Gənclər təşkilatlarının ötənilki uğurları

 

Ötən il ölkəmizin gənclər təşkilatları sektorunun fəaliyyəti səmərəli  layihələrlə yadda qalıb və görülən işlər Azərbaycan gəncliyinin uğurlarının bariz nümunəsidir. Bu fikirlər  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2013-cü ilin yekununa həsr olunan hesabat xarakterli tədbirində səsləndirildi.

Tədbirdə ARGTMŞ sədri Şahin Seyidzadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər şəxslər iştirak etmişlər.

ARGTMŞ sədri Şahin Seyidzadə təşkilatın ötənilki strateji hədəfləri, yerli, regional və beynəlxalq səviyyədə fəaliyyəti və proqramları haqqında məlumat verdi. Ötən ilin gənclər təşkilatlarının fəaliyyəti üçün  səmərəli olduğunu vurğuladı. Natiq həmçinin 2014-cü il üçün müəyyən edilmiş prioritet istiqamətlərə də toxundu:"ARGTMŞ bu gün dövlətçilik maraqlarını qoruyur və Azərbaycan gəncinin beynəlxalq platformada iştirakını təmin edir. 2014-cü ildə ARGTMŞ-nın yeni hədəfləri var. İnanıram ki, bu hədəflər uğurla həyata keçiriləcək”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov gənclər təşkilatlarının ilkin formalaşması illərindən söz açdı.  İlk illərdə müstəqil təşkilatların imkanlarının o qədər də güclü olmadığını bildirən natiq  müasir dövrdə dövlətimizin gənclər siyasətinə uyğun olaraq, ARGTMŞ və Gənclər və İdman Nazirliyinin yaranmasının gəncliyimizin uğurlu inkişafına böyük töhfə olduğunu vurğuladı.

“1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatının təsisçiliyi ilə ARGTMŞ yaradıldı. Həmin dövrdə Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına daha çox mənəvi dəstək olurdu. Ancaq  18 il ərzində gənclər təşkilatına qoyulan maliyyə xeyli artıb. Məhz bunun nəticəsidir ki, bu gün gənclər təşkilatları böyük layihələr həyata keçirə bilirlər. İnanıram ki, illər ötdükcə ARGTMŞ və ona üzv olan təşkilatlar daha böyük layihələrlə ölkəmizi təmsil edəcəklər”.

Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli isə vurğuladı ki, ilk dəfə ulu öndər Heydər Əliyevin səyi nəticəsində ölkəmizdə gənclər strukturu formalaşdı: “Bu gün bütün dövlət qurumlarında gənclər çalışır. Onlar yeni təfəkkürə, daim inkişafa yol açırlar. Sevinirəm ki, bizim Prezidentimizin  gənclərə sevgisi varonlara böyük diqqət göstərir. Bu da onların potensialının açılmasına imkan yaradır.”

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ARGTMŞ-ın yaranması ilə gənclərin hərtərəfli inkişafı, fəaliyyətinin stimullaşdırılması, eləcə də beynəlxalq aləmə çıxışında mühüm rol oynadığını vurğuladı. “ARGTMŞ qısa bir zamanda Avropaya inteqrasiya oluna bildi. Avropalılar da ARGTMŞ-nı gənclər təşkilatları üçün yaradılmış ən gözəl model adlandırdılar. Artıq ARGTMŞ-nın dəstəyi nəticəsində yüzlərlə Azərbaycan gənci müxtəlif xarici tədbirlərdə iştirak edərək ölkəmizi təmsil edirlər.” – deyə natiq qeyd etdi.

Gənclər siyasətinin inkişafında ARGTMŞ-nın da öz töhfəsinin olduğunu söyləyən natiq bildirdi ki, artıq onların uğurlu və səmərəli fəaliyyəti dövlətçiliyimiz üçün sağlam düşüncəli, intellektual gənclərin formalaşmasına zəmin yaradır  onların ideyalarının reallaşmasına yeni-yeni imkanlar açır.

Həmçinin mərasimdə 2013-cü ildən hazırlıq işlərinə başlanılan ARGTMŞ-ın yeni saytı (www.nayora.az) iştirakçılara  təqdim edildi.

Tədbirin ikinci hissəsində isə ARGTMŞ-nın 2014-cü il üçün ilk məclisi fəaliyyətə başladı. ARGTMŞ-a müraciət edən yeni təşkilatlar səsvermə çoxluğu ilə üzvlüyə qəbul edildi.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 5.