Vətənə xidmət müqəddəs vəzifədir

 

Xətai rayon çağırışçılarının böyük bir qrupunun həqiqi hərbi xidmətə yola salınması münasibətilə düzənlənən tədbir əsl bayram təntənəsini xatırladırdı.

 

İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən və çoxdan ənənəyə çevrilmiş tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Eldar Tağıyev açaraq həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik etdibidirdi ki,  Vətənə xidmət etmək müqəddəs, məsuliyyətli, eyni zamanda şərəfli vəzifədir.

İdarə rəisi Eldar Tağıyev bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeniliklər şəffaflığı ilə göz önündədir. “Belə ki, qurum yaranan gündən yerlərdə, əsasən də rayonlarda xidmətin yerli idarə və şöbələrində hərbi qulluqçular tərəfindən yeniyetmə və gənclərlə mütəmadi işlər aparılır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onlara  hərbin sirlərinin öyrədilməsi ilk növbədə məktəb illərindən başlanır. Mütəmadi olaraq məktəblərdə “Şahin” hərbi idman oyunlarının, “Cəsurlar” idman yarışlarının keçirilməsini, eləcə də orta təhsil bazasında hərbi hazırlığın tədrisini gənclərimizin çağırışa qədər hərbi xidmətə hazırlığının əsası kimi daim diqqətdə saxlayırıq.

E.Tağıyev çıxışında onu da qeyd etdi ki, əgər biz 20-22 il bundan öncəki vəziyyətlə indiki dövrü müqayisə etsək, çağırışçıların hərbi xidmətdən yayınma hallarının demək olar, tamamilə aradan qalxdığının şahidi olarıq. İndi gənclər özləri könüllü surətdə çağırış məntəqələrinə gələrək qeydiyyata alınırlar. Çünki bu gün Azərbaycanda orduya böyük maraq var.

Sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, ordu hər bir millətin qüruru, dövlətin güvənc mənbəyidir. Ölkənin milli varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır. Bugünkü Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ümummilli liderdən sonra isə ordu quruculuğu prosesi daha böyük səylə davam etdirilmişmisilsiz uğurlar əldə edilmişdir. İndi böyük əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordusuna çevrilmişdir. Bu gün Milli Ordumuz ölkənin sərhədlərini qorumağa, işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır. Ancaq unutmaq olmaz ki, ordumuzun möhkəmləndirilməsi fasiləsiz xarakter daşımalı və həmin proses bundan sonra da davam etdirilməlidir. Bu işdə başlıca vəzifələrdən biri ordunun kadr potensialının gücləndirilməsi, ordu sıralarına mətin və cəsur, hər cəhətdən güclü, vətənpərvər gənclərin göndərilməsidir. Mən əminəm ki, bu gün Vətənə xidmətə yollanan rayonumuzun gənc sakinləri məhz bu keyfiyyətlərə malik gənclərdir. Onların hər biri hərbi xidmətdə böyük nailiyyətlər əldə edəcək, valideynlərinə, müəllimlərinə və bizə,  uğurları ilə sevincqürur bəxş edəcəklər.

Toplantıda çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da gənclərə müqəddəs borclarını yerinə yetirmək kimi məsuliyyətli işdə uğurlar arzulayarq dedi: - Sizin üzərinizə son dərəcə məsul və şərəfli vəzifə düşür. Bu gün siz hərbi xidmətə yola düşürsünüz. Həyatınızın bu yeni mərhələsinə inamla qədəm qoymalısınız. Orduda ləyaqətlə xidmət edin. Komandirlərin hər bir tapşırığını məsuliyyətlə yerinə yetirin, hərbi sirlərə əzmlə yiyələnin. Uğurların bir əsası da budur. Torpaqlarımızın gələcək taleyi üçün məsuliyyət daşıdığınızı unutmayın. Unutmayın ki, artıq Azərbaycan xalqı öz varlığını çevik, yenilməz milli ordusuna etibar etmişdir. Elə xidmət edin ki, Vətən sizdən razı qalsın.

Toplantıda çıxış edən rayon ağsaqqalları, müharibə veteranları və valideynlər də gənclərə bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb, tövsiyə və məsləhətlərini verdilər. Sonra ənənəvi olaraq Xətai Rayon İcra Hakimiyyəti adından çağırışçılara xatirə hədiyyələri təqdim edildi. Mərasim incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

 

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto)

 

Xalq qəzeti.- 2014.- 11 iyul.- S.7.