Zərdab: uğurlu nəticələr, yeni hədəflər

 

Regional inkişafa dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsi, adamların təşəbbüskarlıqla çalışması Zərdab rayonunda zaman-zaman yığılıb qalmış problemləri aradan qaldırmağı sürətləndirmiş, inkişafa təkan vermiş, güzəranı yüksəltmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin ötən ilin sosial-iqtisadi göstəricilərinin yekunlarına həsr olunmuş hesabat konfransında bu barədə genis söhbət açıldı, cari ilin qarşıda duran vəzifələri işgüzar müzakirə olundu.

Yığıncaq iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri  qoydular, müstəqil dövlətimizin banisinin xatirəsini ehtiramla yad etdilər. Sonra 2013-cü ilin sosial-iqtisadi göstəricilərinə aid diaqramlara, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarından və inşaat materiallarından ibarət sərgiyə və ötən ilin uğurlarını əks etdirən videolentə baxış oldu. Bütün bunlar və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsi əyani surətdə, konkret faktlarla rayonun ötən ildə hərtərəfli inkişaf yolu ilə irəlilədiyini göstərdi. Hesabatda bildirildi ki, ötən il rayonda bütün sahələrdə sosial-iqtisadi göstəricilər yaxşılaşmış, əhalini narahat edən məsələlərin çoxu müsbət həllini tapmışdır. 2012-ci ilin 7 oktyabrında Prezident İlham Əliyevin Zərdaba səfəri, görülən işlərlə tanış olması, bir sıra obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə görüşməsi və rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə tədbirlər haqqında müvafiq sərəncam imzalaması ötən müddətdə zərdablıları daha yaxşı işləməyə ruhlandırmışdır.

Qeyd olundu ki, 2013-cü ildə rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. Əkin dövriyyəsinə daxil edilmiş torpaqlar 33741 hektara çatdırılmış, sahələrin 50,8 faizini dənli, 46,2 faizini yem, 1,4 faizini texniki, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir. Fermer təsərrüfatlarının inkişafı istiqamətində müəyyən işlər görülmüş, onların sayı 44-ə çatmışdır. 2013-cü ildə17134 hektar sahədən 47097 ton taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 27,5 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 1,7 sentner çoxdur. Ümumi taxıl istehsalı əvvəlki ilə nisbətən 8048 ton artıq olmuşdur. Keçən il 475 hektardan 132,7 ton pambıq, 135 hektardan 2304 ton kartof, 150 hektardan 2220 ton tərəvəz, 253,5 hektardan 8017 ton bostan məhsulları istehsal olunmuşdur.

2013-cü ildə rayonda iribuynuzlu malın sayı ötən ilə nisbətən 208 baş artaraq 54048-ə, qoyun-keçilər 598 baş artaraq 111123-ə, quşlar 1634 baş artaraq 187748-ə çatmışdır. Ət istehsalı 48 ton çoxalaraq 4344,7 tona, süd 6700 ton yüksələrək 31766 tona, yumurta 8056 min ədədə, yun 164,5 tona çatmış, bütün proqnoz tapşırıqlara əməl edilmişdir."Turac-2008" MMC fəaliyyətini genişləndirmiş, əhaliyə 10810 baş inkubasiya cücəsi satılmışdır. Lələağacı kəndində 1 balıqçılıq təsərrüfatı yaradılmış, arı təknələrinin sayı 472 ədədə çatdırılmışdır.

Keçən il rayon iqtisadiyyatının əsas sahələrində 99 milyon 882 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir, əvvəlki ilə nisbətən artım 3 milyon 116 min manatya 3,4 faiz olmuşdur. Məhsul və xidmətlərin 49,3 faizi kənd təsərrüfatının, 15,3 faizi ticarət və xidmətin, 32,7 faizi tikintinin, 1,3 faizi sənayenin, 1 faizi nəqliyyatın, 0,4 faizi poçt və rabitənin payına düşmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində 2013-cü il ərzində rayonda 329 yeni yeri yaradılmışdır ki, bunun hamısı daimidir. Son 10 il ərzində rayonda 8000-dən çox yeni yeri açılmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində rayon mərkəzində və ayrı-ayrı inzibati ərazilərdə tikilən 50-dən çox müasir standartlara cavab verən kommersiya, ictimai-iaşə və digər təyinatlı sahibkarlıq obyektləri Zərdab şəhərinin sosial mənzərəsini xeyli gözəlləşdirmişdir. Məmmədqasımlı kəndində sutkada gücü 50 ton olan yeni un dəyirmanı istifadəyə verilmişdir. Telekommunikasiya Qovşağının və Poçtamtın inzibati binasında əsaslı təmir işləri aparılmış, damfasad yenidən qurulmuşdur.

Hesabat ilində rayonda tikinti-quruculuq işləri genişləndirilmiş, xüsusilə yol təsərrüfatının yenidən qurulması istiqamətində əsaslı işlər görülmüşdür. Şəhər inzibati ərazi dairəsi üzrə 259 min manatlıq abadlıq, 516,7 min manatlıq yol təmiri işləri aparılmışdır. Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 26 kilometrində müasir standartlara cavab verən ikinci qat asfalt örtük döşənmişdir. Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manatlıq görülmüşdür. Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi ortacari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 1 milyon 583 min manatlıq görmüşdür.

Rayon Polis Şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Hazırda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq İdarəsinin binası, Suvarma Sistemləri İdarəsinin həyətində regional ofis binası, süd məhsulları emalı zavodu istifadəyə tam hazırdır. 17 kənddə su birlikləri üçün inzibati binalar tikilmişdir. 2013-cü ildə rayon ərazisində sahəsi 4971 kvadratmetr olan 46 mənzil tikintisi aparılmışdır. Ümumilikdə, 2013-cü ildə rayon üzrə tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 32,6 milyon manat təşkil etmişdir.

Məruzəçi daha sonra bildirdi ki, 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ilkin layihəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Zərdab rayonu ilə bağlı 86 bənddən ibarət təkliflər nəzərdən keçirilmiş, o cümlədən rayon üzrə 40 kilometrə qədər kəndarası yolların asfaltlaşdırılması nəzərdə tutulmuşdur.

2013-cü ildə attestat almış 515 nəfər məzundan 202 nəfəri ali məktəblərə qəbul üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ərizə vermiş, onlardan 117 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə isə 135 nəfəri ali məktəblərə qəbul olmuşdur. 6 məzun 600-dən çox bal toplamışdır.

2013-cü il ərzində Mərkəzi Xəstəxanada, Şahhüseynli, Qaravəlli, Kəndəbil kənd həkim məntəqələrində 43531 manatlıq əsaslı və cari təmir işləri aparılmışdır.

Mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Uşaq İncəsənət Məktəbində, Mədəniyyət Evində, Burunlu, Pərvanlı, Məmmədqasımlı, Əlvənd, Şahhüseynli, Yarməmmədbağı, Lələağacı kənd kitabxana filiallarında 64970 manatlıq əsaslı və cari təmir işləri aparılmışdır.

2013-cü ildə rayon icra hakimiyyətinə 1424 ərizə daxil olmuş, rayon icra hakimiyyəti başçısı 634 vətəndaşı qəbul etmiş, inzibati ərazilərdə 45 səyyar qəbul keçirilmiş, görüşlərdə 244 təklif irəli sürülmüşdür. Rayon icra hakimiyyəti başçısının səyyar qəbulları xüsusi qrafik əsasında ayda 4 dəfədən az olmayaraq keçirilmiş, hər bir müraciət qeydə alınmış, icrasına nəzarət təşkil edilmişdir. Hesabatda həyatın digər sahələrində əldə edilmiş uğurlara da nəzər salındı, nailiyyətlər təhlil olundu.

Yığıncaqda Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov, YAP rayon təşkilatı qadınlar şurasının sədri Minəgül Əliyeva, Çallı inzibati dairəsi üzrə icra nümayəndəsi Ramiz Məmmədov, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri Təravət Eyvazova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov və digərləri çıxış etdilər, çalışdıqları sahələrin uğur və problemlərindən söhbət açdılar.

Konfransda rayonun 2014-cü il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olundu.

Sonda ölkə Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə zərdablıların ildən-ilə artan dövlət qayğısına görə minnətdarlığı və yeni nailiyyətlər qazanmaq əzmi ifadə olundu.

Hesabat yığıncağında Milli Məclisin üzvü Jalə Əliyeva və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etdilər.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 4.