Xocalı soyqırımının müqəssirləri Haaqa Məhkəməsində cavab verməlidirlər

 

Fevralın 21-də Bakıda Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" adlı II beynəlxalq konfrans keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Türkiyə, Ukrayna, Moldova, İsrail, Belarus və digər ölkələrdən olan elm xadimləri, siyasətçilər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qaradağ rayonundakı abidəsinin önünə gül dəstələri düzdülər. Lökbatan qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı ilə bağlı sərgiyə baxdıqdan sonra tədbirin əsas hissəsi başladı. Xocalıda qətlə yetirilən həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və faciə ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı sənədli film nümayiş etdirildi.

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq qeyd etdi ki, 1992-ci il fevralın 25-də erməni hərbi birləşmələri və sovetdən qalma 366-cı alayın hissələri Xocalıya hücum etmiş, uzun müddət mühasirədə saxlanılmış şəhər ələ keçirildikdən sonra dinc əhaliyə divan tutulmuşdur. Şəhərdəki qətllərlə kifayətlənməyən işğalçılar qaçmağa müvəffəq olmuş bir qism dinc əhalini fevralın 26-da Xocalıdan 6-7 kilometr aralıda, Qaraqayada meşədən çıxarkən gülləbaran etmişlər. Qaçqınların digər qismi isə Abdal-Gülablı kəndi istiqamətində mühasirəyə alınaraq qətlə yetirilmişdir. Kütləvi qırğın nəticəsində 613 nəfər dinc sakin öldürülmüşdür. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 1275 dinc sakin əsir götürülmüşdür. Bunların 150 nəfərindən hələ də heç bir xəbər yoxdur. 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dedi ki, indi baxdığımız film bizlərə kədərli anlar yaşatdı. Xocalı həmin gecə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. Ə.Həsənov bildirdi ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən bəri məqsədyönlü şəkildə həyata keçirdikləri siyasətin ən faciəli səhifəsidir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu mənada, azərbaycanlılara qarşı törədilmiş soyqırımlarından ən dəhşətlilərindən biri də 1992-ci il fevralın 26-da Xocalıda baş vermişdir. Azərbaycan dövlətinin apardığı siyasət, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınır. Təkcə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, quruma üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir.

Türkiyə parlamentinin də Xocalı soyqırımını qətliam kimi qiymətləndirdiyini bildirən Əli Həsənov dedi: “Bilirsiniz ki, dünya erməniliyi soyqırımı məsələsində Türkiyəyə problem yaratmağa çalışır. Yüz ilə yaxındır ki, ermənilər 1915-ci ildə Anadolu torpaqlarında guya ermənilərə qarşı “soyqırımı” həyata keçirilməsi ilə bağlı qondarma antitürk kampaniyası aparırlar. Bu da Türkiyə hökumətini müəyyən qədər problem qarşısında qoyur. Ona görə də Türkiyə hökuməti hələ Xocalı faciəsinə bəşəri soyqırımı hadisəsi kimi hüquqi qiymət verməyib. Lakin Türkiyə parlamentində hər il Xocalı soyqırımı müzakirəyə çıxarılır və ona qətliam kimi qiymət verilir. Türkiyənin müxtəlif regionlarında soyqırımı ilə bağlı abidələr açılır. Bu günlərdə Uşak şəhərində Xocalı soyqırımı ilə bağlı yeni abidə ucaldılmışdır".

Əli Həsənov 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrindən də danışdı və bir neçə il əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Parlamentində çıxış edərkən Xocalı hadisəsinin qisas məqsədilə törədildiyini söylədiyini diqqətə çatdırdı. Bildirdi ki, 1988-ci ilin fevralında erməni xüsusi xidmət orqanları və ayrı-ayrı qrupların təşkilatçılığı ilə o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bu məsələyə göz yumması nəticəsində Sumqayıtda təxribat törədilmişdir. Sonradan aparılan təhqiqat nəticəsində müəyyən edilmişdir ki, həmin hadisələri törədən Qriqoryan qardaşları və onlara qoşulmuş Ermənistan SSR DTK-nın nümayəndələri Sumqayıtda 26 erməni və 6 azərbaycanlı sakini qətlə yetirmişlər. O da məlum olmuşdur ki, Sumqayıtda qətlə yetirilən ermənilər o zaman yaradılan separatçı “Krunk” təşkilatına yardım göstərməyən ermənilərdir. Bu hadisəni törətməklə ermənilərə işləyən o zamankı xüsusi xidmət orqanları iki məqsəd güdmüşlər: birincisi, ermənilərin formalaşdırdığı terrorçu təşkilatlara kütləvi dəstək vermək, ikincisi isə Azərbaycan-Ermənistan qarşıdurmasını stimullaşdırmaq, antiazərbaycan fəaliyyətinə rəvac vermək.

Prezident Administrasiyasının rəsmisi qeyd etdi ki, bu hadisə ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti vardır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi nifrət ünvanı kimi qalması üçün soyqırımı ilə bağlı reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı və qiymətləndirilməlidir. Ə.Həsənov onu da bildirdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda inkişafın, sülhün və təhlükəsizliyin tərəfdarı olan bir ölkə kimi ermənilərdən qisas almaq həvəsi ilə yaşamır: “ Biz ermənilərlə beynəlxalq normalar əsasında qonşuluq münasibətləri yaratmaq əzmindəyik. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların bütün vətəndaş hüquqlarının təmin edilməsinə zəmanət veririk. Biz Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin bərqərar olunmasının, gələcəkdə Azərbaycanın reallaşdırdığı transmilli layihələrdə ermənilərin də iştirakının tərəfdarıyıq. Yalnız bir şərt var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin törədilməsi etiraf olunsun, Azərbaycan xalqından üzr istənilsin və soydaşlarımızın pozulmuş haqları bərpa olunsun. Yalnız bundan sonra biz əməkdaşlığa, bir dövlət olaraq, həm də dünya birliyinin üzvü kimi potensialımızı bütün Cənubi Qafqaz xalqlarının firavan, xoşbəxt yaşaması istiqamətində yönəltməyə hazırıq”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Xocalı soyqırımının dünyanın ən dəhşətli faciələrindən biri olduğunu dedi. Bildirdi ki, keçmiş Sovet İttifaqına daxil olan 15 respublika arasında müstəqillik qazandığına görə ən böyük faciələri Azərbaycan yaşamışdır. Bunun əsas səbəblərindən biri isə o dövrdə Azərbaycanın lidersiz qalması idi. O dövrdə ulu öndər Heydər Əliyev məqsədli şəkildə bütün vəzifələrdən uzaqlaşdırılmışdı. Lakin xalqımız öz gələcəyi naminə doğru seçim edərək ümummilli lideri yenidən hakimiyyətə qaytardı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə atəşkəs əldə edildi. Azərbaycan öz sülhpərvərliyini göstərdi, ermənilər isə yenə də atəşkəsi pozurlar.

Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın tolerant bir ölkə olduğunu, burada bütün millətlərin dinc və əmin-amanlıq şəraitində yaşadığını vurğuladı. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Səyavuş Novruzov Xocalı soyqırımı zamanı azərbaycanlıların yaşadıqları müsibətlərdən danışdı, belə faciələrin bir daha baş verməməsi üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin vacibliyini vurğuladı.

Moldova ombudsmanı xanım Aureliya Qriqoriu bəyan etdi ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. Yalnız hər bir insanın əsas hüquqlarına hörmətlə yanaşılması yolu ilə müstəsna əhəmiyyətə malik olan müasir problemlərin həllinə şərait yaratmaq olar. Bu, nəinki Xocalı soyqırımı kimi dəhşətli cinayətə diqqət çəkmək, həmçinin dünya ölkələrinin parlamentlərinə müraciət edərək bu hadisələrə hüquqisiyasi qiymət verilməsini tələb etmək üçün vacibdir. Həmçinin Xocalı və Dağlıq Qarabağ üzrə hərbi tribunalın təşkil olunması məsələsinə baxılmalıdır.

Xanım Aureliya Qriqoriu bildirdi ki, erməni separatçılarının Azərbaycan xalqına qarşı cinayətlərinə ilk dəfə dövlət səviyyəsində qiyməti Azərbaycanın ümummilli lideri Heydər Əliyev vermişdir. Bu baxımdan Prezidentin 1998-ci il 26 mart tarixli fərmanı bu cinayətlərin unudulmaması istiqamətində proqram xarakterli sənəd olmuşdur. Xocalı faciəsi soyqırımı cinayəti aktıdır. Dünyada “Xocalıya ədalət!” kampaniyasının tərəfdarları getdikcə çoxalır. Dünya ictimaiyyəti bu faciəyə mütləq qiymət verməlidir. Moldova ombudsmanı dedi: “Bu gün biz konfrans iştirakçıları adından bəyannamə qəbul edəcəyik. Mən təklif edirəm, bu sənədə əlavə edilsin ki, ölkə rəhbərliyi Xocalı soyqırımı və Dağlıq Qarabağ üzrə beynəlxalq tribunalın yaradılması, Azərbaycan ərazisində insanlığa qarşı törədilən bu cinayətin təqsirkarlarının cəzalandırılması ilə bağlı qətnamə çıxarılması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət hazırlasın. Bu bəyannamə dünyanın bütün ölkələrindəki Azərbaycan diasporlarında müzakirə olunsun və onların yaşadıqları dövlətlərin rəhbərliyinə göndərilsin. Artıq bu cinayətin tanınmasının deyil, onun günahkarlarının cəzalandırılmasının vaxtı çatmışdır. XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını törədənlər Beynəlxalq Haaqa Məhkəməsi qarşısında mühakimə olunmalıdır. Bilirsiniz ki, Rusiyanın və ya Ermənistanın məhkəmələri öz sərhədləri çərçivəsində bu cinayəti törədənləri heç vaxt mühakimə etməyəcək. Ona görə də beynəlxalq aləm bu soyqırıma hüququ qiymət verməli və təqsirkarlar məhz Haaqa Məhkəməsi qarşısında cavab verməlidirlər”.

Ukraynanın qərbində yerləşən Rava-Russkaya şəhərinin meri İrina Vereşuk bildirdi ki, Xocalı hadisələri zamanı insanlığa qarşı cinayət işlənilib və beynəlxalq ictimaiyyət faciəyə siyasi-hüquqi qiymət verməklə, əslində, bu kimi hadisələrin yenidən təkrarlanmasının qarşısını ala bilər. Bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini, respublikada əmin-amanlığın hökm sürdüyünü bildirən xanım İrina Vereşuk dedi ki, sabitlik hər bir ölkənin ən önəmli üstünlüyüdür. O, Ukraynada yaranmış böhranı misal göstərərək bildirdi ki, əgər ölkədə xaos, anarxiya hökm sürərsə, istənilən tərəf bundan zərər görəcək və orada yaşayan insanlar heç nəyə nail ola bilməyəcəklər. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, siyasətçilər sözün yaxşı mənasında bu vəziyyətə müdaxilə etməlidir. Çünki Ukraynada elə bir vəziyyət yaranıb ki, dinc insanları radikalların, millətçilərin, yoxsa bir başqasının gülləbaran etdiyi məlum deyil.  Rava-Russkaya şəhərinin meri onu da əlavə etdi ki, Azərbaycanda vəziyyət çox yaxşıdır və belə davam etdiyi təqdirdə xalq öz torpaqlarını işğaldan azad edəcək və Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsaslı işlər görəcəkdir. 

Digər çıxışlardan sonra beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirdi.  “Xocalı soyqırımı: ədalət uğrunda beynəlxalq əməkdaşlıq və həmrəylik” və “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri” mövzularında sessiyalar keçirildi. Mövzularla bağlı geniş məruzələr dinlənildi,  müzakirələr aparıldı. Fevralın 22-də isə qonaqlar Qobustan Dövlət Tarixi-Bədii QoruğunuQuba rayonundakı soyqırımı məzarlığını ziyarət edəcəklər.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 3.