Prezident İlham ƏLİYEV: Bizim dini

dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra   ölkəmizdə yaranmış anarxiya, xaos və özbaşınalıq digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də qarşıdurma yaratmışdı. Lakin ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna addımlar atıldı.  Yüksək dövlətçilik fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü Vətəninə və xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, dövlət-din münasibətlərinin qorunmasında, mədəniyyətimizin inkişafında,  müstəsna xidmətlər göstərmişdir.

 

Azərbaycanda dini azadlığın və tolerantlığın təməlinin ulu öndər  Heydər Əliyev tərəfindən  qoyulduğu şəksizdir. Din-dövlət münasibətləri sahəsindəki bu düzgün siyasətin daha da inkişaf etdirilməsi ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsində böyük rol oynamışdır. Ümummilli lider Heydər Əliyev demişdir: Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristianlıq və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır”.

Ulu öndər Heydər Əliyevin  müstəqil Azərbaycana rəhbərliyi zamanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün elan edilməsi, Novruz, Qurban bayramlarının, dini adət-ənələrimizin yeni ruhda və dövlət səviyyəsində qeyd olunması  milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəniyyətimizin inkişafına yönəlmiş addımlar idi. Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir.

Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ideyalarını həyata keçirən Prezident İlham Əliyevin dinimizin inkişafı üçün reallaşdırdığı tədbirlər İslam dünyasında da yüksək dəyərləndirilir. Ölkə başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün  dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Bunun nümunəsi olaraq qeyd edək ki, Prezident  İlham Əliyevin qayğısı nəticisində son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmişya əsaslı bərpa olunmuşdur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan  ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev  demişdir ki, bu gözəl ənənənin səbəbkarları – ulu öndər Heydər Əliyev və şeyx həzrətləridir. Dövlətimizin başçısı  din-dövlət münasibətlərinin qurulması və  yaradılmasında  ulu öndərin müstəsna xidmətlərini diqqətə çatdırmışdır. Bu  müdrik  və nəcib bir təşəbbüsün davamı olaraq bu gün ölkəmizdə dövlət-din münasibətləri çox yüksək səviyyədədir. Ölkə başçısı çıxışında  bu məsələyə  də münasibət bildimişdir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir”.

Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə  həmin bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda  ilk növbədə Azərbaycan göz önünə gəlir. Ölkəmizdə bu sahədə keçirilən beynəlxalq miqyaslı tədbirlər də bunu təsdiqləyir. Ölkəmizdə  dinlərarası dialoq çoxdan təmin  olunub. Məhz bunun nəticəsidir ki,  dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri  getdikcə güclənir.  Bunun nəticəsidir ki, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizim ölkəmiz olub.

Hazırkı mərhələdə dünyanın dini liderləri arasında daha çox əməkdaşlığa ehtiyac vardır. Dövlətimizin diqqət və  qayğısı nəticəsində bizdə dini azadlıqlar sahəsində heç bir problem yoxdur. Danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc-yanaşı yaşamasının unikal nümunəsidir.  Respublikamızda müxtəlif konfessiyalar arasındakı münasibətlər həmişə yüksək səviyədə  fərqlənmişdir.  Dini mərasimlərdə və bu istiqamətdə keçirilən bütün  tədbirlərdə, həm Qafqaz Müsəlmanları İdarəsinin sədri, həm Rus Pravoslav kilsəsinin rəhbəri, həm də ölkədəki yəhudi icmasının rəhbərinin  yanaşı dayanmaları və  hər zaman bir mövqedən çıxış etmələri də bunun nəticəsidir.

İki il əvvəl keçirilən dünya dini liderlərinin ikigünlük Bakı sammiti də ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  da həmin sammitin açılış mərasimində iştirak etmişdilər. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

Dinlərarası dialoqa dair mühüm əhəmiyyətli tədbirin Bakıda baş tutması, dünya dini liderlərinin respublikamızda bir araya gəlmələri,  şübhəsiz ki, Azərbaycanın müstəqillik tarixində olduqca dəyərli və unudulmaz bir hadisədir. Belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycan xalqına və dövlətimizin başçısına beynəlxalq aləmdə hörmət və etimadın ifadəsidir.

Dünya dini liderlərinin sammitinin məhz Bakıda keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dinimilli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir.

Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. İslam bizim müqəddəs dinimizdir. Biz öz dinimilli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli ölkədir".

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də  mərasimdə çıxış edərkən  dünyanın dini liderlərinin Azərbaycanda bir araya gəlmələrini ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə qurlması ilə əlaqələndirmişdir. O demişdir: “Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar, din-dövlət məsələləri, millətlərarası, dinlərarası dialoqlar, dünya dini liderlərinin Azərbaycanda görüşü, patriarxların, İslam dini liderlərinin tez-tez Azərbaycana gəlməsi və zati-aliləri ilə görüşməsi bizim üçün fəxarətdir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişaf Fondunun yaradılması bir daha göstərir ki, Azərbaycanda hərtərəfli inkişaf gedir”.

Şeyxülislam  ölkəmizdə dini məbədlərin və  məscidlərin əsaslı təmirinə, əvvəlki görkəmini saxlamaqla yenidən qurulmasına  münasibət bildirərkən bunu dövlət başçımızın milli-mənəvi dəyərlərimizi daim diqqət mərkəzində saxlaması ilə əlaqələndirmişdir: “Heydər Əliyev həzrətlərinin Təzəpirdən, Bibiheybətdən başladığı mənəviyyat yolu bu gün uğurla davam edir. Bakıda Əjdər bəy, Şamaxıda ən qədim Cümə məscidlərinin yenidən inşa olunması, Gəncədə İmamzadə kompleksinin əsaslı şəkildə yenidən qurulması, ən mühümü isə Binəqədi rayonunda yeni, gözəl, ən böyük bir məscidin tikilməsi ilə bərabər, həm də sinaqoqların, kilsələrin, katolikudin kilsələrinin bərpa edilibtikilib dindarların istifadəsinə verilməsi bunun əyani təsdiqidir”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri  sivilizasiyalarası dialoqların yüksək səviyyədə təşkil olunmasında və keçirilməsində, millərlərarası və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılmasında  Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətini yüksək qiymətləndirmişdir: “Əlbəttə, burada Heydər Əliyev Fondunun da gördüyü çox böyük işlər vardır. Fondun prezidenti Mehriban xanım Əliyeva öz zərif çiynində Azərbaycan qədər böyük milli-mənəvi dəyərlərimizə əvvəl həyat verdi, yaşatdı, onu dünya miqyasına qaldırdı və bütün dünyada təbliğ etdi. Bu gün Azərbaycanı yalnız nefti, qazı, qaz kəmərləri ilə deyil, həm də mədəniyyəti, dünyagörüşü, mənəviyyatı, tolerantlığı ilə tanıyırlar. Ona görə də biz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma, fondun vitse-prezidenti Leyla xanıma və bütün işçilərinə Allah-Təaladan xeyir dualar diləyirik".

İftar süfrəsində iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr və Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək ayrı-ayrı xalqların dini icmalarının Azərbaycanda mehriban yaşamalarına görə minnətdarlıqlarını bildirmişlər. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev demişdir ki, biz – əsrlər boyu bu torpaqda yaşamış dağ yəhudiləri bu xalq ilə doğmalaşıb, qardaşlaşmışıq. O demişdir: “Allah-Təala bizə qismət etsin ki, yaxın zamanlarda Azərbaycanın dövlət bayrağı gözəl Qarabağımızda dalğalansın”.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.3.