Metodologiya və sənədlərin tarixdə rolu

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin tarixi simaların, o cümlədən Şah İsmayıl Xətainin şəxsiyyətinin qavranılması və tarixdə roluna həsr olunmuş konseptual məqalələri barəsində mən AMEA Rəyasət Heyətində iki dəfə çıxış etmişəm.

 

Qeyd etmək istərdim  ki, möhtərəm akademikin Azərbaycan tarixinə yetirdiyi xüsusi diqqət yalnız bir elm kimi  tarix üçün deyil, həm də xalqın mədəniyyətinin mühüm bir hissəsi olan  tarix  üçün də çox böyük əhəmiyyət kəsb edir. Bu əhəmiyyət ondan ibarətdir ki, Azərbaycanın tarix elmində, çox hörmətli Ramiz Mehdiyevin düzgün hesab etdiyi və tutarlı dəlillərlə sübuta yetirdiyi kimi,  metodologiya və nəzəriyyənin tarixdə roluna, şəxsiyyətin tarixdə roluna, tarixin əxlaqi-vətənpərvərlik tərbiyəsində, etikada və s. roluna yenidən, yeni bir tərzdə baxmaq lazımdır.  Metodoloji cəhətdən əsaslandırılmış, mənbə-sənədlərə  istinadən təsdiq edilmiş tarix olmadan  tarix fəlsəfəsi, dövlətşünaslıq  və s. ola bilməz. Hər bir tarixi tədqiqat mənbələrin və keçmişin sənədlərinin öyrənilməsi əsasında həyata keçirilir. Onların sistemləşdirilməsi, təhlil və ümumiləşdirilməsi tarixi metodologiyanın mühüm tərkib hissəsini təşkil edir. Lakin  tam dəyərli  metodologiya üçün bu, kifayət deyil.  Bu metodologiyanın nəzəri hissəsi də, yəni  keçmişin  məhz o cür olması səbəblərinin meydana gətirilməsi də gərəkdir.

Onu da qeyd etməyi vacib hesab edirəm ki,  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, möhtərəm  akademik Ramiz Mehdiyevin  məqalələri və “Şah İsmayıl Səfəvi: Tarixi diplomatik sənədlər toplusu”na  geniş müqəddiməsi, Azərbaycanın tarix və hətta  siyasətlə bağlı dairələrində ciddi müzakirəyə səbəb olub ki, bu da, fikrimizcə, heç də  az əhəmiyyətli deyil. Tarix ilə maraqlanmağımız,  təhkiyə kimi tarixdən bir elm kimi tarixə yol açmaq, sıçrayış etmək, topluya girişində akademikin yazdığı kimi, ideoloji maneələrdən azad edilmiş əsrlərin varislilyini, ölkəmizin obyektiv tarixini bərpa etmək istəyimiz çox təqdirəlayiqdir. Tarixin narrativ (ingiliscə “narrative” - rəvayət, təhkiyə, hekayə, povest) şərhi ilə tez-tez rastlaşırıq: bu zaman mətn iradi, müəllif məntiqi cəhətdən məsuliyyətsiz, bir çox şeyləri özündən uydurmuş, sənəd və məxəzlər qərəzlə seçilmiş olur. Əlbəttə, tam bitərəf tarix olmur, lakin hadisələri  onların həqiqətən baş verdiyi kimi təsvir etməyə çalışmaq lazımdır (L.Ranke).

Tərəfli tarixdən  uzaqlaşmaq arzusunun indiki diskussiya iştirakçılarının hazırlıq səviyyəsinə heç də həmişə uyğun olmaması başqa bir məsələdir, lakin müzakirələr nəinki  ustad, qocaman, hətta gənc alimlərin tarixə münasibətində dəyişikliyə təkan verə bilər. Etiraf edək ki, Şah İsmayıl Xətai dövrü sənədlərinin nəşri də eyni məqsədə xidmət edir. Ciddi tarixi tədqiqatlar üçün keçmişin sənədləri çox gərəklidir. Onları  dünyanın hər yerindən tapıb  gətirmək lazımdır. Onlar öz həcminə görə Azərbaycanın, ön sözdə akademik Ramiz Mehdiyev yazdığı kimi, Qədim Mannadan müasir dövrə qədər olan tarixini  əhatə etməlidir. Qeyd edək ki, bu istiqamətdə Heydər Əliyev Fondu, Milli Elmlər Akademiyası tərəfindən xeyli işlər görülür və bu işlər daha da genişləndirilməlidir. Lakin sənəd və mənbələrlə işləməyi, müasir metodlardan faydalanmağı  və bir  çox başqa şeyləri öyrənmək lazımdır və akademik Ramiz Mehdiyev məhz bunu tövsiyə edir.

Müxtəlif səbəblərdən, tarix yalnız elm deyil, onun bizim üçün daha böyük mənası vardır. Təkcə onu xatırlatmaq kifayətdir ki, tarixdən bizə  qarşı yalnız təcavüzkar qonşularımız deyil,  bir çoxları istifadə etməyə çalışırlar. Buna görə də yol verə bilmərik ki, bizim tariximizi subyektiv ruhda saxtalaşdırsınlar, parçalasınlar. Tarix konseptual, inandırıcı, obyektiv tədqiq olunmalıdır. Giriş məqaləsində Ramiz Mehdiyev dəqiq qeyd edir ki, hətta sovet dövründə belə, ideoloji maneələrə rəğmən, bizim ən böyük tarixçilərimiz Azərbaycan tarixinin bir çox problemlərini ciddi surətdə təhlil və dərk edirdilər, ölkədə hamı onları, necə deyərlər, üzdən tanıyırdı, unudulmaz ümummilli lider Heydər Əliyev onları qiymətləndirir və onlara hörmətlə yanaşırdı. Düzdür, o zaman ölkəmizin tarixinə aid sənədləri əldə etmək və  tam dolğunluğu ilə araşdırmaq üçün imkan yox idi,  tarixin bütün əsas dövr və dönüş nöqtələrini obyektivlik ruhunda tədqiq etməyin mümkün olmadığını hələ demirik: buna tarixi şəxsiyyətlərin, ilk növbədə, padşahların, dövlət başçılarının tarixdə rolunun lazımınca dəyərləndirilməməsindən ibarət  məlum  marksizm prinsipi də mane olurdu. Söhbət sovet respublikalarının tarixindən gedən zaman bu, özünü xüsusilə kəskin göstərirdi.

Tarix bizi ya düşünməyə vadar edir, zehnimizi oyadır, milli özünüeyniləşdirmə,  mədəni tərəqqi üzrə səyləri fəallaşdırır və ya təsir altına salır, inkişaf əzmindən  məhrum  edir.  Əlbəttə,  Azərbaycanın hər bir çağı bizim üçün vacibdir, lakin elə xüsusi dövrlər, bifurkasiya, şaxələnmə nöqtələri vardır ki, onlar  sonradan ölkənin, millətin hərəkətini müəyyən edir. Şah İsmayıl hakimiyyətinin bu cür dövrlərini hörmətli akademik son dərəcə dəqiq müəyyən edir. Buna görə də həmin dövrləri obyektiv surətdə, yüksək elmi-metodoloji səviyyədə dərk etmək vacibdir,  lakin  onları bu gün müasir tələb və təmayüllər ruhunda araşdırmağı bacarmağın əhəmiyyəti müəyyən mənada heç də bundan az deyil. Çox vaxt bəziləri Xətaini  tariximizdən ayırmağa, özlərinin siyasi maraqlarından asılı olaraq, bəlkə də, hətta bəzi hansısa kənar, xarici  qüvvələrə xidmət edərək yanlış izah etməyə çalışır və onun dövrünü subyektiv ruhda yozurlar.

Ramiz Mehdiyevin Səfəvi dövrünə aid konseptual tədqiqatı, fikrimizcə, tariximizin bütöv bir proses kimi dərk olunması üçün böyük əhəmiyyət kəsb edir, ideoloji işdə önəmli məqamları düzgün göstərməyə imkan verir. Müəyyən mənada, akademikin  bu toplu üçün yazdığı giriş məqaləsi onun əvvəllər nəşr olunmuş əsərləri  ilə ideoloji-fəlsəfi vəhdət təşkil edir.

Tarixdəki qanunauyğunluqlar onu özünün canlı proses olmasından məhrum etməməlidir. Tədqiqatın obyektivliyi o zaman gerçəkləşdirilə bilər ki, biz onu görə, tarixi şəxsiyyətlərin fəaliyyət prizmasından keçirə bilək. Onlarsız heç bir tarix yoxdur, heç bir tarix elmi də yoxdur. Elə məhz buna görə K.Popper “historicizm”in, yəni teleologiyanın (K. Popperə görə,  istorisizm  cəmiyyətlərin inkişafında onların gələcək tərəqqisini qabaqcadan deməyə imkan verən universal qanunauyğunluqların axtarışı deməkdir) yoxsulluğundan yazırdı. Söhbət şəxsiyyətlərdən gedən zaman, aydındır ki, həm də böyük şahlar, rəhbərlər, hökmdarlar nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, çox vaxt xalqlar arasında onları özlərinin  həmtayfaları sırasına daxil etmək hüququ qazanmaq üçün mübarizə gedir. Lakin bir başçı kimi onların arxasınca izdiham, adamların əksəriyyəti gedir. Əgər insanlar onların, onlardan  ən yaxşılarının arxasınca gedirsə, onlar xalq olur, onlarsız isə kütləyə çevrilirlər.

Tarixin obyektiv başa düşülməsi problemi elmdə  ən çətin,  fənlərarası tədqiqatlar, metodoloji  əsaslar,  mənbə-sənədlər bazası, mötəbərlilik  sınağının keçirilməsini və s. tələb edən problemlərdən biridir. Bəzən multifənlilik ayrı-ayrı elmlər arasında əlaqələr kimi şərh edilir. Amma özlüyündə  fənlərarası olan elmlər vardır  və tarix də onlardan biridir. Onun inkişaf etdirilməsi  riyaziyyat və fəlsəfəni, siyasi və psixoloji qanunları bilməyi tələb edir. Əlbəttə, ki, dünya elmində  böyük tarix öncəsi olan bütün bu məsələləri bir məqalə çərçivəsində şərh etmək mümkün deyil, elə  buna görə də onların bəzi xüsusiyyətləri üzərində dayanmaq istərdim. Tarixin bütövlüyünü, tamlığını görmək, anlamaq alim üçün ən  çətin işdir. Akademik Ramiz Mehdiyev Azərbaycan və dünya  ictimai  elmində  yalnız özünə xas olan bir məharətlə tarixin bütövlüyünü görməyi bacarmışdır. Buna görə də onun əsərləri nəinki gənc, hətta daha yaşlı ictimaiyyatşünas alimləri üçün mühüm əhəmiyyət kəsb edir.

Tarix  onun inkişafı üçün tədqiqatçının ayrı-ayrı hadisələrin şərhindən nəzəri tarixə, onun vahid proses kimi dərkinə keçməyə imkan verən nəzəri-metodoloji yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyi bir elmdir. Akademik Ramiz Mehdiyevin əsərlərini təhlil edərkən biz onun metodologiyasını  təşkil edən üç belə əhəmiyyətli məqamı ayıra bilərik: araşdırma, tənqid, məxəz  və sənədlərin  şərhi. Etiraf edək ki, postsovet məkanında  bir çoxları tarixi hələ də yalnız kiminsə xeyrinə nəql edilə bilən bir hekayə kimi izah edirlər. Belə yanaşma müxtəlif ölkələrin tarixində zidiyyətli məqamlar yaradır.

Tarixçi alim iddia və mülahizələri tənqidi surətdə araşdırmalı, tarixi həqiqəti ortaya çıxarmalıdır. O, bunu vaqifanə, bilik və bacarıqla, yoxlanıla bilən və yalnız yerli olmayan məlumatlardan faydalanaraq edən zaman həqiqi tarix yazılır. Qeyd edək ki, belə tarixçilər XX əsrin ortalarında İngiltərə və Fransada fəaliyyət göstərirdilər. Söhbət  R.Kollinqvud, M.Blok və onların ardıclılarından gedir. Akademik Ramiz Mehdiyevin  tarixi əsərləri də eyni ruhda ərsəyə gətirilib. Bu gün o,  ölkəmizdə və ondan kənarda tarixə multifənli yanaşma həyata keçirən, sənəd və mənbələrin, nəzəri yanaşmaların mötəbərliliyini  tənqidi surətdə yoxlayan nadir  ictimaiyyətşünas  alimlərdən  biridir.

Marksizmin tam hökmranlığı dövründən sonra bəzi alimlər metodologiya anlayışının özündən belə qorxurlar. K. Popper marksist istorisizmini (teleologiyasını) amansızcasına tənqid edirdi. Amma iş bundadır ki,  metodologiya və fəlsəfə, tədqiqatçı tərəfindən bu və ya digər dövrə yanaşma xüsusiyyətlərinin dərki, mənbə və sənədlərə müraciət olmadan tarix yazıla bilməz. Özünə xas yanaşma naminə məxəzləri qiymətdən salmağın, onları saxtalaşdırmağın yolverilməz olduğu isə artıq başqa bir  məsələdir. Ən başlıcası odur ki, tarix bütöv bir proses kimi başa düşülmürsə, inkişaf etmiş ictimai elmin mövcudluğu  mümkün deyil. Polifunksional və çoxsahəli əhəmiyyət və rola malik tarix olmadan keyfiyyətli tarix fəlsəfəsi,  ictimai qanunauyğunluqların dərki və hətta yüksək məziyyətlərə malik ziyalılar da ola bilməz.

Ölkəmizin tarixində belə dövrlər çox olub və bu, başadüşüləndir, çünki o,  tez-tez müxtəlif maraqlar, imperiyalar, dəyərlər, mədəniyyətlər və dinlərin toqquşma meydanı olmuşdur. Səfəvilər imperiyası dövrünün xüsusiyyətlərinin izahı hamımız üçün, milli ideologiya və vətənpərvərlik tərbiyəsi sistemi üçün çox əhəmiyyətlidir. Onlara əhəmiyyət verilmədikdə və ya başqa ölkələrin tarixçilərinin şərhlərindən istifadə edildikdə, ideoloji rəqiblərimizə tarix elmimizin bu və ya digər sənədlərə, mənbələrə malik olmamasından və buna görə bu və ya digər dövrün mürəkkəbliyini dərk edə bilməməsindən istifadə edərək, yetişməkdə olan gənc nəsillərimizə  təsir etmək imkanı verir.

Çox hörmətli akademikimizin qənaətinə görə,  tarix tarixi şəxsiyyətlərin hərəkətlərinin, fəaliyyətinin izahına xüsusi önəm verir. Bu cür şəxsiyyətlər bizim tariximizdə olmuşdur. Onların fəaliyyəti bəzən başqa ölkələrin tarixinin bir hissəsinə çevrilirdi (digər ölkə liderlərinin fəaliyyəti azərbaycanlıların həyatına  birbaşa təsir göstərdiyi kimi). Bu fəaliyyəti biz  həmin topluda nəşr olunmuş  sənədlər əsasında müəyyən mənada yenidən bərpa edə bilərik. Elə məhz bu səbəbdən  Səfəvilər və Böyük Moğolların  Osmanlı sultanları və başqaları ilə yazışmaları bu qədər böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu məxəzlərin elmi dövriyyəyə daxil edilməsi, sadələşdirmələrdən imtinaya məcbur edərək, tarixçilərin işini müəyyən dərəcədə çətinləşdirir. Bu, nə qədər çətindirsə, bizim tariximiz, həmçinin təhsil və təlim sistemlərimiz üçün bir o  qədər vacib, gərəkli və faydalıdır. Axı sənədlərin sayı nə qədər çox olarsa, yalnız tarixçilərin deyil, həm də ideoloqların, müəllimlərin də işi bir  qədər mürəkkəb olar. Buna müqabil olaraq, əgər onlar tarixi bütün unikallığı ilə tədris edərlərsə, tələbələrin vətənpərvərliyi ruhən daha gücü, daha da dərin olar.

Bismark deyirdi ki, biz böyük tarixi hadisə törədə  bilmərik, lakin şeylərin təbii gedişinə  uyğunlaşmalı və  özümüzü artıq yetkinləşmiş şeylərlə təmin etməklə kifayətlənməliyik. Bunu Almaniyanı islahatlar yolu ilə dəyişdirməyə və birləşdirməyə mane olan  Avstriya və Fransanı məğlub edə bilmiş böyük siyasət və dövlət xadimi deyir.

 Azərbaycançılıq məfkurəsinin, böyük şəxsiyyətlərin – Şah İsmayılın, müasir şəraitdə isə ümummilli lider Heydər Əliyev və Prezidentimiz cənab İlham Əliyevin yaşadıqları dövrün və fəaliyyətlərinin təhlili, şübhəsiz, tariximizin şərəfli səhifələrini daha da zənginləşdirəcəkdir.

 

İlham MƏMMƏDZADƏ,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.5.