Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində də olmuşdur.

Nümayəndə heyəti ilə görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Səbailin stateji özəlliyi, qədim tarixi, nadir coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Rayon rəhbəri son illərədə Azərbaycanda əldə olunmuş möhtəşəm nailiyyətlərdən, sürətli sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, eləcə də Səbail ərazisində görülən işlərdən danışmışdır. Başçı bu nailiyyətlərin qazanılmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz liderlik rolunu qeyd etmişdir.

 Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini, xalqlarımızın bir-birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan da söz açmış, bir neçə gündən sonra 22-ci ildönümü qeyd olunacaq Xocalı soyqırımı barədə məlumat vermişdir.

Asif Əsgərov rayondakı 3 yerli özünüidarə qurumu – Səbail, Badamdar və Bibiheybət bələdiyyələrinin fəaliyyətindən də söz açaraq bildirmişdir ki, onlar abadlıq-quruculuq işlərində, sosial layihələrin gerçəkləşməsində yaxından iştirak edir, rayon icra hakimiyyəti ilə əlbir çalışırlar. Başçı qonaqlara qarşıda duran vəzifələr barədə də məlumat vermişdir.

Ölkəmizə səfərdən məmnunluq duyduqlarını deyən Türk Dünyası Bələdiyyələr Birliyi məşvərət şurasının üzvü Adəm Esen Azərbaycanın hərtərəfli inkişafından sevincqürür duyduqlarını söyləmiş, təmsil etdiyi qurumla Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsinin vacibliyindən danışmışdır.

Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Mustafa Başqurt, Kutahya Bələdiyyə başqanı Ahmet Torun, adamı Murat Şahin ölkəmizə səfərin səmərəli olduğunu qeyd etmiş, Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmişlər. Onlar bələdiyyələr çərçivəsində əməkdaşlığın, həmçinin gələcək birgə layihələrin önəmini də vurğulamışlar.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 3.