Vətənin dilbər guşəsi – İsmayıllı...

 

...İsmayıllıya gedirdim. Qələm dostum, həyatdan vaxtsız köçmüş, əzizim Aydın Səlimzadənin anım gününə. Tək mən yox, Aydınsevənlərin çoxu bu tədbirə dəvət almışdı. Yol boyu istedadlı jurnalist Qorxmaz Şıxəliyevlə Aydınla bağlı xatirələri çözələyə-çözələyə unudulmaz Səməd Vurğunun misralarını xatırlayırdım: “Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram”.

 

Fikirləşirdim ki, görəsən, bu borc həmişə qaytarılırmı? Yaxşısı budur, cavabını da özüm verim: “Yox!”  Qoy bəziləri məndən inciməsinlər. Həqiqət budur. Axı, biz bu yurdu, bu milləti, bu Vətəni sevən, gözlərinin nurunu, ziyasını şam kimi əridən ziyalılarımızı niyə yaddan çıxarmalıyıq? Onların xatirəsini niyə yad etməməliyik? Axı Peyğəmbərimiz (s.) alim qələminin mürəkkəbini şəhid qanından üstün tutmuşdur.

Deyəsən, mətləbdən aralı düşdüm. Həmin tədbirə çox adam gəlmişdi. Böyük ekranda foto-şəkillər nümayiş etdirilirdi. Tədbirin aparıcısı Aydın Səlimzadənin keçdiyi şərəfli yol haqqında danışırdı. Şəxsən mənim üçün bu kövrək sözləri eşitmək çətin idi. Aydın Səlimzadə ilə bağlı xatirələr, onunla bağlı xatirələr gözlərimin qabağından getmirdi ki, getmirdi...

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdi. Aydınla bağlı yaddaşına ilişib qalan anları xatırladı. “Bu gün biz Aydın Səlimzadənin ad gününə yığışmışıq, — dedi. — İnsan dünyaya gələndə bütün yaxınları, doğmaları, el-oba sevinir. Odur ki, biz çıxışlarımızı kədərli notlar üzərində qurmamalıyıq. Aydınla bağlı xoş xatirələrimizi danışmalı, onun keçdiyi şərəfli ömür yoluna işıq salmalıyıq. Aydının yazılarının leytmotivi bu milləti, bu dövləti azad, xoşbəxt, firavan görmək idi. Bu gün onun ruhu şaddır. Çünki qüdrətli Azərbaycan dövləti yaranıb. Dünyanın hər yerində adı iftixarla çəkilən bir Azərbaycan var. Bizim əziz dostumuz bütün söhbətlərində, bütün yazılarında bunu arzulayırdı...

Çıxışımın sonunda bunu deməyi özümə borc bilirəm. Biz ziyalılarımızı həmişə uca tutmalıyıq, onların hörmətini saxlamalıyıq. Mənim bura toplaşanlara, ümumiyyətlə bütün ismayıllılara arzum budur".

Yazdım ki, siz də biləsiniz. Bu sözləri iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov deyirdi...

O, icra hakimiyyətinin başçısı təyin olunandan sonra da ilk görüşünü məhz rayonun ziyalıları ilə keçirdi. Həmin tədbirdə mən də iştirak edirdim. Yaxından, uzaqdan bütün ziyalıları, İsmayıllının təəssübünü çəkən insanları həmin tədbirə dəvət etmişdi. Məqsəd bir idi: “İsmayıllıda fəaliyyətə nədən başlamalı, hansı işlər həyata keçirilməlidir”. Və bir də konkret sual: “İsmayıllını necə görmək istəyirsiniz”.

Müxtəlif çıxışlar oldu, fərqli təkliflər verildi. Hərə öz sözünü dedi. Həmin tədbirdə yanımda oturan ağsaqqal, nurani bir insanın dediyi söz indi də yadımdan çıxmır ki, çıxmır: “Oğul, bax bu tədbirlə də İsmayıllıda sağlam, mənəvi psixoloji mühitin əsası qoyuldu”.

İndi aradan xeyli vaxt keçib. Bu müddət ərzində çox işlər görülüb. İsmayıllı aybaay yox, günbəgün dəyişir. Küçələrə asfalt döşənir, işıq dirəkləri yenisi ilə əvəz olunur, yaşıllıqlar salınır. Rayon başdan-başa simasını dəyişir. Heydər Əliyev prospektində böyük işlərə başlanılıb. Akademik Zərifə xanım Əliyevanın adını daşıyan park ismayıllıların ən sevimli yeri olacaq. Mən bunları söz xatirinə yazmıram. Gəlin özünüz baxın, görün. Görün ki, İsmayıllı haqqında elə məhəbbətlə danışmağım təsadüfi deyil. Bu gün rayonun hər yerində iş gedir. Yeni müəssisələr tikilir, yollara asfalt döşənir, kəndlərdə sosial obyektlər inşa edilir. Bunlar haqqında çox yazmışam, çox söhbət etmişəm. İsmayıllıda gedən tikinti- quruculuq işləri gələcək yazılarımızda hələ çox əksini tapacaq.

Fəxrlə demək olar ki, inamı özlərinə qayıtmış ismayıllılar rayon icra hakimiyyətinin qapısını bax belə, ürəklə döyürlər. Qəbullara gələn insanlar yaxşı bilirlər ki, onların sözü yerdə qalmayacaq, diqqət göstəriləcək, problem həll olunacaq. Yəqin ki, bu yerlərə bələd olanlar əvvəllər Göytəpəyə, Qalıncağa, Ruşana gedəndə yol sarıdan nə qədər əziyyət çəkdiklərini yaxşı xatırlayırlar. Gəlin indi baxın. Ölkə Prezidenti cənab İlham Əliyev Göytəpə - Qalıncaq - Ruşan yolunun çəkilməsinə 5,4 milyon manat vəsait ayırıb. Yolun yarısından çoxunda artıq işlər başa çatıb. Rayon rəhbəri, demək olar ki, hər gün buraya baş çəkir, vəziyyətlə maraqlanır. Az məsafə deyil. On səkkiz kilometrdir. Qurtarmağa lap az qalıb. Ulu öndərin sözü yadıma düşdü: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”.

Qalıncaq demişkən, bir dəfə yazmışam. Yenə də yazıram. Çünki bu hadisə mənim yaddaşımda özünə xüsusi yer tutub. Tək mənim yox, bəlkə də, çoxlarının gözlərini yaşardan həmin əhvalatı insani hisslərin bir nümunəsi kimi mən hələ çox yerdə danışacağam.  Mirdaməd müəllim görəndə ki, ona yaxınlaşan bir qadın nəsə demək istəyir: “Anam, nə sözün var?”, – deyə soruşdu.

Qadın əvvəlcə dinmədi. Gözlərindən axan yaş damlaları sifətinin qırışları arasında düyünləndi: “Oğul, mən şəhid balamın adına  öz şəxsi vəsaitimlə bir bulaq tikdirmişəm. İndi həmin bulağa yol çəkilməsini sizdən xahiş edirəm”.

Hamı susub dayanmışdı.  Bir çoxları kimi rayon rəhbəri də kövrəlmişdi:

— Ana, sən nə danışırsan, — dedi. — Nəinki həmin bulağa yol çəkərik, hətta, bulağın  yanında  mərmərdən xatirə  daşı  qoyub üstünə şəhid olmuş oğlunuzun şəklini də vurarıq. Bu da olar torpaq, Vətən uğrunda canını əsirgəməmiş, həyatını qurban vermiş  bir insanın xatirəsinə bizim ehtiramımız.

Bu sözləri xatırlatmağm qətiyyən təsadüfi deyil. Həm də onu yada salmaq istəyirəm ki, Mirdaməd müəllim rayon sakinləri ilə görüşlərində verdiyi bütün vədlər kimi bu vədinin də yüksək səviyyədə reallaşdırılmasına nail olub. Mən də söz vermişdim ki, bu faktı çox yerdə danışacağam.

Səyyar görüş-qəbuldan söz düşmüşkən qeyd edim ki, İsmayıllının elə bir yaşayış məntəqəsi yoxdur ki, rayon icra hakimiyyətinin başçısı orada təkrar qəbul-görüşlər keçirməsin. Bu görüşlərdən biri bu günlərdə Gəndo kəndində olub. Rayon ərazisində görülən işlərin, həyata keçirilən yeni-yeni layihələrin şahidi olan gəndolular Mirdaməd müəllimin qəbuluna böyük inam və ümidlə gəlmişdilər. Arzu, təklif və şikayətlərdən öncə kənd sakinləri bugünkü  firavan həyatlarının təmin olunduğuna görə, sosial-iqtisadi inkişafda daim İsmayıllıya diqqət göstərdiyi üçün cənab Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Onlar bildirdilər ki, Gəndoda yaşasalar da, ölkədə, İsmayıllıda gedən proseslərdən məlumatlıdırlar, bir  vətəndaş olaraq görülən işlərə çox böyük qiymət verirlər. Yaxşını, yaxşı işləri görüb, dəyərləndirməyi bacarırlar.

Burada söhbəti saxlayıb, bir haşiyə çıxmaq istəyirəm. Ümumiyyətlə, İsmayıllı barədə qələmə aldığım materiallarda mən şahidi olduğum faktlarla yanaşı, həm də rayonun tanınmış ağsaqqal və ziyalılarının fikirlərinə də istinad etmişəm. Uzun illər rayon təhsilinə rəhbərlik etmiş Fərman Bəşirovla söhbətlərimizdə İsmayıllının indiki rəhbərlik dövründə əldə etdiyi tərəqqi barədə çox məqamlardan söz açmışıq. Amma bu ilin əvvəllərində qəzetimizdə verilmiş “İsmayıllı: İl boyu yaşanan sevinc” adlı yazıda toxunduğumuz bir məqamı bu gün də təkrar etmək istəyirəm. Hansısa ağzıgöyçəklərin qəzetlərdə İsmayıllı barədə qətiyyən həqiqətə uyğun olmayan cızma-qaralarını görəndə istər-istəməz düşünürəm. Görəsən, bu qədər qarayaxma, həqiqətə uyğun olmayan şeylər yazmaqla bəzi adamlar nə qazanırlar? Buna nə ad verməyi mən bilmirəm. Özlərini “qəzetçi” adlandıran bu insanlar, görəsən, vicdan anlayışının nə olmasından xəbərdardırlarmı? Təəssüf, çox təəssüf.

Qayıdaq yenə Gəndodakı görüşə. Görüşdə daşınmaz  əmlakın qeydiyyatı, ünvanlı sosial yardım, enerji təchizatı və məktəb tikintisi ilə bağlı suallara  cavabdeh  təşkilat rəhbərlərinin iştirakı ilə obyektiv cavablar verilməsindən sonra müvafiq tədbirlər müəyyənləşdirildi. Amma əsas məsələ bu olmadı. İcra hakimiyyətinin başçısı müvafiq qurum rəhbərlərinə tapşırdı ki, bir aydan sonra qəbul zamanı qaldırılan məsələlərin həlli nəticələri barədə kənd sakinlərinə məlumat verilsin. Gəndolular bir daha yəqin etdilər ki,  həqiqətən, dövlət onlar üçündür. Qəbuldan sonra icra hakimiyyəti başçısının dindarların təşkil etdiyi iftar süfrəsində iştirak etmək üçün Lahıca getməsi isə bir növ mənim ötən yazılarda qeyd etdiyim “o, ilin və ayın bütün günlərini sadə insanların arasında keçirməklə həm Heydər Əliyev siyasi idarəetmə məktəbinə sədaqətini nümayiş etdirir, həm də rayonda sağlam mənəvi-psixoloji mühitin daha da möhkəmləndirilməsini təmin edir” ifadəsinin sübutu, təsdiqi kimi maraqlı idi.

Xüsusilə qeyd edilməli cəhətlərindən biri də odur ki, həm xaricdə, həm də ölkə daxilində mütərəqqi ideya kimi qəbul olunan bütün təcrübələr İsmayıllıya gətirilir. Bakının Binəqədi rayonunda reallaşdırılan  Təmiz Binəqədi” layihəsinə qoşulmaq təşəbbüslü toplantının keçirilməsi də həmin mərama xidmət edirdi. Bununla bağlı keçirilən toplantıda çıxış edən  rayon rəhbəri layihə barədə ətraflı məlumat verəndən və günümüz üçün aktual olan təmizlik və sanitariya məsələləri barədə danışandan sonra  “Təmiz İsmayıllı” layihəsinə ilkin hazırlıq işləri və layihənin icra mexanizmi barədə tapşırıqlar verdi.

O qeyd etdi ki, bu gün şəhərimizdə sanitariya-gigiyena  məsələləri heç də ürəkaçan deyil, problemlər olduqca çoxdur. Biz layihəni reallaşdırmaqla həyat tərzimizi sanitariya tələblərinə uyğunlaşdırmalıyıq. İsmayıllı təmiz və sanitar tələblərə cavab verən bir məkana çevrilməlidir. Təbliğat və təşviqat işləri,  geniş maarifləndirmə tədbirləri aparmalıyıq. Bələdiyyə sədri, icra nümayəndəsi bu işdə daha fəal olmalıdır. “İsmayıllı xəbərləri” təbliğat işlərini gücləndirməlidir. Məktəblərimizdə, mədəni-maarif müəssisələrimizdə gənclər arasında geniş iş aparılmalıdır.

...Yazını elə təmizlik məfhumu üstündə yekunlaşdırırıq. Haqqında söz açdığımız rayonun indiki rəhbəri öncə cəmiyyətdə təmizlik, sağlam mühit yaradılmasını  əsas məqsəd kimi ortaya qoydu və yetərincə uğur qazandı. Sonra ekoloji mühitə, yəni rayonun təbiətinə təmizlik gətirilməsi üçün layihələr reallaşdırıldı. İndi isə, növbə məişətdəki təmizlikdi. “Təmiz İsmayıllı” layihəsi bu məqsədə çatmaq üçün atılan ilk addımlardan biridir.  Bir sözlə, “İsmayıllı başdan-başa yenidən qurulur” - deyənlərın qənaətinə biz də qoşuluruq. Elə bu müasirləşmənin, təmizliyin nəticəsidir ki,  İsmayıllı bu gün qonaq-qaralıdır. Həmişə belə olasan, İsmayıllı...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.6.