Mətbuat Şurasında şəhid jurnalistlər anıldı

 

Azərbaycan Mətbuat Şurasında Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid jurnalistlərin anım mərasimi keçirildi. Şuranın Ahıl Jurnalistlər Məclisinin (AJM) təşəbbüsü ilə təşkil olunan tədbirdə MŞ-nin İdarə Heyətinin və AJM-in üzvləri, Qarabağ müharibəsində vuruşmuşbu mövzuda ardıcıl yazan jurnalistlər, Xocalı sakinləri iştirak edirdilər.  Mərasim iştirakçıları şəhid jurnalistlərin xarirəsini bir dəqiqəlik sükutla yad etdilər, onların ruhuna rəhmət dilədilər.

Toplantını girişi sözü ilə açan  AJM-in sədri, əməkdar jurnalist Yusif Kərimov bildirdi ki, məclis ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş şəxslərin, həmçinin dünyasını dəyişmiş jurnalistlərin anım tədbirlərinin təşkilini ənənəyə çevirib. Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid jurnalistlərin xatirəsini anmaq üçün belə bir toplantının təşkilində məqsəd  canlarını Vətən yolunda qurban vermiş həmkarlarımızı yad etməklə yanaşı, həm də onların qələbə arzusunun gerçəkləşməsi yolunda qələm sahiblərinin səylərini, mənəvi borcunu fəallaşdırmaqdır. Şəhid jurnalistlərin keçdikləri şərəfli ömür yolu indiki  gələcək nəsillər üçün də örnəkdir.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasının Qarabağ mövzusunu və Xocalı faciəsini diqqət mərkəzində saxladığını vurğuladı. O bildirdi ki, AMŞ  müxtəlif illərdə bu mövzuda jurnalistlər arasında yazı müsabiqələri təşkil edib. Bir neçə gün öncə internet xəbər portallarının Qarabağ mövzusuna diqqətini artırmaq üçün xüsusi layihəyə start verilib. Bu tədbirlər mövzunun daim gündəmdə olması, ictimaiyyətin Qarabağla bağlı səfərbər edilməsinə informasiya dəstəyi yaradılması və düşmənin yalanlarının ifşa edilməsi nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Bu gün şəhid jurnalistlərimizi yada salmaqla, onlarla bağlı xatirələrimizi bölüşməklə mövzunun bizim üçün  aktuallığını bir daha sərgiləmək istəyirik.

Toplantıda çıxış edənlərdən  əməkdar jurnalist Tahir Aydınoğlu, şəhid jurnalist, Milli Qəhrəman  Osman Mirzəyevin qızı, Bakı Dövlət Universitetinin müəllimi Lalə Mirzəyeva, 20 Yanvar və Xocalı faciəsi ilə bağlı xaricdə yayılmış kitabların və silsilə məqalələrin müəllifi, yazıçı-publisist Vasif Səmədov, MŞ AJM-in sədr müavini, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, Xocalı faciəsi videoxronikasının müəlliflərindən biri, hərbi teleoperator Seyidağa Mövsümov, şəhid jurnalist Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə Şahbazova, “Azəri Pressagentliyinin baş direktoru Nurşən Quliyev, Qarabağ müharibəsinin iştirakçısı olmuş jurnalistlər-Rey Kərimoğlu və Kamal Əli şəhid həmkarlarımızın xatirəsinin layiqincə anılmasının vacibliyini vurğuladılar, Qarabağ mövzusunun ardıcıl, geniş miqyasda və peşəkarlıqla işıqlandırılması ilə bağlı mülahizələrini söylədilər.

 

Əvəz RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 4.