Akademik Həsən Əliyev

adına Zəngəzur Milli Parkı

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır.

 

Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus  iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir.

Zəngəzur silsiləsinin sonuncu – üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 kilometrlik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var. Aşınmış süxurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi azalır və relyeflərin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır.

Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. İllik yağıntı 300-800 millimetrdir. İranla sərhəd boyu Araz çayı axır. Ərazinin torpaq örtüyü müxtəlifdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqları yayılmışdır.

Zəngəzur Milli Parkının su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür. Başlanğıcını Naxçıvan MR-nın ərazisindəki Göygöldən götürən Sağarsu çayı Gilançaya tökülür.

Naxçıvan Muxtar Respublikası ərazisində suda-quruda yaşayanların 6 növü mövcuddur. Bunlardan 4 növə Zəngəzur Milli Parkının ərazisində rast gəlmək mümkündür. Bunlar Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısaayaq göl qurbağasıdır. Suriya sarımsaqiyli qurbağasının nəsli kəsilmək təhlükəsi olduğundan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmişdir.  Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, kiçik Asiya gürzəsi, kiçik Asiya kərtənkələsi, ox ilanı qorunduğu üçün adları “Qırmızı kitab”a daxil edilmişdir.

Özünəməxsus floraya faunaya malik olan Naxçıvan Muxtar Respublikası həm quşların zənginliyinə görə Azərbaycan Respublikasında xüsusi yer tutur. Ərazidə 217 növ yarımnöv quşa rast gəlinir ki, bunlardan 15-i “Qırmızı kitab”a daxil edilmişdir. Həmin quş növləri aşağıdakılardır:

Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berkut, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək s. misal göstərmək olar.

Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə ya yarımnövünə təsadüf edilir. Bunlardan 32-sinə Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Bu ərazidə məməlilərdən Blaziliusya Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi (tirəndaz), kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi,  qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon) və s. məskunlaşmışdır.

Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyis. rast gəlmək mümkündür.

Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan 16-sının Naxçıvan sularında olması müəyyən edilmişdir. Kür altağızı, Kür qumlaqçası, Araz xramulyası, Kür şirbiti,  ilişkən, çəki, qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşcəsi və s. Göstərilən balıqlardan yalnız qızılxallı balıq Azərbaycanın “Qırmızı kitab”ına düşmüşdür. Qızılxallı balıq əsasən Milli Parkın ərazisində olan Çalğarsu, Əyriçay və Paraqaçayda yayılmışdır.         

Zəngəzur Milli Parkının ərazisi alinadir bitkilərə görə də zəngindir. Belə ki, muxtar respublika ərazisində bitən 110 növ alinadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, və s. 77 növ alinadir bitkilərin əksəriyyətinin adları “Qırmızı kitaba daxil edilmişdir.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

 

Təqdim etdi:

İsaq ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.7.