Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi inkişaf strategiyasının əsas hədəflərindəndir

 

22 fevral avtomobil yol işçilərinin peşə bayramı günüdür

 

Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanı regionun qüdrətli dövlətlərindən birinə çevirmişdir. Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran ölkəmizin maliyyə dayaqları xeyli möhkəmlənmişdir ki, bu da sosial sahələrin inkişaf etdirilməsi, bir sıra vacib infrastruktur layihələrinin reallaşdırılması üçün geniş imkanlar yaratmışdır. Ölkəmizin sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xaricidaxili siyasət dayanır.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ümummilli lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayırdı. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi. Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində bu sektorun inkişafı məqsədilə struktur dəyişiklikləri aparılmış, 1998-ci il avqustun 5-də Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsis edilmiş, 2003-cü il iyun ayının 23-də isə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradılmışdır. Respublikayerli əhəmiyyətli avtomobil yolları adıçəkilən departamentin balansına götürülmüş, onun tabeliyinə verilən yol istismar idarələrinin fəaliyyəti genişləndirilmişdir.

Avropa Birliyinin TRASEKA marşrutu olan Qərb-Şərq nəqliyyat dəhlizinin ölkəmizin ərazisindən keçməsində Heydər Əliyevin gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynamışdır. 1998-ci ilin sentyabrında ulu öndərin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında mühüm sənədin imzalanması ölkəmizin geostrateji və coğrafi əhəmiyyətini bir qədər də artırmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ötən illərdə ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Prezident İlham Əliyevin 22 fevral 2007-ci il tarixli sərəncamı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzalanmış həmin sənədə əsasən, Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı-hüquqi forması dəyişdirilərək nazirliyin tabeliyində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bununla da Azərbaycanın yol təsərrüfatında yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevral ayının 22-nin ölkəmizdə “Avtomobil yol işçilərinin peşə bayramı günükimi təsis edilməsi yol təsərrüfatına, eləcə də bu sahədə çalışanlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Ölkəmizin yol infrastrukturu əvvəllki illərlə müqayisədə xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində bu tədbirlər uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri yol infrastrukturunun yeniləşdirilməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir.

Son illərin statistik göstəriciləri yol infrastrukturunun inkişafı istiqamətində müsbət dəyişikliklərin baş verdiyini təsdiqləyir. Məlumat üçün bildiririk ki, ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 kilometr təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902 kilometrə, 2013-cü ildə isə 19 min kilometrə çatdırılmışdır ki, bunun da 17529 kilometri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansındadır. Son on ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavodu istifadəyə verilmişdir. 2003-2013-cü illər ərzində ölkəmizdə yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometr təşkil etmişdir. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpüyolötürücüsü tikilmişdir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisindən keçən 513 kilometrlik hissəsində həyata keçirilən işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri dəqiqləşdirilmiş, işlərin çox hissəsi yerinə yetirilmişdir. Artıq həmin magistralın 312,5 kilometrlik 2-ci texniki dərəcəli və 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda isə Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə iki hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu hərəkətin intensivliyi ilə yanaşı, Azərbaycan paytaxtını Rusiya Federasiyasının dövlət sərhədi ilə birləşdirir. Ümumi uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi isə sement-beton örtük vurulmaqla yenidən qurulmuş, həmçinin Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin 11 və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yolötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 paqonometr olan körpünün tikintisi işləri başa çatdırılmışdır. Hazırda Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) 4 zolaqlı hərəkət üçün asfalt-beton örtüklü olmaqla tikintisi işləri həyata keçirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik hissəsi, nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri ölkə başçısının iştirakı ilə istifadəyə verilmişdir. Bundan əlavə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H. Z. Tağıyev-Sahil avtomobil yolunun ikizolaqlı olmaqla yenidən qurulması üzrə işlərin 80 faizi yerinə yetirilmişdir. Yeri gəlmişkən, uzunluğu 41,4 kilometr olan yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 kilometrə qədər qısaldacaq.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının başlıca hədəflərindən biriyol təsərüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olmuşdur. Prezident İlham Əliyev sözügedən dövlət sənədlərinin uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: Müasir infrastrukturyol olmadan iqtisadi inkişaf mümkün deyil”. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş, respublikayerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar vermişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması məhz dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Son illər dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilmiş Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına səbəb olmuşdur. Ölkə başçısı İlham Əliyev bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması ilə bağlı konkret tapşırıq vermişdir. Dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə tədbirlər planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Nəqliyyatın intensiv olduğu ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin tikintisi intensiv xarakter almış, 2006-cı il dekabr ayının 22-də Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, eləcə də Ziya BünyadovAtatürk prospektlərinin kəsişməsində inşa olunan yolötürücüləri ölkə başçısının iştirakı ilə istifadəyə verilmişdir. Ötən müddətdə Bakıda 60-dan artıq yolötürücüsütunelin istismara verilməsi nəqliyyat sistemində gərginliyi xeyli yüngünləşdirməklə yanaşı, paytaxtın simasına da əlavə yaraşıq gətirir. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan bu qurğular ölkə Prezidenti İlham Əliyevin nəqliyyat sahəsindəki məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

Ötən illərdə dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmiklləşdirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında məlum sərəncamlarının icrası məqsədilə piyadaların və nəqliyyatın sıx olduğu ərazilərdə bir sıra yeraltı və yerüstü piyada keçidləri inşa olunmuşdur. 2006-cı il dekabr ayının 22-də Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Səməd VurğunNizami küçələrinin kəsişməsində, həmçinin Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində inşa olunan piyada keçidləri istifadəyə verilmişdir. Bütövlükdə isə son illərdə Bakıda mövcud 10 piyada keçidi əsaslı təmir olunmuş, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilmişdir. Xüsusi zövqlə və dizaynla inşa edilmiş və ən müasir avadanlıqlarla təhciz olunmuş keçidlər piyadaların rahatlığına şərait yaratmaqla yanaşı, arxitektura baxımından da diqqəti cəlb edir.

Hazırda Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yolların ümumi uzunluğu 1525 kilometr təşkil edir. 2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 703,3 kilometr olmuş, Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi, Zıg dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Baki-Ələt yolunun 2-6-cı kilometri, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştaga-Buzovna, Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yol, prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri tıxacları aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaratmışdır.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlər də artıq müəyyən olunmuş, paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və fasiləsiz hərəkəti təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərini konkret vəzifələr gözləyir. Hazırda nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər edilmişdir.

Göründüyü kimi, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son on il ərzində avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı 180 dəfəyə yaxın müxtəlif mərasimlərdə iştirak etmiş, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 4.