Azərbaycan-Avropa İttifaqı: strateji

əməkdaşlığın yeni modelinə doğru

 

(əvvəli ötən sayımızda)

 

Yeni mərhələnin iqtisadi

və strateji dividendləri

 

Dördüncü mərhələdə Aİ texniki və maliyyə dəstəyi çərçivəsində Azərbaycana 180 milyon avro vəsait ayırıb. Həmin dövr ərzində ölkəyə qoyulan xarici sərmayələrin 52 faizini Aİ-yə üzv olan dövlətlər qoyublar. Onun həcmi 7,0 milyard manat təşkil edir. Azərbaycanın qeyri-neft sektoruna təşkilat üzvləri 1,4 milyard ABŞ dolları həcmində birbaşa sərmayə yatırıb. Bu da ümumilikdə həmin sahəyə qoyulan investisiyaların 42 faizini təşkil edir.

Son 5 ildə Azərbaycanla Aİ arasında ticarət əlaqələri 89 faiz artıb. Hazırda bu təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi çəkisi təxminən 40 faiz təşkil edir. İxracatda isə bu rəqəm 70 faizə bərabərdir. Onu da deyək ki, Azərbaycan neftinin əsas alıcısı məhz Aİ-yə üzv olan ölkələrdir.

Misalların sayını artırmaq olar. Lakin yuxarıda sadalananlar da aydın göstərir ki, Azərbaycan-Aİ əlaqələri mahiyyətcə strateji xarakterlidir. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində münasibətlər sürətlə inkişaf etməkdədir. Bu baxımdan SMT həmin proqramın növbəti mərhələyə yüksəldilməsidir. Maraqlıdır ki, bu prosesin əsas təşəbbüskarı Azərbaycandır.

Ümumiyyətlə götürdükdə, söhbət yeni əməkdaşlıq formatından gedir. Aİ Avropa Qonşuluq Siyasətinə keyfiyyətcə yeni çalar gətirməli olur. Regionun lider dövləti kimi Azərbaycan bərabərhüquqlu və strateji olaraq inteqrasiyanı nəzərdə tutan əməkdaşlığa üstünlük verir. Buraya siyasi islahatlar və Aİ-yə uyğunlaşma; təhlükəsizlik sahəsində əməkdaşlıq və məsləhətləşmələr; ticarət və biznes mühiti; enerji, ətraf mühit və nəqliyyat; insanlar arasında əlaqələr kimi məqamlar daxildir.

Buradan strateji aspektdə mühüm əhəmiyyətli nəticələr əldə etmək olar. Aİ-nin mövcud olduğu müddətdə ilk dəfə olaraq sistemli və davamlı əməkdaşlıq modeli müstəqillik əldə etmiş ölkə tərəfindən təklif olunur. Prezident İlham Əliyevin Aİ-yə təklif etdiyi ideya faktiki olaraq bu təşkilatın, ümumiyyətlə, “Şərq tərəfdaşlığı” proqramına yeni məzmunun verilməsi zərurətinin dərkinə səbəb olur. Həmin aspektdə SMT Aİ üçün strateji xarakterli əməkdaşlığın universal modeli ola bilər.

Bununla Aİ-nin özünün bərabərhüquqlu əməkdaşlıq haqqında təsəvvürləri genişlənmiş olur. Qarşılıqlı faydalı əlaqələrin reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyacın olduğu dərk olunur. Şübhə yoxdur ki, bununla təşkilat yeni əməkdaşlıq modelini başqa ölkələrə də tətbiq etmək imkanı əldə edir. Burada bütün tərəflərin qazancı müasir tələblərə uyğun əlaqələr üçün imkanların yaranmasından ibarətdir. Onu da nəzərə almaq lazımdır ki, Aİ-nin postsovet məkanı ölkələri ilə əlaqələrində müəyyən problemlər meydana gəlib. Bəzi regionlarda ixtilafların yaranması “Şərq tərəfdaşlığı” proqramının reallaşması qarşısında maneələrin olduğunu düşünməyə əsas verir. Həmin səbəbdən qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin müvafiq modelinin axtarışı məsələsi aktuallaşır. Bu aspektdə Avropa Komissiyasının sədri J.M. Barrozunun Bakıya səfəri diqqəti çəkir. Aparılan danışıqlar və verilən bəyanatlar tərəflər arasındakı münasibətlərin perspektivləri haqqında təsəvvürlər yaradır.

 

Aİ ilə əlaqələrin növbəti səviyyəsinə doğru:

Azərbaycan yeni səhifə açır

 

Hər şeydən əvvəl vurğulamaq istərdik ki, ölkə rəhbərliyi Avropa İttifaqına assosiativ üzvlüyə elə də isti yanaşmadığını ifadə edib. Dövlət başçısı Aİ ilə bərabərhüquqlu münasibətləri təmin edən yeni əməkdaşlıq formatının işlənib hazırlanmasının vacibliyini vurğulayıb. Avropa tərəfi bu təklifi müsbət qarşılayıb.

Bu səbəbdən J.M.Barrozunun Bakıya gəlişinin bir çox məsələlərə aydınlıq gətirəcəyi gözlənilirdi. Tərəflər ən azından Aİ-nin proqramlarında Azərbaycanın iştirakının ümumi prinsiplərini əks etdirən çərçivə sazişi bağlamalı idilər. İlk baxışdan bu, təəccüblü görünə bilər. Çünki uzun illərdir ki, Aİ postsovet məkanı ölkələri ilə konkret prinsiplər əsasında əməkdaşlıq edir.

Lakin yuxarıda vurğuladığımız kimi, son dövrlərdə baş verən bir sıra proseslər bu məsələni aktuallaşdırıb. Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində indiyədək həyata keçirdiyi əməkdaşlıq prinsiplərində qüsurlar özünü göstərib. Azərbaycan Prezidenti həmin kontekstdə “assosiativ üzvlük” ifadəsinin özünün yayğın olduğunu və daha çox bir tərəfin maraqlarını gözlədiyini bildirib. Ayrıca, Azərbaycan müstəqil siyasət yeridən dövlət kimi qarşılıqlı əməkdaşlıqdan siyasi, iqtisadi, mədəni fayda götürməlidir. Bu mənada mövcud göstəricilər daha yüksək olmalı, eyni zamanda, suverenlik və müstəqillik möhkəmlənməlidir.

Bunları nəzərə alaraq, Azərbaycan tərəfi strateji tərəfdaşlığın konkret modelinin işlənməsi ideyasını irəli sürüb. J.M.Barrozunun Bakıya səfəri Aİ-nin həmin istiqamətdə ciddi çalışdığını göstərir. Praktikada ilk dəfədir ki, tərəfdaş dövlət Aİ-yə inteqrasiya modeli təklif edib. Brüssel də bunun üzərində işləməyə başlayıb.

Azərbaycan paytaxtında tərəflər ölkənin Aİ-nin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolunu imzalayıblar. Bu o deməkdir ki, Brüssel Bakı ilə əlaqələrinə yeni məzmun verir. Bunun üçün əvvəlcə qarşılıqlı əlaqələrin ümumi prinsipləri müəyyənləşdirilməlidir. Azərbaycan Aİ-nin təklif etdiyi əməkdaşlıq proqramlarında nə dərəcədə və hansı şərtlər daxilində iştirak edə bilər?

Məsələnin bu tərəfi prinsipial əhəmiyyət daşıyır. Doğrudur, J.M.Barrozu Bakıda deyib: “Biz Azərbaycan ilə əlaqələri genişləndirmək arzusundayıq və bu mənada assosiativ üzvlüklə bağlı dəvətimiz qüvvədədir”. Lakin bir qədər sonra Avropa Komissiyasının sədri etiraf edib ki, Azərbaycan rəhbərliyinin təkliflərini nəzərə alırlar.

Həmin kontekstdə yeni əməkdaşlıq formatının işlənib hazırlanmasına təkan verildiyi də ifadə edilib. J.M.Barrozu deyib: “Eyni zamanda, biz anlayırıq və bunu açıq şəkildə müzakirə etdik ki, “Şərq tərəfdaşlığı” çərçivəsində vahid modelin bütün dövlətlərə şamil edilməsinə çalışmamalıyıq. Əminəm ki, əməkdaşlığımızın “Şərq tərəfdaşlığı” dəyərləri üzərində qurulması vacibdir və vaxt yetişib ki, əməkdaşlığımız konkret nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin müzakirəsinə təkan verək və onu sürətləndirək”.

Məsələnin bu tərəfi olduqca əhəmiyyətlidir. Azərbaycan Aİ ilə münasibətlərini həm strateji müstəvidə saxlayır, həm də ona elə məzmun verir ki, geosiyasi problemlər meydana gəlməsin. “Strateji müasirləşmə tərəfdaşlığı” ifadəsi Azərbaycan diplomatiyasının tarixi uğurudur. Burada əsas prinsiplər tərəflərin bərabərhüquqluğunun gözlənilməsinə xidmət edir və şərtlər zamanın tələbinə görə yeniləşə bilər. Bütün mərhələlərdə Aİ ilə Azərbaycanın maraqlarına eyni dərəcədə cavab verə bilən əməkdaşlığa üstünlük veriləcək. Burada birinin digərinə öz iradəsini yeritməsi mümkün deyildir.

Bu məqsədlərə çatmaq üçün Azərbaycan və Aİ indidən konkret sahələr üzrə əlaqələrə yeni məzmun verirlər. Enerji, təhsil, elm, ətraf mühit, istehlak siyasəti, nəqliyyat və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı inkişaf etdirmək qərara alınıb. Söhbət faktiki olaraq sosial-mədəni və iqtisadi inkişafın bütün aspektlərindən gedir.

Problemin bu cür qoyuluşu Avropa cəmiyyəti ilə Azərbaycan toplumunun yaxınlaşmasına yeni təkan verir. Vətəndaşlar, təşkilatlar, müxtəlif sahənin mütəxəssisləri, sosial şəbəkələr və s. arasında əlaqələrin genişlənməsi tərəflərin bir-birini daha yaxşı tanımasına imkan yaradır. Bununla yanaşı, Aİ və Azərbaycan vacib əhəmiyyət kəsb edən sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək şansı əldə edirlər.

Bunların fonunda isə tərəflər enerji, təhlükəsizlik, münaqişələrin ədalətli həlli kimi aspektlərdə fəal əməkdaşlıq etməlidirlər. Bununla bağlı Azərbaycan Prezidenti konkret fikirlərini ifadə edib. Dövlət başçısı İlham Əliyev deyib: “Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa İttifaqının payına düşür... Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər olsun ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir...

...Təbii ki, bu gün biz Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığını da müzakirə etdik...

...Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji təhlükəsizliyi mənbələrin şaxələndirilməsi deməkdir”.

J.M.Barrozu da enerji sahəsində əməkdaşlığa böyük önəm verildiyini bir neçə dəfə vurğulayıb. Bu kontekstdə avropalı siyasi xadimin “Azərbaycan qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır” ifadəsi geosiyasi aspektdə Azərbaycanın fəaliyyətinə verilən yüksək qiymətdir. Aİ faktiki olaraq Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanın dünya səviyyəsində gedən siyasi proseslərə təsir edə bildiyini etiraf edib. Rəsmi Bakı ən mürəkkəb situasiyalarda belə konstruktiv mövqe tutur, təhlükəsizliyin təmin edilməsi istiqamətində konkret təkliflər verir. Bu səbəbdən Aİ üçün Azərbaycanla əməkdaşlığın böyük əhəmiyyəti vardır. Gözləmək olar ki, Aİ-Azərbaycan əlaqələri Cənubi Qafqaz üçün nümunəvi olsun, regionun digər ölkələrinə də məhz bu model təklif edilsin. J.M.Barrozunun Bakıda qarşılıqlı əlaqələrin perspektivləri haqqında söylədiyi fikirlər bu cür düşünməyə əsas verir.

Burada vacib olan məqamlardan biri qarşılıqlı əlaqələrdə yeniləşmə təşəbbüsünün məhz Azərbaycandan gəlməsidir. Bunun təsadüfi olmadığını dərk etmək lazımdır. Çünki Cənubi Qafqazda tam müstəqil siyasət aparan ölkə Azərbaycandır. Başqaları bu və ya digər dərəcədə kənar dairələrdən asılı vəziyyətdədirlər və həmin səbəbdən deyilənlərə əməl edirlər. Ermənistan bu mənada çox ağır vəziyyətdədir. Bu ölkə sözdə müstəqilliyini elan edəndən bəri heç bir təşəbbüs göstərməyib. İrəvan həmişə kənardan olan göstərişləri yerinə yetirib. Onun üçün SMT kimi proqramlar əlçatmazdır.

Göründüyü kimi, Azərbaycan bir tərəfdən cəmiyyətin bütün sahələri üzrə modernləşməni yeni səviyyəyə qaldırır, digər tərəfdən də qlobal geosiyasətin sürətlə dəyişən dinamikasına uyğun xarici siyasət yeridir. Bu prosesi rəsmi Bakı tam müstəqil aparır. Hesab edirik ki, indiki mərhələdə Azərbaycanın Aİ siyasətinin əsasını bu prinsip təşkil edir.

Bu aspektdə aşağıdakı fikirlə razılaşmaq olar: “...Azərbaycan üçün əlverişli imkanlar vəd edən, amma eyni zamanda, ciddi təhlükə mənbəyi olan “coğrafiya, neft və geosiyasət” amilləri böyük məharətlə əlaqələndirilərək biri digərini tamamlayacaq formada vahid strategiya əsasında həyata keçirilmiş, uzunmüddətli dövr və perspektiv gələcək üçün hazırlanmışdır ki, zaman keçdikcə onun bəhrələri daha aydın şəkildə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi uğurlarında və sürətli inkişafında özünü göstərməkdədir”.

Qlobal geosiyasi dinamika müstəvisində Bakının Aİ ilə strateji modernləşmə kontekstində əməkdaşlıq modelinə üstünlük verməsinin ciddi əhəmiyyəti vardır. Bunu yuxarıda təhlil etdiyimiz dünya geosiyasi trendlərinin məzmunu kontekstində aydın görmək mümkündür. Kifayət qədər mürəkkəb və ziddiyyətlərlə zəngin olan geosiyasi mühitdə hansısa təşkilatın təsiri altına düşmək xeyli dərəcədə risklidir. Digər tərəfdən, böyük güclərin bir-biri ilə amansız mübarizə apardığı şəraitdə bu cür seçim səmərəli nəticələr verməz. Lakin məsələ bundadır ki, müstəqilliyini əldə etmiş ölkənin kənar təsirlərə məruz qalmaması üçün uğurlu xarici siyasət kursu qurmaq lazımdır. Cənubi Qafqazda bunun öhdəsindən yalnız Azərbaycan gələ bilib.

Tərəfdaşlığın strateji modernləşmə müstəvisinə keçirilməsi müstəqilliyi və suverenliyi təmin etmək aspektində olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda, burada qlobal geosiyasət kontekstində xüsusi məna kəsb edən bir məqam mövcuddur. Biz, son illər dünya miqyasında müşahidə edilən ikili yanaşmanı nəzərdə tuturuq. Çoxlu sayda ölkələrin hüquqları pozulur. Onlar öz ədalətli mövqelərini müdafiə edə bilmir və bundan çox əziyyət çəkirlər. Azərbaycanın təklifi bu istiqamətdə ciddi addım hesab edilə bilər. Bakı konkret nümunədə göstərir ki, müasir mərhələdə bütün tərəflərin hüquqlarını gözləməklə səmərəli əməkdaşlıq modeli yaratmaq mümkündür.

Həmin model birdəfəlik müəyyən edilmiş struktur və funksional keyfiyyətlərə deyil, dinamik dəyişə bilən prinsiplərə əsaslanır. Özü də burada əməkdaşlıq edən tərəflərin strateji maraqlarını nəzərə almaq imkanı vardır. SMT hər yeni mərhələ üçün müvafiq əməkdaşlıq prinsiplərini işləyib hazırlamaq şansı verir. Beləliklə, Azərbaycan faktiki olaraq “Şərq tərəfdaşlığı” proqramına yeni məzmun gətirəcək ideya irəli sürüb. Andiçmə mərasimində Prezident İlham Əliyevin söylədiyi bir fikir öz təsdiqini SMT kimi ideyaların irəli sürülməsində tapır. Dövlət başçısı demişdir: “Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir”.

Strateji müasirləşmə modeli bütün bunlara görə Azərbaycan-Aİ münasibətlərində növbəti mərhələ ola bilər. Həmin kontekstdə aşağıdakı fikirlə razılaşmaq lazım gəlir: “SMT sazişinin imzalanması və onun reallaşdırılması nəticəsində Azərbaycan öz beynəlxalq nüfuzunu və reytinqini yeni keyfiyyət səviyyəsinə qaldıracaq, milli dövlət maraqlarına heç bir zərər gətirmədən əlavə üstünlüklər, preferensiyalar və dividendlər verən unikal əməkdaşlıq modelini əldə edərək Yeni Ölkə Statusunu qazanacaqdır”.

Yuxarıda vurğuladığımız kimi, bu modelin nümunə kimi digər ölkələr tərəfindən də qəbul edilməsi mümkündür. Çünki müasir dünyanın geosiyasi mühitində müşahidə edilən trendlərin məzmunu təsdiq edir ki, əməkdaşlıqda iqtisadi, energetik, nəqliyyat, mədəni sahələrdə təhlükəsizliyin təmin edilməsinin optimal modeli vacib məsələlərdəndir. Bu istiqamətdə Azərbaycanın fəaliyyəti tamamilə təqdirəlayiqdir.

 

Kamal ADIGÖZƏLOV

 

Xalq qəzeti.- 2014.- 17 iyul.- S.5.