Azərbaycan strateji əhəmiyyətli

layihələrdə iradə nümayiş etdirən

regional gücə çevrilmişdir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə hazırda Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.

 

Beynəlxalq maliyyə-kredit təşkilatları və aparıcı analitik mərkəzlər qlobal iqtisadi artımın bu ildavam edəcəyini proqnozlaşdırırlar. Belə ki, Beynəlxalq Valyuta Fondunun açıqladığı son proqnozlara görə, 2014-cü ilin sonunadək qlobal iqtisadi artımın 3,6 faiz olacağı gözlənilir.

Bu gün ölkəmizdə daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxilixarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, ixracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur.

Dövlət tərəfindən tənzimlənən tarif və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası, habelə tərəfdaş ölkələrdə qiymətlərin səviyyəsi və valyuta məzənnələri bu il inflyasiyaya təsir edən əsas amillərdir. Bu amillər, habelə pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük qabiliyyəti nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi Bank hazırda hökumətlə birlikdə adekvat tənzimləmə tədbirləri həyata keçirir.

Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunur. İnnovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdirilir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə də başlanılmışdır.

Hazırda uğurla reallaşdırılan şaxələndirmə prosesi daxili tələblə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da güclənməsi üçün zəmin yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edir. Bunun üçün adı çəkilən bank inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin reallaşdırılması zərurətini ortaya qoyur.

Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Son illər Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi bu baxımdan mühüm önəm daşıyır. Adı çəkilən fondun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 2460 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-dən çox yeni yerinin yaradılmasına imkan verir.

Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğrudevizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində ölkəmizin sosial-iqtisadi uğurları barədə ətraflı bəhs etmişdir. Dövlət başçımız demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişaf nümayiş etdirir. Son 10 il ərzində ölkəmiz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşdur. Bu dövrdə iqtisadiyyat 3 dəfədən çox artmışdır. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalmışdır. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Çox sabit maliyyə sistemi mövcuddur. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Bunun sayəsində Azərbaycanın sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanı vardır. Ölkəmizin kredit reytinqi “S&P”, “Moody’s” və “Fitchkimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılmışdır. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılmışdır. Keçən il bu göstərici 28 milyard dollar olmuşdur. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər çox müsbətdir.

Azərbaycan beynəlxalq aləmdə həm də etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. TransanadoluTransadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

Diqqətçəkən başqa bir fakt. Bu gün Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir ki,  bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə respublikamızda 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuşdur.

Hazırda  tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiyaİran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

Avropanın “Neurope.euinformasiya portalına Prezident İlham Əliyevin verdiyi müsahibədə dövlət başçımız müxbirin “...10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq reallığa çevrilib?” sualına cavabında demişdir:...İqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi daha da gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır...Bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə artmışdır.

Cənab İlham Əliyev müsahibəsində həmçinin demişdir ki, Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır. Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənmişdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

Dövlət başçımız müsahibəsində Azərbaycanda son illər ərzində İKT-nin inkişafı sahəsində əldə edilən uğurlardan da danışmışdır. Ölkə Prezidenti demişdir ki, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü ondadır ki, bütün işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq təcrübələr və xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir ki, müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də geniş istifadə edilir. İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edirböyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə buraxılması ilə bağlı işlər aparılır.

Göründüyü kimi, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznesinvestisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ötən dövrdə ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş baş vermişdir. Bu nailiyyətlərin təməli isə, heç şübhəsiz, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyilə  uğurla reallaşdırılmasıdır

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 5 iyul.- S.1.