Milli dövlətçilik tariximiz: ümummilli lider

Heydər Əliyevin inkişaf və tərəqqi strategiyası

 

Ümummilli lider Heydər Əliyevin 45 il əvvəl respublika rəhbərliyinə gəlişi XX əsr tariximizin ən mühüm, taleyüklü hadisələrindən biri kimi bugünlərdə yad edilir. Çağdaş Azərbaycanın ötən yarım əsrə yaxın müddətdəki hərtərəfli inkişafı və dövlətçiliyinin bərpası yönündə səylər həmin tarixdən başlanır. Ulu öndərin siyasət Olimpinə gəlişi tarixi həm də Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri kimi müasirlərimiz üçün çox əlamətdardır.

 

Ötən 45 ildə biz yaşlı nəsil Heydər Əliyev siyasətinin cahanşümul qələbələr qazanmasının şahidi olmuşuq. Ulu öndərin respublikamıza rəhbərliyi dövründə əldə etdiyimiz böyük nailiyyətlərin də, onun özünün dünya miqyasında nadir şəxsiyyət, görkəmli dövlət xadimi, siyasi lider kimi tanınmasının və qəbul edilməsinin də əsas mənbəyi onun yeritdiyi düzgün, xalqımızın köklü maraqlarına cavab verən siyasət olmuşdur. Hətta  son 11 ildə də ümummilli liderin bu siyasətini yeni formalarda davaminkişaf etdirmək onun layiqli varisi Prezident İlham Əliyevə də böyük müvəffəqiyyət qazandırmışdır. Bu siyasət ölkəmizin ildən-ilə sürətli inkişafına səbəb olur və dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutmasına doğru aparır.

Milli tariximizin son 45 ilini göz önünə gətirəndə, istər-istəməz, qarşıya belə bir sual çıxır: Heydər Əliyev siyasəti hansı keyfiyyətlərə malikdir ki, o bununla iki dəfə respublikamızı gerilikdən, tənəzzüldən,  xalqı düşdüyü çətin vəziyyətlərdən xilas etmiş, böyük inkişaf yoluna çıxarmış, bununla da ulu öndərə və onun siyasətinə ölməzlik, əbədi yaşamaq hüququ qazandırmışdır.

Əlbəttə, bu suala ətraflı və əsaslandırılmış cavab vermək üçün geniş tədqiqat aparmaq  vacibdir. Əgər bu cavabı qısa formada ifadə etmək mümkün olsa, onda mən deyərdim: öz xalqını sevmək, onun bütün sahələrdə inkişafına xidmət etmək arzusu, istəyi və bu arzunun, istəyin siyasətin bütün cəhətlərində öz ifadəsini tapması Heydər Əliyev siyasətinə böyük uğurlar qazandıran ən mühüm keyfiyyətlərdir.

Azərbaycan rəhbərliyinə gəlməsinin 45 illiyini böyük sayğı, fərəh və minnətdarlıq hissilə qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevin insani keyfiyyətlərinə, həyat amallarına və siyasətinə bir vəhdət halında yanaşdıqda onun ulu Tanrının xalqımıza, bütün türk dünyasına bəxş etdiyi nadir şəxsiyyət, xalqını, dövlətini və Vətənini hədsiz dərəcədə sevən, ömrünün mənasını onlara sədaqətlə xidmətdə görən və bunu öz siyasətində həyata keçirən müdrik bir insan, dünya miqyaslı bir dövlət xadimisiyasi lider kimi böyüklüyü daha aydın görünür.

Onun həyatı və fəaliyyəti narahatlıq, axtarış, Vətənə, xalqa bağlılıq, işgüzarlıq, cəsarətlilik, dözümlülük, fədakarlıq, təşəbbüskarlıq, uzaqgörənlik, qayğıkeşlik və tələbkarlığın bir insanda üzvi surətdə birləşməsinin parlaq nümunəsidir. Heydər Əliyevin bütün bu insani keyfiyyətləri, xalqa bağlılığı və xalqa xidmət etmək istəyi onun həm XX əsrin 70-80-ci illərində, həm də müstəqillik illərində yeritdiyi siyasətdə təzahür etmişdir. Ömrünün son çağında Heydər Əliyev üzünü bütün xalqına tutaraq demişdi: “Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə prezident kimi rəhbərliyimin 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezidenti kimi mənim həyat amalım yalnız sizə-bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

 1969-cu il iyul ayının 14-də– Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderlik mövqeyinə malik olmuş respublika bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun)  inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf sürəti kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fondxammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi.

Nəticədə Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən 1970-ci ildə SSRİ-də milli gəlir 2,0 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə qədər, Azərbaycanda isə 1,6 dəfə artmışdır) geri qalır, bu göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünü daha qabarıq surətdə göstərirdi. 1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yeri tuturdu. 1966-1969-cu illərdə bu gerilik daha da artmışdı (bu müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı). Azərbaycanın bəzi iqtisadi rayonlarında 60-cı illərin birinci yarısında sənayenin inkişafı demək olar ki, dayanmışdı. Misal üçün, 1960-cı ilə nisbətən 1965-ci ildə SSRİ-də sənaye məhsulu 65 faiz, Azərbaycanda 41faiz, Naxçıvan MR-də isə cəmi 8 faiz artmışdı. SSRİ rəhbərliyinin o vaxt etiraf etdiyi kimi, bu göstərici müttəfiq və muxtar milli dövlət qurumları arasında ən aşağı göstərici idi.

Respublikada yaranmış sosial-iqtisadi durum Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hərtərəfli təhlil olundu. Respublikanın imkanlarını və mənafeyini nəzərə almaqla geriliyin səbəbləri aşkara çıxarıldı. Onların aradan qaldırılması, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əvvəlki dövrlərdə olduğundan tamamilə fərqlənən, prinsip etibarilə yeni inkişaf strategiyası və müvafiq proqramlar işlənib hazırlandı və onların mərhələ-mərhələ yerinə yetirilməsi yolları müəyyənləşdirildi.

Aparılan təhlil göstərir ki, 1970-1985-ci illərdə qarşıya qoyulan vəzifələrin xarakteri baxımından iki mərhələ bir-birindən xeyli fərqlənir:

1970-1975-ci illəri əhatə edən birinci mərhələdə iqtisadiyyatın bütün sahələrində mövcud potensialı hərəkətə gətirmək və ondan səmərəli istifadə etməklə məhsul istehsalının artım sürətindəki geriliyi aradan qaldırmaq və bütövlükdə sosial-iqtisadi inkişafı sürətləndirmək vəzifəsi qarşıya qoyuldu.

1976-1985-ci illəri əhatə edən ikinci mərhələdə iqtisadiyyatın bütün sahələrini səmərəli və kompleks inkişaf etdirmək, strukturunda Azərbaycanın ittifaq əmək bölgüsündə geniş iştirakını təmin edəcək sahələrin və ya bütövlükdə iqtisadiyyatın inkişafına müsbət təsir edən mütərəqqi sahələrin üstün inkişafı istiqamətində dəyişikliklər edilməsi, neft maşınqayırması və neft emalının yeni texniki baza üzərinə keçirilməsi və istehsal olunan məhsulun keyfiyyətinin yüksəlməsi strateji vəzifə kimi qarşıya qoyuldu.

Neft sənayesində yenidənqurma işləri və sənayedə struktur dəyişiklikləri etmək böyük kapital qoyuluşu tələb edirdi. Odur ki, strategiyada neft sənayesinə kapital qoyuluşunu azaltmadan respublika iqtisadiyyatına ümumi kapital qoyuluşunun artmasına nail olmaq, bu yolla qeyri-neft sektoruna kapital qoyuluşunu artırmaq və onun sürətli inkişafını və strukturunun mütərəqqi istıqamətdə təkmilləşməsi üçün maliyyə təminatı yaratmaq mühüm vəzifə kimi müəyyənləşdirilmişdi. Bu məqsəd üçün Heydər Əliyevin təşəbbüsü və böyük məqsədyönlü fəaliyyəti nəticəsində Sov. İKP MK “1976-1980-ci illərdə və sonrakı dövrdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticəsi barəsində” qərarında Azərbaycan sənayesinin inkişafı üçün ayrılan əsaslı vəsait qoyuluşu və maddi-texniki təchizatın miqdarı onuncu beşillikdə planda nəzərdə tutulduğuna nisbətən böyük məbləğdə artırılmışdı.

Həm də ilk dəfə olaraq neftlə əlaqədar sahələrə qoyulması nəzərdə tutulan vəsait ayrıca göstərilmişdi. Məsələn, neft avadanlıqları istehsalına əsaslı vəsait qoyuluşu əlavə olaraq 83 milyon rubl artırıldı. Ümumiyyətlə, 1976-1980-ci illərdə 36 milyon rubl, sonrakı beşillikdə 121 milyon rubl dəyərində olan qurğuların işə salınması nəzərdə tutulurdu. Neftayırma sənayesinin inkişafı üçün əvvəl nəzərdə tutulmuş 162,3 milyon rubla əlavə olaraq 85 milyon rubl vəsait ayrılmışdır və i.a. Ümumiyyətlə, neft sənayesinə ayrılan əsaslı vəsait 2,0 milyard rubla çatdırılmışdı.

Neft sənayesinə qoyulan vəsaitin artırılması və dövlət planında ayrılıqda göstərilməsi bir tərəfdən qeyri-neft sektoruna yönəldilən vəsaiti artırmağa və onu daha sürətlə inkişaf etdirməyə, digər tərəfdən neft sənayesinin özündə respublika iqtisadiyyatının mənafeyini nəzərə almaqla əsaslı tədbirlər həyata keçirməyə imkan verirdi. Neft sənayesinin qeyri-neft sektorunun inkişafı ilə qarşılıqlı əlaqəsinin genişlənməsi, neft emalı və neft-maşınqayırma sənayesinin qeyri-neft sektorunun tələbatının ödənməsinə daha çox xidmət göstərməsi, qeyri-neft sektorunun tələbatını ödəyən məhsullar istehsal etməsi xətti həyata keçirilirdi.  Heydər Əliyev Azərbaycan KP MK-nın 1976-cı il oktyabr plenumunda özünəməxsus qətiyyətlə bir daha qeyd etmişdir ki, hər bir müəssisə, baş idarə və nazirlik əslində texniki tərəqqinin mübariz qərargahına çevrilməli, istehsalın texniki səviyyəsi və məhsulun keyfiyyəti üçün tam məsuliyyət daşımalıdır. Bütün regionlarımızdan xarici bazarlara daha çox və rəqabət qabiliyyətli məhsul çıxarmaq istədiyimiz müasir dövrdə bu göstərişlər yenə də öz aktuallığı ilə diqqəti cəlb edir.

Heydər Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər, onun təşəbbüsü və təkidi ilə mərkəzi hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1970-1985-ci illər cəmiyyət həyatının bütün sahələrində (iqtisadi, mədəni, sosial, siyasi) yüksəliş və tərəqqi illəri oldu. Azərbaycan iqtisadiyyatı bütün öz varlığı tarixində ən yüksək inkişaf səviyyəsinə çatdı. Başlıcası isə Azərbaycan ittifaq əmək bölgüsündə öz layiqli yerini tutdu. Elektrik enerjisi, neft-mədən avadanlıqları, kimya sənayesinin bir çox məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay, xalçaxalça məmulatları, mineral sular, fermentləşmiş tütüns. istehsalına görə keçmiş ittifaq əmək bölgüsündə mühüm yer tuturdu. Respublikada iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etdirildi, artım sürətinə görə o, SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxdı.

1970-1982-ci illərdə respublikamızın iqtisadiyyatının inkişaf etməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuşdu, o cümlədən 213  yeni sənaye müəssisəsi istismara verilmişdi. Bakı Məişət Kondisionerləri Zavodu, “OzonElmi-İstehsalat Birliyi, Elektron Hesablama Maşınları Zavodu, Dərin Özüllər Zavodu, tikiş və ayaqqabı fabrikləri, Şirvanda (Əli Bayramlıda) Məişət Cihazları Zavodu, Sumqayıt Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Gəncə Əlvan Metal Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Mingəçevirdə Azərbaycan DRES, Yevlaxda yunun ilkin emalı fabriki və digər şəhərlərdə tikilən onlarla iri sənaye müəssisələri, elektrotexnika, cihazqayırma, radiotexnika zavodları, pambıqtəmizləmə, çay emalı müəssisələri, şərabçılıq və meyvə-tərəvəz konserv istehsalı zavodları məhz Heydər Əliyevin müntəzəm apardığı təşkilatçılıq işinin nəticəsi idi.

Məhz görülmüş əsaslı tədbirlərin, əmək intizamının möhkəmlənməsi, dövlət  plan tapşırıqlarının yerinə yetirilməsi üçün məsuliyyət hissinin artırılması nəticəsi olaraq respublikamızda Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etmişdir. Artıq 1970-75-ci illərdə  Azərbaycan iqtisadiyyatın bütün sahələrinin inkişaf sürətinə görə İttifaq respublikaları arasında ən qabaqcıl mövqeyə çıxmışdı. 1970-75-ci illərdə  respublikamızda məcmu məhsul 44 faiz, milli gəlir 39 faiz, sənaye məhsulu 50 faiz, kənd təsərrüfatı məhsulu 34 faiz artmışdı.

Heydər Əliyevin bilavasitə Azərbaycana rəhbərlik etdiyi 7 ildə də iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı davam etmişdi. 1970-1982-ci illərdə Azərbaycan hər il müttəfiq respublikalar arasında sosializm yarışının qalibi olmuşdur. Sənayedə əmək məhsuldarlığının yüksəlməsi, istehsalın səmərəliliyinin artması üçün onun texniki tərəqqinin istiqamətlərini müəyyən edən maşınqayırma, elektrotexnika, kimya, elektroenergetika kimi sahələri daha sürətlə inkişaf etdirilirdi. Digər tərəfdən, sənayedə yeni texnika və texnologiyanın tətbiqinə dövlət tərəfindən xüsusi qayğı göstərilirdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və s. yaradılmışdır. Sənaye məhsulu 2,7 dəfə, sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmışdı.1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Belə ki, 1970-ci ilə nisbətən 1985-ci ildə respublikanın sənaye məhsulu 2,9 dəfə artmışdı ki, bu da  Belarusiya qismən istisna olmaqla (3,0 dəfə) bütün digər respublikaların göstəricilərindən yüksək idi.  Respublikada kənd təsərrüfatı və onun xammalını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Pambıq, meyvə, tərəvəz istehsalı iki dəfədən çox, üzüm, tütün, barama, yaşıl çay yarpağı istehsalı 2-5 dəfə artmışdı. Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1481 (1984-cü ildə 2126 min tona), pambıq istehsalı müvafiq olaraq 299 min tondan 831,2 min tona, tərəvəz 410 min tondan 850 min tona çatmışdı.

Bu kənd təsərrüfatı məhsulları istehsalı sahəsində Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqeyə malik oldu, o cümlədən üzüm və müxtəlif növ şərab istehsalına görə respublikamız müttəfiq respublikalar arasında birinci yeri tuturdu. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstərıcisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu. 1970-1982-ci illərdə milli gəlir 2,5 dəfə, adambaşına isə 2 dəfə artmışdı. Bu göstəriciyə görə Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqe tuturdu. Bütün bunların nəticəsi idi ki, Rusiya ilə yanaşı, Azərbaycan da ittifaq büdcəsindən dotasiya almadan öz iqtisadiyyatını sürətlə və mənfəətlə inkişaf etdirirdi. Bütün bunlar xalqın yaddaşında öz həqiqi liderinin rəhbərliyi ilə tarixi yüksəliş, milli intibah illəri kimi qalmışdı. Elə buna görə də dövlət müstəqilliyinin ilk illərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşəndə xalq ümummilli lider Heydər Əliyevə üz tutdu. Ulu öndər Heydər Əliyevin tarixi sınaqlardan qələbələrlə çıxmış qüdrətli siyasəti müstəqil dövlətimizi də inkişaf və tərəqqi yoluna çıxardı.

 

Əli NURİYEV,

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Regional İqtisadi Sosial Araşdırmalar İnstitutunun direktoru,

AMEA- nın müxbir üzvü

 

Xalq qəzeti.- 2014.- 17 iyul.- S.4.