Zeytunçuluğun inkişafı Azərbaycanda prioritet sahələrdən biridir

 

Beynəlxalq Zeytun Təşkilatının rəhbərliyi də bu qənaətdədir

 

Zeytun dünyanın subtropik ölkələrində qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş, meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Cənubi Avropa, Afrika , Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmış və 20-yə yaxın növü olan bu bitkinin qədim tarixə malik olmasından və əhəmiyyətindən söhbət açmazdan əvvəl müqəddəs “Qurani-Kərim”in Ənam surəsi nin 99-cu ayəsindən sitat gətirmək istərdik. Həmin ayədə zeytun haqqında belə bir kəlam var: “Göydən suyu endirən odur. Onunla hər növ bitkini çıxardıq. Bunlar meyvələndikləri zaman meyvələrinin yetkinləşməsinə baxın! Bunlarda insani bir cəmiyyət üçün ibrətlər vardır”.

 Müqəddəs kitabımız – Qurani-Kərimdə zeytun bitkisinin adı ən azı altı dəfə çəkilib. Bundan sonra bu əhəmiyyətli bitkinin insan övladı üçün gərəkliyinə, müqəddəsliyinə şübhə yeri qalmır. İslam Peyğəmbəri və məsum imamlarımız da öz müdrik kəlamlarında zeytun bitkisinin əhəmiyyətindən, insan üçün faydalarından bəhs etmişlər. Məsələn, Həzrət Əli (ə.s.) buyurub: “Zeytun yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür”. Bütün yüksək keyfiyyətlərinə görə, müqəddəs Qurani-Kərimdə zeytun “mübarək ağac” adlandırılır.

 Mütəxəssislərin fikrincə, zeytunçuluq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Aparılan uzunmüddətli araşdırmalar da bunu təsdiqləyir. Bu meyvəyə maraq və tələbat artdıqca tanınmış bioloqlar və alimlər zeytunun sənaye əhəmiyyətini, tibbi dəyərini üzə çıxarıblar. Əgər bu bitki belə yüksək dəyərə və əhəmiyyətə malik olmasaydı, dünyanın bir sıra inkişaf etmiş dövlətləri zeytunçuluğun inkişafına bu qədər önəm verməz, milyonlarla hektar sahəni zeytun bağlarına ayırmazdılar. Hazırda Türkiyə, Yunanıstan, İspaniya və İtaliya zeytunçuluqdan milyardlarla dollar gəlir əldə edirlər. Ümumiyyətlə, Aralıq dənizi hövzəsində yerləşən ölkələr zeytunçuluğun inkişafına böyük önəm verir. Son məlumatlara görə, İtaliyada 2 milyon, İspaniyada 1,5 milyon, Yunanıstanda və Türkiyədə isə 1 milyon hektar ərazidə zeytun bağları salınıb.

Azərbaycanda 30-40 il bundan əvvəl zeytunun qiymətli bitki olduğunu az adam bilirdi. O vaxt zeytun ağacı əsasən Abşeronda əkilib - becərilirdi. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrinə xüsusi görkəm verir, onları yaşıl dona bürüyürdu. Böyük fərəh hissiylə qeyd etməliyik ki, əsl vətəni Aralıq dənizi sahilləri olmasına baxmayaraq, zeytun Abşeronda özünə daha əlverişli mühit – ikinci vətən tapmışdır. Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, ondan hazırlanan yağ, turşu, çoxçeşidli konservlər də keyfiyyəti ilə seçilir, əhali tərəfindən yüksək qarşılanır.

Abşeron yarımadasının təbii iqlim şəraiti, coğrafi mövqeyi və münbit torpağı zeytunçuluğun inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Zeytun uzunömürlülüyü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından fərqlənir, kökləri torpağın daha dərin qatlarına nüfuz etdiyindən iqlimi quraqlıq keçən bölgələrdə bitir. Məhz buna görə də zeytunçuluq təsərrüfatı səmərəliliyinə görə ilk olaraq məhz Abşeronda salınmışdır. Getdikcə bu ərazi daha da genişləndirilmiş və zeytunçuluq sovxozu yaradılmışdır. Bakının Bilgəh, Maştağa, Buzovna yaşayış massivlərində və buraya yaxın ərazilərdə zeytun bağları daha da genişləndirilmişdir. Abşeron rayonu ərazisində salınmış zeytun bağları 3 min hektar sahəni əhatə edirdi.

Amma Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda ilk illər hakimiyyətsizlik, özbaşınalıq və anarxiya baş alıb gedirdi. Bu da respublikanın bütün sahələri kimi kənd təsərrüfatına da öz mənfi təsirini göstərdi. Ölkədə yaranmış belə gərgin vəziyyətdən istifadə edən bəzi “işbazlar” zeytun bağları sahəsinə də göz dikdilər. Tez - tez dəyişən hakimiyyət rəhbərləri əllərinə düşmüş fürsətdən öz maddi maraqları naminə yararlanaraq var - dövlər toplamaqla məşğul idilər. Bu dövrdə zeytunçuluğun inkişafı da unuduldu. Onların “işgüzarlığı”nın, xalqa “qayğıkeşliyinin” nəticəsində zeytun bağlarını əhatə edən sahələr sürətlə azaldı və nəticədə Bakıda 1500 hektar zeytun bağı qaldı. Bu da əvvəlki illərlə müqayisədə yarıbayrı azalma deməkdir.

 Bir vaxtlar əzab - əziyyətlə salınmış geniş zeytun bağları yavaş - yavaş “seyrəldi”. Elə təkcə Zığdakı zeytun plantasiyalarının yerində ucaldılan mülklər və digər kommersiya obyektləri bu ağacları böyük zəhmət hesabına becərənləri yandırıb - yaxırdı. Ancaq sən saydığını say, gör “işbazlar” nə sayır. Onlar 30-40 ilin zeytun bağlarını insafsızcasına məhv edir, yerlərini isə özləri üçün gəlir mənbəyinə çevirirdilər. Alimlər, bioloqlar, kənd təsərrüfatı mütəxəssisləri nə qədər həyəcan təbili çalsalar da, onların səsini, fəryadını eşidən olmadı. Həmişəyaşıl zeytun ağaclarının qənimləri izi itirmək üçün məhsuldar ağacları gecə vaxtı kəsib məhv etdikdən sonra yerini də yandırırdılar. Sonra da belə bir şayiə yayırdılar ki, guya bu ağaclar susuzluqdan və baxımsızlıqdan məhv olublar. Yerində yenisini əkmək əvəzinə, şəxsi yaşayış binalar ucaldılırdı.

Azərbaycanda 1993-cü ilin iyunundan sonra həyat öz axarına düşəndə digər sahələrdə olduğu kimi, zeytunçuluq kimi mühüm sahənin yenidən inkişafı sahəsində də zəruri tədbirlər həyata keçirildi. Zeytun bağlarının ciddi fəlakətlərdən xilas edilməsi üşün bir sıra vacib işlər görülüdü, zeytun bağlarını məhv etmək istəyənlərin qarşısı tədricən alındı.

Azərbaycan Prezidenti İlham Əliyev ağacların qanunsuz kəsilməsinə, yaşıllığın məhv edilməsinə kəskin münasibət bildirdikdən sonra “işbazlar” zeytun bağlarından əl çəkdilər. Dövlətimizin başçısı ağacları kəsənlərə, bağları məhv edənlərə ciddi xəbərdarlıq edərək dedi: “Mənə verilən məlumatlara görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da çoxmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olubdur. Həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər: əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud da ki, hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün, məsələnin həlli üçün əgər bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər”.

Son illər Azərbaycanda zeytunçuluğun inkişafı prioritet sahələrdən birinə çevrilib. Hazırda zeytunu Abşeronun hər güşəsində görmək olar. İndi demək olar ki, hamı bu qiymətli bitkinin meyvələrinin müalicə əhəmiyyətini bilir və ondan geniş istifadə edir. Hətta, bu dəyərli bitkinin meyvəsi ilə yanaşı yarpaqlarının da böyük müalicəvi əhəmiyyəti aşkarlanıb. Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən, hipertoniya xəstəliyində dəmləmə və duru spirtli ekstrakt formada daxilə qəbul edilir.

Statistik məlumatlara görə, hazırda Azərbaycanda 1900 hektara yaxın zeytun sahəsi var. Bunun 1556 hektarı bar verir. İndi Azərbaycanda ildə 60 ton zeytun yağı istehsal olunur və bu rəqəmin sürətlə artacağı bildirilir. Çünki indi ölkəmizdə zeytunçuluğun inkişafı beynəlxalq aləmdə də diqqəti cəlb edib. Bu işdə “Azersun Holdinq” Şirkətlər Qrupunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Yüksək çeşiddə hazırlanmış zeytun yağları və digər məhsullar müştərilər tərəfindən rəğbətlə qarşılanır. Məhz bunun nəticəsidir ki, son vaxtlar zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı getdikcə artır.

Bu yaxınlarda Bakıda keçirilmiş “Caspian-Aqro” III beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisində Beynəlxalq Zeytun Təşkilatının rəhbərinin şəxsən iştirak etməsi təsadüfi deyildi. Onun sözlərinə görə, həmin təşkilatın nümayəndələri ilə Azərbaycanda zeytunçuluğun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Beynəlxalq Zeytun Təşkilatının rəhbəri bir neçə gün Bakıda görüşlər keçirmişdir. Təşkilatın nümayəndələri ilə fermerlərin görüşü də təşkil olunmuş, həmin görüşdə zeytunçuluğun inkişafı, fermerlərin bununla bağlı təklifləri müzakirə edilmişdir. Bu görüş Azərbaycanda zeytunçuluğun inkişafının, ölkəmizdə istehsal olunan zeytun məhsullarının artıq dünya bazarında diqqət cəlb etməsinin nəticəsidir.

Zeytunçuluqla məşğul olanlar çox yaxşı bilirlər ki, bar verən zeytun bağları uzunömürlü olurlar. Kənd təsərrüfatının bu sahəsi çox məhsuldardır və zeytunçuluğa çəkilən zəhmət öz bəhrəsini verir. Məhz bu amillərə görə Azərbaycanda zeytunçuluğun inkişafı prioritet sahə kimi diqqət mərkəzində saxlanılr.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 6.