Vergilər naziri Fazil Məmmədov Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul fevral ayının 21-də vergilər naziri Fazil Məmmədov tərəfindən Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından olan vətəndaşlar üçün keçirilmişdir. Vergilərin hesablanması, ödənilməsi, nəzarət- kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dən çox vətəndaş vergilər nazirinə müraciət etmişdir.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirmişlər.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 2.