392 milyon 825 min manat,  tikinti-quraşdırma işlərinin həcmi isə 421 milyon 819 min manat təşkil etmişdir.

Nəqliyyat müəssisələri tərəfindən görülmüş və xidmətlərin həcmi əvvəlki ilə nisbətən 6,8 faiz yüksələrək 447 milyon 696 min manat, rabitə müəssisələrində isə bu göstərici 1,8 dəfə artaraq 50 milyon 458 min manat təşkil etmişdir.

Keçən il rayonda 2634 yeni yeri açılmışdır. 2013-cü ildə rayonda istehlakçıları fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchiz etmək üçün 10 transformator məntəqəsi əsaslı təmir olunmuş, 1 yeni transformator məntəqəsi inşa edilərək istismara verilmişdir. 54 min 142 metr müxtəlif markalı kabel xətləri dəyişdirilmiş, 200 ədəd elektrik dayağı quraşdırılmışdır. İl ərzində 265 ədəd elektrik dirəyi dəyişdirilmiş, 182 ədəd çıraq yeniləri ilə əvəz olunmuş, 44 məhəllədaxili elektrik xətləri təmir olunmuş, 12502 metr kabel dəyişdirilmişdir.

Keçən il rayonda müxtəlif diametrli 5700 metr qaz kəməri çəkilmiş, 17761 ədəd mexaniki qaz sayğacı “Smart-karttipli sayğacla əvəz olunmuşdur. İstehlakçılara 9 milyon 525 min 56 manat dəyərində təbii qaz satılmış və satış 100 faiz ödənilmişdir.

Ötən il rayonda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilmişdir.

20 Yanvar, S.Vurğun, Cavadxan, H.Seyidzadə küçələrində, Vaqif, Azadlıq, Tbilisi prospektlərində, ümumilikdə 10 minə yaxın ağacgül kolları əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır.

 Azadlıq prospekti ilə S.Rəhimov küçəsinin kəsişməsində 5115 kvadratmetrlik ərazidə yeni park salınmış və burada məşhur serb alimi Nikola Teslanın abidəsi ucaldılmışdır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Serbiya Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç iştirak etmişlər.

Keçən il rayon ərazisindəki Füzuli və M.A.Əliyev küçələri arasındakı Mərkəzi parkın açılışı olmuşdur. Şəhərdəki bu ən böyük parkda 5 fəvvarə kompleksi, 7 yeraltı keçid inşa edilmiş, əlillər üçün xüsusi qurğular quraşdırılmışdır. Parkda 2 minə yaxın ağac və 10 minə yaxın bəzək klou əkilmişdir. Burada üçmərtəbəli, ümumi sahəsi 21 hektar olan 4 min yerlik yeraltı avtomobil dayanacağı inşa olunmuşdur. Füzuli küçəsinin genişləndirilməsi zamanı 18 min ton ağırlığında tarixi memarlıq binasının görkəmi saxlanılmaqla sürüşdürmə yolu ilə yerinin 10,5 metr dəyişdirilməsi prosesi həyata keçirilmişdir. Hazırda 2-ci mikrorayondakı “Heydər parkı”nda, Cavadxan küçəsindəki parkda və ətraf ərazidə abadlıq və yenidənqurma işləri, Respublika Velotrekində yenidənqurma və bərpa işləri davam etdirilir.

Ötən il 9 ünvanda binaların fasadları müasir memarlıq elementləri ilə işlənməklə təmir olunmuş, 11 ünvanda isə hazırda binaların fasadlarında təmir işləri aparılır. Müxtəlif ünvanlarda, ümumilikdə 89510 kvadratmetr asfalt, 10 min kvadratmetr tamet plitə vurulmuşdur. İl ərzində 12890 kvadratmetr dam örtüyü təmir olunmuş, 3715 metr ventilyasiya kanalları və tüstü bacaları təmizlənmiş, 368 giriş qapısı təmir edilmiş, 1029 kvadratmetr ümumi istifadə yerləri şüşələnmiş, 462 metr suaxıdıcı borular təmir edilmiş, 1537 metr istilik boruları yeniləri ilə əvəzlənmişdir.

Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini 1794 nəfər bitirmiş, onlardan 1224-ü ali məktəblərə qəbul olunmuşdur. Məzunlardan 58-i 600-dən, 21-i isə 650-dən çox bal toplamışdır, 4 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. 2012-2013-cü tədris ilinin nəticələrinə görə, rayondakı 3 tam orta məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi”, 8 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşlar.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı keçən il 9, 19, 159, 211 və 240 saylı tam orta məktəblərdə əsaslı təmir işləri aparılmış, 5 və 151 saylı tam orta məktəblərdə əlavə korpuslar tikilərək istifadəyə verilmiş, 20 saylı uşaq musiqi məktəbində yeni korpus inşa edilmişdir. Hazırda 46 və 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində əsaslı təmir işləri görülür. Keçən il 45,74, 92 və 100 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, daha dörd körpələr evlərində isə həmin işlər görülür.

Keçən il ümumi sahəsi 45 min kvadratmetr olan orijinal memarlıq üslubunda inşa edilmiş Azərbaycan Tibb Universitetinin 13 mərtəbəli Tədris-cərrahiyyə korpusu istifadəyə verilmişdir.

Əhalinin kənd təsərrüfatı mallarına tələbatını lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri “Təzə Bazar” MMC və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində satış yarmarkaları ötən il də fəaliyyətlərini davam etdirmişlər. Ticarət və xidmət şəbəkələrində mənşəyi məlum olmayan, aşağı keyfiyyətli, standartlara cavab verməyən və insan sağlamlığı üçün təhlükəli olan malların satışı və xidmətlərin qarşısının alınması məqsədilə məsul orqanlarla birgə tədbirlər keçirilmişdir.

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar rayon icra hakimiyyətində hazırlanmış fəaliyyət planına uyğun olaraq rayonda dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının vətəndaşlar arasında təşviq edilməsi məsələsi daim nəzarətdə saxlanılmış, ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilmiş, dəyirmi masalar keçirilmiş, vətəndaşların təklif və rəylərinin qəbulu üçün rayon icra hakimiyyətinin saytında xüsusi bölmə yaradılmışdır. İl ərzində Rayon İcra Hakimiyyətində və onun struktur bölmələrində “Açıq qapı” vətəndaş forumları keçirilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Qaynar xətt” vasitəsilə daxil olan məlumatlarla əlaqədar yaradılmış tədbirlər sistemi daha da təkmilləşdirilmişdir. İdarəetmənin operativliyi baxımından Nəsimi rayonu ərazisində 3 Sahə İnzibati Ərazi Dairəsinin yaradılması öz səmərəsini verməkdədir. Ötən il Nəsimi Bələdiyyəsinin fəaliyyətində irəliləyişlər olmuş, onu büdcəsi artırılmışdır.

İl ərzində Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclaslarında sosial-iqtisadi vəziyyət müzakirə olunmuş, vətəndaşların təklif və şikayətləri şuranın qərarlarında və rayon icra hakimiyyəti başçısının sərəncamlarında nəzərə alınmışdır. Vətəndaşların yazılı və şifahi müraciətləri, onların problemlərinin həlli diqqət mərkəzində olmuşdur. O qəbullarda rayon icra hakimiyyəti başçısı tərəfindən 1723 vətəndaşın müraciəti dinlənilmiş və qanunvericiliyə müvafiq bütün müraciətlər öz həllini tapmışdır. Ötən il 44 səyyar qəbulda 244 nəfərin problemləri yerində öyrənilmiş və onların həlli üçün operativ tədbirlər görülmüşdür. Əlillərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan bütün insanların problemləri daim diqqət mərkəzində olmuşbu istiqamətdə lazımi tədbirlər həyata keçirilmişdir.

İctimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş dəyirmi masalarda insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə geniş müzakirələr aparılmışdır.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2014.- 21 fevral.- S. 9.