Prezident İlham ƏLİYEV:

Azərbaycanda sosial vəziyyət dünyanın

aparıcı ölkələrindən geri qalmamalıdır

 

Buna nail olmaq üçün bütün imkanlarımız var

 

Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır. Sosial infrastruktur layihələr icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. ... Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı çıxış edərək altı ay ərzində ölkədə gedən iqtisadi, siyasi və sosial məsələlərə münasibət bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılması sosial məsələlərin həlli üçün vacib və başlıca şərtdir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir. Bu məsələləri hərtərəfli təhlil edən ölkə rəhbəri bildirmişdir: “Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir. İslahatlar şəffaflıq nöqteyi-nəzərindən daha da dərinləşəcəkdir. Dünyanın aparıcı ölkələrinin bu sahədə böyük təcrübəsi vardır. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Azərbaycanda sosial vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün bütün imkanlarımız var”.

 

Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, dövlət bütün sahələrdə olduğu kimi, sosial məsələlərin həllində də siyasətini düzgün istiqamətdə formalaşdırmışdır. Əhalinin gəlirləri artmış, inflyasiya azalmış, aztəminatlı təbəqənin problemləri daim diqqət mərkəzində olmuşdur. Sosial proqramların icrası davamlı proses kimi dövlət büdcəsində nəzərdə tutulmuş və insanların sosial təminatına kömək məqsədinə yönəlmişdir. Toplantıda dövlət başçısı əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas olan digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsinin həmişə nəzarətdə saxlandığını diqqətə çatdırmışdır.

İclasda dövlət başçısının ölkədə makroiqtisadi sabitliyi və sürətli sosial-iqtisadi tərəqqini təmin edən uğurlu siyasətində işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulması məsələsinə xüsusi diqqət yetirilmişdir. Onun imzaladığı 2014-cü il 3 fevral tarixli fərman ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açmış, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn və işçinin gələcək sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq hallarına gətirib çıxaran stereotiplərin aradan qalxmasına, əmək bazarına dövlət nəzarətinin xeyli güclənməsinə şərait yaratmışdır. Qeyd edilmişdir ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin elektron informasiya sistemində (EİS) qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür. Bununla da əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır.

Dövlət başçısının tapşırığına uyğun olaraq, EİS-in proqram təminatının hazırlandığı və sınaq işləri nəticəsində təkmilləşdirildiyi, işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə asan formada EİS-ə daxil edə bilmələri və 1 iş günündən gec olmayaraq qeydiyyatdan keçirmələri üçün ƏƏSMN-də bütün texniki imkanlar yaradılmışdır.

Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya kodu (FİN) barədə məlumatlar da əlavə edilməlidir. Həmçinin işəgötürən barədə məlumatlara sığortaedənin uçot nömrəsinin (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodunun və ya fərdi identifikasiya nömrəsinin (FİN) əlavə edilməsi tələb olunur. Həmin məlumatlar əmək müqaviləsi bildirişlərinin EİS-ə daxil edilməsini asanlaşdıracaq. Digər tərəfdən, burada məlumatların təhlükəsizliyi təmin olunur.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu sahədə aparılan islahatların əmək bazarına dövlət nəzarətinin səmərəli və çevik formada təşkilinə xidmət etdiyini bildirmiş və qeyd etmişdir ki, əsas məqsəd işçilərin əmək hüquqlarının təminatına nəzarət imkanlarını artırmaq, qeyri-leqal əməyin qarşısını almaqdır. O, diqqətə çatdırmışdır ki, bağlanmış bütün əmək müqavilələri barədə məlumatlar artıq ƏƏSMN-nin elektron informasiya sistemində yerləşdirilmiş və həm işəgötürənin, həm də işçinin bu müqavilələrdə müəyyən olunmuş öhdəliklərdən yayınmaları mümkün olmayacaq. Eyni zamanda, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas formalaşacaq.

Onu da qeyd etmək lazımdır ki, əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlamışdır. Həmin yardım masalarında DƏMX-nin müfəttişləri tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə iş günü ərzində metodiki kömək göstəriləcək və belə masalar əmək müqaviləsi bildirişi üzrə məlumatların EİS-ə daxil edilməsi prosesi başa çatana kimi fəaliyyətdə olacaqdır. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış bildirişin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar, bildiriş üzrə EİS-dən istifadə üzrə metodiki göstərişlər nazirliyin rəsmi internet saytında yerləşdirilmişdir.

Dövlət başçısının tapşırığı və nəzarəti ilə sosial problemlərin həlli yönümündə görülən işlərdən biri də, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ilə Türkiyənin analoji qurumu arasında qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunmasıdır. Belə ki, mərkəzin nizamnaməsində və strukturunda dəyişikliklərin aparılması və təkmilləşdirilməsi məqsədilə xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə başlanılmışdır. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin müvafiq qurumlarının strukturlarının, funksiya və vəzifələrinin öyrənilməsi əsasında mütərəqqi islahatların aparılması ilə bağlı layihə və təkliflər hazırlanır. Əldə olunmuş razılaşmaya əsasən, mərkəzin əməkdaşları Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək və Sosial Müdafiə üzrə Tədris və Araşdırma Mərkəzinin (ÇASGEM) strukturu, fəaliyyəti, funksiya və vəzifələri ilə yaxından tanışlıq və təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində rəsmi səfərdə olmuşlar. ÇASGEM ilə birgə sosial müdafiə sahəsində araşdırma və təhlillərin aparılması, nəticəsinin siyasətə yönəldilməsi və yekun olaraq siyasi təkliflərin hazırlanaraq nazirliklərə təqdim olunması, hər iki mərkəzin əməkdaşlarının ixtisaslarının artırılması istiqamətində beynəlxalq təşkilatlarla layihələrin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma əldə edilmişdir.

Ali məktəbləri bitirən gənclərin ixtisaslarına uyğun iş yerləri ilə təmin olunması məqsədilə Dövlət Məşğulluq Xidməti “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri həyata keçirmişdir. Belə tədbirlərdən birində 35-i qeyri-dövlət sektoruna aid 40 müəssisə tərəfindən 330 boş iş yeri tələbə və məzunların seçiminə təqdim olunmuşdur. Həmin boş iş yerlərindən 298-i özəl sektora aid müəssisələrdədir. Aktiv məşğulluq tədbirində ölkədə ilk dəfə olaraq tələbələrlə və ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri arasında əlaqələr yaradılmışdır. Həmçinin tələbə və məzunlar mövcud əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar əldə etmişlər. Tədbir zamanı boş vaxtları ərzində müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən şəxslər Səyyar Əmək Birjası tərəfindən qeydiyyata alınmışlar. Bu ilin aprel-may aylarında ölkənin 7 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilmiş, 619 nəfərə boş iş yerlərinə göndəriş verilmişdir. 163 nəfər peşə hazırlığı kurslarına, 162 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunmaları üçün qeydiyyata alınmış, 2560 nəfərdən CV-lər qəbul olunmuşdur.

İclasda əlilliyi olan şəxslərə göstərilən xüsusi dövlət qayğısı da diqqətdə saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icra edildiyi vurğulanmışdır. Bildirilmişdir ki, həmin kateqoriyaya aid əlilliyi olan şəxslərə minik avtomobillərinin verilməsi prosesi davam edir. Belə ki, iyunda 200 nəfər, iyulda isə bu ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə “Naz-Lifan” markalı minik avtomobili verilmişdir. 2014-ci il yanvarın 1-dək növbəyə duran Böyük Vətən müharibəsi əlillərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl əlillərinin avtomobillə təminatının avqust ayında yekunlaşdırılması planlaşdırılır. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli sərəncamı da icra olunmuş, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılmışdır.

Ölkə başçısının diqqət və qayğısının bariz nümunəsi kimi, əlillərin respublikanın müxtəlif istirahət mərkəzlərində istirahətinin təmin edilməsini də göstərə bilərik. Son dəfə 76 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Nabran istirahət mərkəzinə yola salınmışdır. Ümumiyyətlə isə son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkənin Lənkəran və Xaçmaz rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə istirahətə göndərilmişlər. “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulmuşdur. İstirahət mərkəzlərində əlilliyi olan şəxslərə xüsusi proqram çərçivəsində tibbi və fizioterapevtik müalicə prosedurları göstərilir. Latviya Respublikasının Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzinə göndərilmiş 26 nəfərə də bərpa müalicə xidməti göstərilir. Mərkəzdə uşaqların sağlamlıq imkanları məhdudluğunun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə üsulları tətbiq olunur. Bu il “Vaivari”-yə 86 nəfər sağlamlıq imkanları məhdud uşaq göndərilmişdir və daha 20 nəfər uşağın həmin mərkəzə göndərilməsi planlaşdırılır. Ötən illə müqayisədə bu il 35 faiz çox, yəni 106 nəfər bu qəbildən olan uşağın xaricdə müalicəsi nəzərdə tutulmuşdur.

Respublikanın rayonlarında vətəndaşların sosial problemlərini nəzərə alıb Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası tərəfindən bölgələrdə əlillərə xidmət göstərilməsinə başlanılmışdır. İyulun 23-də mərkəzin səyyar tibbi-texniki briqadası Qəbələ və Oğuz, iyulun 24-də Şəki və Qax, iyulun 25-də isə Zaqatala və Balakən rayonlarında olacaq və briqada tərəfindən həmin bölgələrdə əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstəriləcək. Artıq qeyd olunan rayonlar üzrə aşağı və yuxarı ətraf protezləri ilə təmin olunacaq ümumilikdə 132 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşaqların qeydiyyatı aparılmışdır. Eyni zamanda, bu təbəqədən olan şəxslərin ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyaclarının aradan qaldırılması da planlaşdırılıb. Tədbir qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü Bakıya gəlmək kimi çətinliklərin aradan qaldırılmasına, onların bu məmulatlarla yerindəcə və daha operativ təmin olunmasına xidmət edir. Ötən ilin dekabr ayında yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyacları aradan qaldırılmışdır. Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilmişdir və gələcəkdə bu cür səyyar protez-ortopediya xidmətinin ölkənin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

İclasda bildirilmişdir ki, dövlət başçısının əhalinin sosial məsələlərinə göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, ƏƏSMN-də yenidənqurma və bir sıra təkmilləşdirmə işləri aparılmış, ayrı-ayrı sosial təminat növlərindən istifadə üçün tələb edilən sənədlərin—son vaxtlar müvafiq qanunvericiliklərə edilmiş dəyişikliklər nəzərə alınmaqla TSEK-lər tərəfindən ilkin və ya təkrar əlillik müayinəsinin aparılması üçün, həmçinin dövlət hesabına mənzil, minik avtomobili, reabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təmin olunmaq üçün və ünvanlı dövlət sosial yardımı almaq üçün tələb olunan sənədlərin siyahıları sayta yerləşdirilmişdir. Saytda əlilliyi olan şəxsin dövlət tərəfindən pulsuz verilmiş avtomaşını səhhəti ilə əlaqədar idarə edə bilmədiyi halda həmin avtomaşının idarə olunmasını digər şəxsə həvalə etmək üçün tələb olunan sənədlərin siyahısı ilə də tanış olmaq olar.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 13 iyul.- S.1-2