Fransız diplomat: “Xocalı soyqırımını törədənlərin 22 ildir cəzasız qalması təəccüblüdür”

 

Paris Azərbaycan Evi Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində yerli ictimaiyyəti faciə haqqında məlumatlandırmaq və beynəlxalq aləmi hadisəyə ədalətli hüquqi qiymət verməyə çağırmaq məqsədilə Fransa paytaxtında aksiya keçirmişdir.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə,  Parisin mərkəzində - Mars çölündəki Joffre meydanında təşkil olunmuş mitinq Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlamış və 2 saat davam etmişdir.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva aksiyada çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi qətliam haqqında məlumat vermişdir.

Mitinqdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 20-ci əsrin ən dəhşətli qətliamlarından biri - Xocalı soyqırımına, eləcə də BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına beynəlxalq aləmin biganə qalmasını təəssüflə qeyd etmişFransa ictimaiyyətini bu faciəni azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı kimi qəbul etməyə çağırmışdır.

1992-ci ildə Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jean Perren də həmin hadisələrin şahidi kimi aksiyaya qatılaraq acı xatirələrini bölüşmüşdür. O, 1992-ci ildə Xocalı faciəsi zamanı yaralanmış sakinləri ziyarət etdiyini və dəhşətli səhnələri hələ də unuda bilmədiyini deyərək belə bir cinayəti törədənlərin indiyəcən cəzasız qalmasına təəccübünü bildirmişdir. Fransız diplomat qeyd etmişdir ki, həmin  hadisələrdən 22 il keçməsinə baxmayaraq günahkarların cəzalandırılması üçün heçgec deyil.

Aksiya çərçivəsində Xocalı faciəsinin əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı fotosərgi də təşkil olunmuş, soyqırımı haqqında məlumatlar olan broşürlər, videomateriallar, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar yerli sakinlərə və qonaqlara paylanmışdır.

Azərbaycan, Türkiyə, Fransa  bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycan səfirliyinin, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təmsilçiləri, Azərbaycan diasporununtürk icmasının fəalları, Azərbaycanın dostu olan fransızlar iştirak  etmişlər.

 

Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 4.