Naxçıvan Muxtar Respublikası

2014-cü ilin birinci yarısında

 

Xəbər verdiyimiz kimi, iyunun 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir. Sessiyada 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş, Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası təsdiq olunmuş,"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilmişdir.

 

2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzədə bildirilmişdir ki, cari ilin yanvar— may ayları ərzində muxtar respublikada tikinti-quruculuq işləri uğurla davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasına ümumilikdə 18 milyon manat vəsaitin ayrılması burada gedən quruculuq işinə böyük töhfə olmuşdur.

Hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla, müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal, xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Həyata keçirilən tikinti-quruculuq işlərində keyfiyyət əsas götürülmüş, muxtar respublikada istehsal olunan yerli tikinti materiallarından istifadəyə üstünlük verilmişdir.

Muxtar respublikada mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yeyinti, yüngül və digər sənaye sahələrinin təşəkkülü və inkişafının davamlı xarakter alması nəticəsində 2014-cü ilin yanvar-iyun aylarında 471 milyon 580 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən dövründə də sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olmuş, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatmışdır. Muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yeni qurulmuş istehsal müəssisələrində istehsal olunan məhsulların sayı 349-a çatdırılmışdır. Hazırda 334 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikanın iqtisadiyyatında müşahidə olunan dinamik artım cari ilin ilk 6 ayında da saxlanılmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 2,4 faiz, sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,4 faiz, ixracın həcmi 14,5 faiz, orta aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,9 faizlik xüsusi çəkiylə tikinti sektoru tutmaqdadır.

Cari ilin ilk 6 ayı ərzində informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanları genişləndirilmiş, optik kabel magistrallarının inşası davam etdirilmiş, dövlət orqanlarının elektron xidmətlər sahəsində işi daha da təkmilləşdirilmiş, yeni nəsil telekommunikasiya sistemi istifadəyə verilmişdir. 2014-cü ilin məhsulu üçün muxtar respublikamızda 60 min 829 hektar sahədə əkin aparılmış, ötən dövrdə muxtar respublikadan kənara 25 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Cari ilin ötən dövründə muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılmış, 1457 yeni iş yeri açılmışdır.

Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2013-cü ildə bütün mənbələr hesabına 55 milyon manat proqnoza qarşı, 64 milyon 857 min 623 manat vəsait daxil olmuş, tapşırıq 117,9 faiz icra olunmuşdur. 2013-cü ildə büdcə daxilolmalarının 84,1 faizi Vergilər Nazirliyi, 12,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 3 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuşdur. 2013-cü ildə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 49 milyon 600 min manat proqnoza qarşı 54 milyon 560 min 817 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 4 milyon 960 min 817 manat çox olmuşdur.

2013-cü ildə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 4 milyon manat proqnoza qarşı 8 milyon 354 min 793 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 4 milyon 354 min 793 manat artıqdır. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2013-cü ildə 332 milyon 700 min manat təyinata qarşı 332 milyon 8 min 10 manat və ya 99,8 faiz icra olunmuşdur.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada çıxış edərək demişdir:

— Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Respublikasının bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur.

Muxtar respublikada davamlı olaraq əldə edilən uğurlu nəticələr Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar elan olunmuş “Muxtariyyət ili”nin ötən 6 ayında da qorunub saxlanılmışdır.

Hesabat dövrünün ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəridir. Hörmətli Prezidentimiz muxtar respublikanın inkişafı barədə demişdir: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır”.

Ölkə rəhbərinin muxtar respublikada görülən işləri yüksək dəyərləndirməsi hər birimizdə iftixar hissi yaratmaqla yanaşı, məsuliyyət hissini də artırır. Blokada şəraitinin çətinliklərinə baxmayaraq iqtisadi fəaliyyətin bütün sahələrində tərəqqiyə nail olmaq, əhalinin yaşayış səviyyəsini yüksəltmək, maddi rifah halını yaxşılaşdırmaq naminə muxtar respublikanın hakimiyyət və təsərrüfat strukturları bundan sonra da bütün səylərini səfərbər edərək “Muxtariyyət ili”ni daha yüksək nəticələrlə başa vurmalıdır. Bunun üçün 2014-cü ilin qalan dövründə aidiyyəti orqanlar qarşısında daha ciddi vəzifələr dayanır.

Sosial-iqtisadi sahədə davamlı inkişaf tempinin təmin edilməsi muxtar respublika büdcəsinin, eləcə də iqtisadi fəaliyyətin bütün sahələrinə ayrılan maliyyə vəsaitlərinin həcminin ildən-ilə artmasına səbəb olmuşdur. Bu isə öz növbəsində maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasının əhəmiyyətini artırır. Maliyyə Nazirliyi və onun yerli orqanları maliyyə sektorunda fəaliyyətin güclənməsinə nail olmalı, pul vəsaitlərindən təyinatı üzrə səmərəli istifadəyə diqqəti artırmalıdırlar.

Muxtar respublikada dövlət proqramlarının icrası iqtisadiyyatın çoxsahəli inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya qoyuluşlarının həcminin artması üçün geniş imkanlar açıb. İndi əsas vəzifə bu dinamikanı qoruyub saxlamaq və muxtar respublikanın hər bir sakininin rifahına xidmət edən iqtisadi artıma nail olmaqdır. Bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yerli xammal və ehtiyatlar əsasında rəqabətqabiliyyətli məhsul istehsal edən yeni müəssisələrin yaradılmasına diqqəti artırmalı, texnoloji nailiyyətlərə əsaslanan layihələrə üstünlük verilməlidir.

Yerlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən sahələrin, o cümlədən xalq tətbiqi sənətinin müxtəlif növlərinin, eləcə də yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsi məqsədilə qısamüddətli və kiçikhəcmli kreditlərin verilməsi davam etdirilməlidir. Təqdim olunan biznes layihələr ciddi təhlil olunmalı, onların səmərəliliyi düzgün qiymətləndirilməli, ayrılmış kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır.

Ali Məclisin sədri daha sonra demişdir ki, 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. İqtisadiyyat və Sənaye Nazirliyi muxtar respublikamızda sənaye sahələrinin vəziyyətini təhlil etməklə sənaye parklarının yaradılmasını sürətləndirməli, müəssisələr qurularkən məşğulluq probleminin həlli və yerli xammaldan istifadə imkanları nəzərə alınmalı, istehsalın ərazi və xammal prinsipi üzrə səmərəli yerləşdirilməsi təmin edilməlidir.

Bazarlarda qiymətlərin süni şəkildə artmasının qarşısını almaq məqsədilə monitorinqlər aparılmalı və tədbirlər görülməlidir. Yerli kənd təsərrüfatı və digər istehsal məhsullarının birbaşa istehsalçılar tərəfindən satışını təşkil etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə həftənin şənbə və bazar günlərində Naxçıvan şəhəri və rayon mərkəzlərində satış yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aidiyyəti orqanlarla birlikdə istehlakçıların hüquqlarının qorunmasına, ticarət, ictimai-iaşə, məişət və digər xidmət sahələrində norma və qaydalara əməl olunmasına, istehlak bazarında məhsulların keyfiyyətinə, müvafiq standartlara uyğunluğuna ciddi diqqət yetirməlidir.

Daxili bazarın keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması üçün Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarının mövsümə uyğun tənzimlənməsini diqqət mərkəzində saxlamalıdır.

İqtisadiyyatın vacib sahəsi olan aqrar sektor daim diqqət və qayğı ilə əhatə olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaqlardan səmərəli istifadə, müasir əkin metodu və suvarma üsulları ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərini gücləndirməlidir. Bununla yanaşı yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi də təmin olunmalıdır.

Əkinçiliyin inkişafında su ehtiyatlarından səmərəli istifadə vacib məsələdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə suvarma suyunun bölgüsünə və sudan səmərəli istifadəyə nəzarəti gücləndirməli, su itkisinin qarşısı alınmalıdır.

Hazırda kənd təsərrüfatı məhsullarının kütləvi yığım dövrüdür. Tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükü və tələbatın ilboyu yerli məhsullarla ödənilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tədbirlər görməlidir.

Strateji təyinatına görə mühüm əhəmiyyət kəsb edən taxılın vaxtında və itkisiz yığılaraq ehtiyat anbarlarına və dəyirmanlara qəbulu davam etdirilməlidir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında əkinçiliklə yanaşı, heyvandarlıq da mühüm əhəmiyyətə malikdir. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə etməli, işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.

Hesablaşmalar zamanı ödənişlərin nağdsız aparılmasına üstünlük verilməli, ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminallardan səmərəli istifadə olunmalı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi dövriyyədə olan nağd pul kütləsinin azalması üçün tədbirlər görməli, POS-terminallardan istifadə ilə bağlı əhali arasında təbliğat xarakterli tədbirlər gücləndirilməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, rəqəmsal televiziya yayımının və simsiz internetin əhatə dairəsinin genişləndirilməsi, aidiyyəti orqanlarla birlikdə “Elektron hökumət” portalında təklif olunan elektron xidmətlərin işlək olması üçün səylərini daha da artırmalıdır.

Tikinti-abadlıq işləri keyfiyyətlə aparılmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı təsirli tədbirlər görməli, müasir və qədim memarlıq elementlərindən istifadə edilməli, inşaat işlərində daha çox keyfiyyətli yerli tikinti materiallarına üstünlük verilməlidir. Su, kanalizasiya, yol, rabitə, elektrik və qaz çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin edilməli, izafi xərclərə yol verilməsinin qarşısı alınmalıdır.

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər cari ildə də davam etdirilməlidir. Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən enerji daşıyıcılarından qanunsuz istifadə hallarının, qaz və elektrik enerjisi itkilərinin qarşısı alınmalı, istehlak olunan qazın və elektrik enerjisinin dəyəri vaxtında ödənilməlidir.

Dövlət Statistika Komitəsi muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmasını bundan sonra da davam etdirməlidir.

Mədəniyyət və Turizm Nazirliyi muzeylərdə kadrların yerləşdirilməsi, onların peşə və xarici dil biliklərinin artırılması istiqamətində əməli tədbirlər görməli, mədəniyyət müəssisələrində iş intizamına riayət olunmalıdır.

Gənclər və İdman Nazirliyi uşaq-gənclər idman məktəblərinin fəaliyyətini gücləndirməli, gənclərin fiziki sağlamlığının təmin edilməsi məqsədilə onların idmana cəlbinə, eləcə də muxtar respublika ərazisində olan idman qurğu və obyektlərindən səmərəli istifadəyə diqqəti artırmalıdır.

Təhsil Nazirliyi tabeliyində olan məktəblərdə informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərin artırılması istiqamətində tədbirləri davam etdirməli, yeni tədris ilinə qədər təhsil müəssisələrində elektron təhsilin tətbiqi ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı fəaliyyəti təmin etməlidir.

Dövlət Sosial Müdafiə Fondu yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçotunun təşkilinə, onların sosial sığorta şəhadətnaməsi ilə təmin olunmasına diqqəti artırmalı, sığorta-pensiya sistemi ilə əlaqədar maarifləndirici tədbirləri gücləndirməlidir.

Şəhər və rayon icra hakimiyyətləri abadlıq işlərinin keyfiyyətlə aparılmasına, tullantıların vaxtlı-vaxtında yığışdırılmasına, yaşıllıqların mühafizəsinə diqqəti artırmalı, vətəndaşların müraciətləri qanuni həll olunmalıdır. Müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməlidir.

Hüquq-mühafizə orqanlarının rəhbərləri, muxtar respublika ərazisində yerləşən ordu, hərbi hissə və birləşmələrin komandan heyətləri maarifləndirmə tədbirlərinin və nizam-intizamın artırılmasına diqqəti artırmalıdırlar.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxışını bu sözlərlə bitirmişdir:

— Biz bu gün 2014-cü ilin birinci yarısında görülən işlərə yekun vurduq. Hesabat dövrü ərzində sosial-iqtisadi sahədə əldə olunan nəticələr Naxçıvan Muxtar Respublikasının 90 illik tarixi ərzində ən yüksək göstəricilərdir. Biz buna ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi yoluna sadiq olmağımızla, əməli işimizlə nail olmuşuq.

 

Xalq qəzeti.- 2014.- 1 iyul.- S.4.