Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir

 

Lerik rayonu

 

Xocalı soyqırımının   ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Lerik rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, xüsusilə də təhsil və mədəniyyət müəssisələrində, eləcə də rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində silsilə tədbirlər keçirilmişdir.

Ümumrayon tədbirindən öncə rayon mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri və kitablardan ibarət sərgiyə baxış keçirilmişdir. Anım mərasiminin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirmişdir ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. Bu qanlı soyqırımı nəticəsində Xocalı şəhəri yerlə-yeksan edilmiş, 613 soydaşımız amansızlıqla qətlə yetirilmişdir. Qanlı faciənin soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondudünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl aparılır, dünyanın əksər dövlətlərində hər il silsilə tədbirlər keçirilir. Filmlər, fotosərgilər nümayiş etdirilir. Xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən olmasının tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir.

 İcra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev məruzə edərək faciənin tarixi kökləri haqqında məlumat vermişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verildiyi xüsusi vurğulanmışdır.

Mərasimdə Xocalı soyqırımına həsr olunmuş sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 11.