Xalqımızın tarixini, qan yaddaşını

plakatlarda yaşadan rəssam

 

— Lap kiçik yaşlarımdan məni işıq və kölgənin, sonralar musiqi ilə rənglərin sirli vəhdəti tez-tez  düşündürürdü. Bağçamızdakı balaca hovuzun divarlarında əks olunan işıqla  kölgənin qəribə “rəqsi” məndə əsrarəngiz duyğular oyadırdı. Çoxlarının adi təbiət hadisəsi kimi əhəmiyyət vermədiyi “tamaşa”ya saatlarla baxmaqdan yorulmaz, bu “sirri” kəşf etməyə can atardım...

 

Söhbətimizə bu fikirlə başlayan tanınmış rəssam Kirman Abdin yaddaşında qalan xatirələri yada salaraq deyir ki, uşaqlıq yaşlarımdan təbiətin sirlərinə aludə olmağın  rəsmlər çəkməyə məndə sonsuz maraq və coşqun həvəs yaradıb. Bu həvəs və həyat sevgisi ilə qəlbimdən gələnləri, düşündüklərimi  cizgiləməyə başlamışam...

Kirman Abdin 1959-cu ildə  təbiətin ecazkar guşəsində — Şahbuz  rayonunun Külüs kəndində dünyaya göz açıb. Uşaqlıq çağlarından kükrəyib axan dağ çayının sahilində, suyu bumbuz  çeşmələrin, ətirli, dadlı, ləziz meyvəli bağların, gül-çiçəyə bürünmüş dağların, zəhmətkeş, vətənpərvər, yaradıcı insanların əhatəsində boy atıb. İlk təhsilini kənd məktəbində alıb. Sonra Bakıda  Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, Mirzə ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. İnstitutda  uğurlu diplom müdafiəsinə görə Rəssamlar İttifaqının zəmanəti ilə gənclər bölməsinə üzv qəbul edilib. Tələbəlik dövründən yaradıcılığa başlayan Kirman bütün ömrünü  rəssamlıq və qrafika-plakat, karikatura əsərlərinin yaradılmasına  həsr edib. Onun çəkib yaratdığı, əsas siyasi motivi Qarabağ mövzusu olan əsərlərindən aydın olur ki, rəssam zamanın və həyatın nəbzini tuta bilir, Vətənin tarixini, dərd-sərini, torpaq və millət təəssübünü bu plakatlarda əks etdirir, ustalıqla  qrafik cizgilərdə bədii sənət nümunələri yaradır.

Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin və Karikaturaçı Rəssamlar Birliyinin  üzvü  olan Kirman Abdinin əsərlərində  təsviri incəsənətin kütləvi  növü olan plakat qrafikası  bədii sənət  kimi mühüm ideoloji vasitəyə çevrilmişdir. Keçən əsrin əvəllərindən başlayaraq  sənətkarlarımız  bu sahədə  bir sıra ciddi uğurlar qazanmışlar. Bu janrın inkişaf etməsinin nəticəsidir ki, görkəmli sənətkarımız Ömər Eldarovun rəhbərliy ilə “Müasir Azərbaycan plakatı” adlı kitab-albom nəşr olunmuşdur.  Kirman Abdinin bu sahədə yaratdığı əsərlər bədii-estetik dəyəri və vətəndaşlıq nöqteyi-nəzərindən xüsusilə  diqqəti cəlb edir. Elə buna görədir ki, Kirman Abdin respublika üzrə keçirilən siyasi plakat müsabiqəsinin qalibi olub (1984), “Azərbaycan bu gündevizi ilə I Respublika plakat müsabiqəsində III yerə (1994), ABƏŞ-in emblem müsabiqəsində III yerə (1995), Azərbaycan İncəsənət Mərkəzi və UNIKOL neft şirkətinin keçirdiyi plakat müsabiqəsində I mükafata (1997) layiq görülüb. 1994-2006- cı illərdə keçirilən bədii plakat müsabiqələrində fəxri diplomlarla təltif edilib. AİDS-ə qarşı I Respublika plakat müsabiqəsində (1999) II dərəcəli diplom alan işi kütləvi tirajla çap olunmuşdur.  “Novruz-99" sərgi-müsabiqəsində rəssamın plaktı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi tirajla çap olunmuş və şəhərin tərtibatında istifadə edilmişdir.

O həm də karikaturaşarj janrında çalışan rəssam kimi tanınır. 2000-ci ildə Türkiyədə kerçirilən beynəlxalq karikatura yarışmasında III yerə layiq görülmüş, 2001-ci ildə İranda dövlət səviyyəsində keçirilən “Sivilizasiyalararası dialoq” beynəlxalq sərgisində xüsusi mükafat almış, “Heydər Əliyev  – Müstəqil Azərbaycan” beynəlxalq ekslibris (2003) müsabiqəsinin iştirakçısı olmuşdur. 2004- ildə “Molla Nəsrəddin-100” beynəlxalq sərgi müsabiqəsində “Uğur” mükafatını qazanmışdır. “Teatr plakatı”(2005), “Gömrük rəssamların gözü ilə” plakat müsabiqəsi (2006) və digər sərgilərdə müxtəlif mükafatlara layiq görülmüşdür.

2012-ci ilin 20 yanvarı. Bakı metrosunun “20 Yanvar  stansiyasının içərisində tanınmış rəssam Kirman Abdinin plakatları ilə  faciənin 22-ci ildönümünə  həsr olunmuş  sərgi açılmış və anım mərasimi geniş formada qeyd olunmuşdur. Xalqımızın qan yaddaşına yazılmış həmin  gecənin dəhşətlərini anlaşılqı şəkildə  əks etdirən  plakatlarfotomontajlar qərənfillərin əhatəsində tamaşaçı və sərnişinlərə təqdim olunurdu.

2012-ci ilin may ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəsamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin  təşkilatçılığı ilə Bakıda – Vəcihə Səmədova adına sərgi salonunda Kirman Abdinin “Əsrlərin yaddaşı-nəsillərin yaddaşı” bədii plakat sərgisi keçirilmişdir. Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttfaqının sədri Fərhad Xəlilov, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə, Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Əsəd Quliyev və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışmış və plakat janrında uğurlu işlərinə görə rəssamı təbrik etmişlər.

Sərgiyə gələnlər qrafikanın plakat janrında rəssamın  yaratdığı əsərlər ilə tanış oldular.“Bakı, 20 Yanvar 1990” plakatı o müdhiş gecəni bütün görüntüləri ilə göz önünə gətirir. Boz rəngin fonunda işlənmiş plakat ermənipərəst Kremlin Azərbaycana  bozüzünü göstərməsinə işarədir. Qərənfillərə tuşlanan və üzərlərində “oraq-çəkic” aydın görünən güllələr sovet imperiyasının üzünü göstərir. Rəssam qara fonda bu sözləri yazmışdır: “Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək”.

“31 mart 1918. Azərbaycanlıların soyqırımı” plakatına  müəllif  “Soyqırımı üzərində qurulan işğalçı Ermənistan” epiqrafını vermişdir. Narıncı rəngin fonunda  dəhşətli hadisələrin, faciələrin  ümumiləşdirilmiş  kompozisiyada  əks etdirilməsi işğalçı daşnakların “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasını, təcavüzkar dövlətin azərbaycanlılara qarşı törətdiyi soyqrımı, erməni vəhşiliklərini  göstərir.

 Novruz bayramına həsr edilmiş “Elimizə bahar gəlir”, “Yaz bayramı, saz bayramı, söz bayramı”, “Yurdumuza bahar gəlir”əsərlərində rəssam daşlaşan, qayalaşan və əbədiləşən Qobustan və Gəmiqaya qayaüstü rəsmlərinin qəhrəmanlıq   rəmzi olduğunu, xalqımızın ən qədim dövrlərindən başlamış bu günümüzədək keçdiyi şərəfli tarix yolunu, yurdumuza azadlıq baharının gəldiyini, müstəqil Azərbaycanımızın üçrəngli bayrağının səmada əbədi dalğalandığını  işıqlı, əlvan rənglərlə təsvir edir.

“Yetər parçalanmaq” plakatı gözlərimiz önündə itirilmiş torpaqları canlandırır."Dünənimdən bu günümə gələn yol" əsərində isə şərəfli tarixi yolumuzda bayrağımız təsvir olunur. “Qan yaddaşı”,"Əsrin müqaviləsi","Daş olsaydım əriyərdim, torpaq idim dayandım" ,"Erməni terrorizmi. Zamansız və amansız ölümlər" və digər plakatlar müstəqillik  dövrünün unudulmaz hadisələri barədə  zəngin təəssürat yaradır.

K. Abdin deyir: – Mənim bu sahəyə marağım uzun müddət mətbuatda informasiya bolluğu içərisində fəaliyyət göstərməyimdən irəli gəlir. Bütün bunlara rəğmən hər gün içərisində olduğum  siyasi hadisələri izləyir, praktik cəhətdən təhlil edir, ideyaları tapdıqca bədii plakat yaratmaq  əsas işimə çevrilir.

K. Abdin son illər həyatımızın həqiqətlərinə aid  müxtəlif mövzuda silsilə qrafik əsərlər yaratmışdır. Onun  kompyuter qrafikasında işlədiyi əsərlər mövzu zənginliyi baxımından daha maraqlıdır. Böyük həvəslə çalışan sənətkarı  qarşıda  yeni sərgilər və müsabiqələr gözləyir. Ölkəmizi yaratdığı əsərləri ilə dünyada tanıdan  rəssam Kirman Abdinin  55 yaşı olmasına baxmayaraq, bu gün də gənclik eşqi, gənclik həvəsi ilə çalışır və yeni-yeni əsərlər yaradır. Qayğıkeş ailə başçısıdır. Böyük qardaşı Telman əməkdar rəssamdır, qızı Nigar da ata yolunu davam etdirir, ali təhsilli rəssamdır. Səmimi dost, gözəl insan, istedadlı rəssam  Kirman müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.7.