Ürəyimizə sancılan süngü

 

Azərbaycan tarixində unudulası mümkün olmayan, xalqımızın ürəyində dərin iz salan onun milli yadaşından heç zaman silinməyəcək Xocalı faciəsinin ağrıları şair Vahid Əlioğlunun  da qəlbindən və qələmindən süzülərək bugünkü və gələcək nəsillərə ünvanlanıb.  Şairin  “Xocalı” poeması erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan mükəmməl əsərlərdən biridir.

Təkcə xocalılara yox, bütün dünyaya və insanlığa, beynəlxalq  hüquq normalarına qarşı yönəlmiş bu qanlı aktı, erməni və mənfur inperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə həyata keçirilən Xocalı soyqırımını şair Vahid Əlioğlu can yanğısı ilə qələmə almış, təcəvüzkar ermənilərin və sərsəm “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırım siyasətinin dəhşətlərini bədii boyalarla əks etdirmişdır.

Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atan ermənilərin üzünü  belə açıqlayır:

 

Üzündə təbəssüm, əlində xəncər,

 

Erməni dizini qoyaraq yerə.

 

Körpə quzu kimi titrəyən qızın,

 

Kəsdi boğazını o birdən-birə.

 

ya:

 

Körpə uşaqların üzü soyuldu,

 

Qarabağ çölləri qanla yuyuldu.

 

Onlarla insanın gözü ovuldu,

 

Dərisi soyuldu, başı soyuldu.

 

Xocalı soyqırımının dünyaya tanıdılması baxımından da şairin yazmış olduğu poema tədqirəlayiqdir. Bu faciə barədə nə qədər yazılsa yenə də azdır. Elə ona görə də Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimayyətinə çatdırılması baxımından yazılan nəsr və nəzm əsərlərinin də müstəsna rolu vardır. Həmin əsərlərin xarici dillərə tərcümə edilib yayılması da günümüzün təxirəsalınmaz vəzifələrindən biri olmalıdır.

Xocalı faciəsi insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüşdür. Xocalı şəhərini yerlə-yeksan eyləyən ermənilər köməksiz, günahsız, dinc əhaliyə divan tutmuş, heç kimə aman verməmişlər. Bu amansızlıq, bu qəddarlıq “Xocalı” poemasında qırmızı xətlə keçir.

XX əsrin ən böyük insan faciələrindən biri olan Xocalı soyqırımını yad edən, qurbanların müqəddəs ruhu qarşısında bir şair kimi mənəvi borcunu az da olsa yerinə yetirən Vahid Əlioğlu həm də o dövrün ictimai-siyasi hadisələrinin üstündən sükutla keçmir. O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı  xəyənətkar mövqeyini, respublikada baş alıb gedən anarxiyanın, ayrı-ayrı siyasətçilərin şəxsi ambisiyalarını, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunlarını da oxucuların diqqətinə çatdırmaqla taleyin ümidinə buraxılmış xocalıların imdad dolu harayını gələcək nəsillərə çatdırılmağa müvəffəq ola bilmişdir. Erməni faşizminin üzünü bir daha açıb göstərməklə şair təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdən söhbət açmışdır.

Bəli, Xocalı soyqırımı ürəyimizə sancılan süngüdür. Bu süngünün yarası hələ də sağalmayıb, sinəmizi göynədir. Şair bizləri həm də nikbin olmağa, gələcəyə ümidlə baxmağa sövq edir. Vahid Əlioğlunun  poemasında xalqın inamının sarsılmaz olduğu göstərilir. Gəlin bu inamla “Xocalı” poemasını milli yaddaşımızı təzələmək üçün biroxuyaq. Oxuyaq və düşünək...

 

 Şamil VƏLİYEV,

 

 filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 12.