Prezident İlham ƏLİYEV:

Azərbaycanın çox möhtəşəm

inkişafı hələ qabaqdadır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir ki, bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur... Vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.

 

Ölkə Prezidenti daha sonra demişdir: “Bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyənləşdirərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir...”.

Bu günlərdə isə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaydığı hesabatda bildirilir ki, Avropada iqtisadi böhrandan növbəti dəfə yayına biləcək ölkə ancaq Azərbaycan olacaqdır.

AYİB-in hesabatına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 3,5 faizdən, 2015-ci ildə isə 3 faizdən az olmayacaqdır. Bankın hesablamalarına əsasən, 2014-cü ilin sonuna Ukrayna iqtisadiyyatı 7 faiz azalacaq, gələn il isə bu ölkənin iqtisadiyyatında artım ən yaxşı halda sıfıra bərabər olacaqdır. Xatırladaq ki, Ukrayna Avropa qitəsində yeganə ölkədir ki, 20 il ərzində iqtisadi artımı sıfıra bərabər olmuşdur.

Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatında həmçinin bildirilir ki, bu il Rusiya iqtisadiyyatının artımı da sıfıra bərabər olacaqdır. Yalnız gələn il Rusiyanın iqtisadiyyatında 0,8 faizlik artım baş verə bilər.

Bir müddət bundan əvvəl isə Dünya Bankı (DB) dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə reytinqini açıqlamışdır. DB-nin hesabatına əsasən, Azərbaycan öz iqtisadiyyatının həcminə görə, keçmiş SSRİ-nin 6 ölkəsinin cəmini qabaqlayır və keçmiş sovet məkanında iri iqtisadiyyata malik ölkələr arasındadır. Həmin hesabatda deyilir ki, keçmiş SSRİ respublikaları arasında iqtisadiyyatının həcminə görə Rusiya liderdir. Rusiyanın ÜDM-nin həcmi 2,1 trilyon dollardır. Rusiyadan sonra ən iri iqtisadiyyata malik keçmiş sovet respublikası Qazaxıstandır - 224,4 milyard dollar. Bu göstərici ilə Qazaxıstan adambaşına düşən ÜDM-in həcminə görə orta səviyyəli ölkələri qabaqlamışdır. Qazaxıstan hesabata daxil edilən dünya ölkələri arasında 45-ci yerdədir. Azərbaycan isə 73,6 milyard dollarlıq ÜDM-lə dünya ölkələri arasında 67-ci sırada yer alır. MDB respublikalarından Belarus 73,6 milyard dollarlıq ÜDM-lə Azərbaycandan sonra gəlir. Özbəkistan 56,8 milyard dollarlıq ÜDM-lə Belarusdan bir pillə aşağıdadır. MDB-yə daxil olmayan keçmiş sovet respublikalarından Litvanın 42,3 milyard dollar, Latviyanın 28,4 milyard dollar, Estoniyanın isə 24,5 milyard dollarlıq ÜDM-i var. Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən (135) birindədir. Gürcüstan iqtisadiyyatının həcmi 16,1 milyard dollar, Tacikistan iqtisadiyyatının həcmi cəmi 8,5 milyard dollardır. Qırğızıstanda isə ÜDM daha azdır - 7,2 milyard dollar.

Hesabatdan göründüyü kimi, Azərbaycan iqtisadiyyatı təxminən keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.

Azərbaycan həm də onun torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistandan iqtisadi baxımdan təqribən 7 dəfə qüdrətlidir. Ötən 10 il ərzində Azərbaycan öz iqtisadiyyatını 20 dəfədən çox artırmış və adambaşına düşən ÜDM-in həcminə görə orta gəlirli ölkələrin sırasına daxil olmuşdur.

Mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın sosial-iqtisadi həyatının digər sahələri də müsbət göstəricilərlə diqqət çəkir. Məsələn, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyərək MDB məkanında öz liderliyini qorumuşdur.

Həmin hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə, 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. Xatırladaq ki, 2012-2013-cü illər hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Sözügedən hesabatda ölkəmizin həm də makroiqtisadi mühit göstəricisinə görə 8-ci yeri tutması qeyd edilmişdir. Bu, təsadüfi deyil. Belə ki, hazırda Azərbaycan əksər xarici dövlətlərdən fərqli olaraq investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, respublikamız adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yerdədir.

Xatırladaq ki, Azərbaycanda mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.

Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.

Azərbaycanda neft strategiyasının uğurla davam etdirilməsi, ölkənin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, son illərdə müstəqil Azərbaycan dövləti iqtisadi cəhətdən möhkəmlənərək qüdrətlənmiş və sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq şəkildə büruzə vermişdir. Məhz elə bunun nəticəsidir ki, BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxil edilmişdir. Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrinə diqqət yetirərkən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xüsusilə qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin mövcud bölmədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Belə ki, Azərbaycan dövləti istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentaliteti, milli dəyərləri və xarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da ölkəmizin siyasi modelinin mühüm xüsusiyyətlərindən biridir.

Yuxarıda qeyd edilən məsələ ilə bağlı bir fakta da nəzər salaq. ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. 2013-cü illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində ciddi irəliləyişlərin əldə olunduğu göstərilir.

Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir:"Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqının maraqlarını müdafiə edəcəkdir".

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir.

Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcəkdir.

Göründüyü kimi, müxtəlif amillərin-iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Respublikamızda çox gözəl investisiya şəraiti yaradılmışdır. Bu gün xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə, dinamik iqtisadi inkişafımıza təkan verir.

Bu davamlı inkişaf ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.1.